XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İnsanları Bayram Nurluya möhtac qoyanlar...

İnsanları Bayram Nurluya möhtac qoyanlar...

İnsanları Bayram Nurluya möhtac qoyanlar...
8-06-2020, 12:47

"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin xaricdəki mülklərinin siyahısı açıqlanıb. Sən demə, Əhməd müəllimin oğlunun və kürəkəninin İngiltərə, Çexiya və Türkiyədə 3 böyük şirkəti, bir neçə oteli, çoxlu sayda restoranı varmış. Mən əminəm ki, mətbuata məlum olmayanlar bundan iki dəfə çoxdur.

Biz ötən günlərdə İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin də sahib olduğu mülklərin siyahısı ilə tanış olduq. Kimin həvəsi varsa, araşdırsın; Hacıbala Abutalıbovun sərvəti Vilaymın sərvətindən azı yeddi dəfə çoxdur.

Ziya Məmmədovun sahib olduğu şirkətlərin, Azərbaycanda və xaricdə aldığı otel və restoranların siyahısı ona görə açıqlanmır ki, onları yazıb qurtarmaq mümkün deyil. Zakir Qaralova məxsus olan daşınmaz əmlakın siyahısı efirdə səslənsə, bezib kanalı dəyişərsiniz.

Oqtay Şirəliyev işdən çıxandan sonra onun da əmlakı üzə çıxacaq. Çoxillik jurnalist təcrübəsinə malik olan bir adam kimi sizi əmin edirəm: Şirəliyevin mülklərinin sayı Azərbaycandakı xəstəxanaların sayından çoxdur.

Söhbətimizin mövzusu kimin nə qədər var-dövlətə, sərvətə sahib olması deyil. Azərbaycanda heç bir məmur axşam qonşusundan çörək istəmir. Söhbət bu adamların Azərbaycan vətəndaşlarını bir tikə çörəyə möhtac qoymasından gedir.

Tanınmış fitness məşqçisi Kamil Zeynallı ötən həftə redaksiyamızın qonağı idi. O, yerini rahatlayıb, fincanda buğlanan çaydan bir qurtum içəndən sonra belə dedi: “Televiziyada göstərilənlərə inanmayın. İnsanlar yeməyə quru çörək tapmır”.

Karantin müddətində aktiv fəaliyyət göstərdiyi üçün Kamil bu həqiqətlərdən indi xəbər tutub. Mən isə 22 ildi Azərbaycanda məmur ordusunun zəli kimi büdcəyə daraşdığını yazıram. Üstəlik, nəsil-nəcabəti köçkün olan bir adam kimi Azərbaycanda insanların necə acınacaqlı vəziyyətdə yaşadığını yaxşı bilirəm. Amma söhbətimizin mövzusu bu da deyil. Sizi intizarda qoymayıb, mətləbə keçirəm.

Bir həftədir telefonum susmur. Hamı Kamil Zeynallının nömrəsini istəyir. Səbəbini yazmağa ehtiyac var? Kamil karantin müddətində 20 mindən çox ailəyə ərzaq yardımı göstərib. İnsanlar Kamilin onlara da yardım etməsini istəyirlər. Kamil Zeynallı heç kimə ev almır, maşın bağışlamır. Kamilin bağışladığı qutuda 1 litr duru yağ, vermeşel, makaron, qarabaşaq, un, 1-2 kiloqram kartof-soğan olur. Zənglərin, sosial şəbəkələrdə yazılan şərhlərin, edilən müraciətlərin sayı göstərir ki, bu ölkədə makarona, vermeşelə, qəndə, çaya möhtac olan milyonlarla insan var. Bu ölkədə 10 manat pulu müqəddəs varlıq kimi öpüb gözünün üstünə qoyan yüz minlərlə kasıb adam var. Çünki onlara çatmalı olan vəsaiti Əhməd Əhmədzadə, Zakir Qaralov, Hacıbala Abutalıbov, Vilyam Hacıyev, Oqtay Şirəliyev kimi korrupsionerlər xaricə daşıyıblar. Buna görə də onların milyonluq mülkləri olduğu halda bu adamların başlarını soxmağa toyuq hinləri də yoxdur.

Əhmədzadələr milyonları mənimsədikləri üçün insanlar gözlərini falçı Bayramın əlinə dikiblər. Milyonlarla insanı Bayram Nurluya möhtac qoyan bu adamların özlərini quru çörəyə möhtac qoymaq lazımdır.
Seymur VERDİZADƏ //yenisabah.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.