XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » KARANTİN REJİMİ SƏRTLƏŞDİRİLMƏZSƏ... - "Gündəlik 500-600 xəstə ilə üz-üzə qala bilərik"

KARANTİN REJİMİ SƏRTLƏŞDİRİLMƏZSƏ... - "Gündəlik 500-600 xəstə ilə üz-üzə qala bilərik"

KARANTİN REJİMİ SƏRTLƏŞDİRİLMƏZSƏ... - "Gündəlik 500-600 xəstə ilə üz-üzə qala bilərik"
4-06-2020, 16:21

Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının kəskin artması karatin qaydalarının yenidən müəyyən qədər sərtləşdirilməsi haqda qərarın verilməsi , maska taxılmamasına görə cərimələrin tətbiq edilməsi ilə nəticləndi. Bununla bağlı Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də əhaliyə müraciət edib.
Müraciətdə Baş nazir koronavirusla mübarizə istiqamətində hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüdüyünü qeyd edərək, əsas məqsədin vətəndaşlarımızın sağlamlığının və həyatının qorunması olduğunu vurğulayıb.

Ancaq son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədiyi və bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artdığı vurğulanıb.


Bu na görə də hökumətin qaydalarının yenidən müəyyən qədər sərtləşdirilməli olduğunu vurğulayıb

“Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir”- deyə Baş Nazirin açıqlamasında bildirilib.

Qeyd edək ki, hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılırdı.

Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlandı.

Bu barədə hələ 1 ay əvvəl Operativ Qərərgah xəbərdarlıqla çıxış etmişdi. O zaman rəsmi şəkildə bəyan edilmişdi ki, karantin rejiminə laqeyid münasibət, qaydalara əməl olunmaması, vətəndaş məsuliyyətsizliyi ölkədə epidemoloji vəziyyəti ağırlaşdıra bilər. Ki, bu da hökuməti fövqəladə hal rejiminə qədər sərt karantin rejimi elan etməyə vadar edə bilər.

Təəssüf ki, vaxtında verilən bu açıqlamalar cəmiyyətdə adekvat reaksiya doğurmadı. Ölkədə qısa müddətdə virusa yoluxanların sayının 6 minə yaxınlaşması, yüz minə yaxın insanın karantin şərtlərini pozduğuna görə cərimələnməsi verilən qərarlara vətəndaş məsuliyyətsizliyinin bir göstəricisi saymaq olar. Doğrdur, bu mənzərinin ortaya çıxmasında subyektiv amillər də yox deyil. Bəzi dövlət və özəl qurumların hökumətin qoyduğu karantin rejiminə doğru-dürüst əməl etməməsi də pandemiyanın daha geniş vüsət almasının əsas səbəblərindən biridir.

Prezident cəmiyyətə hansı mesajları verdi?

Ölkə başçısı İlham Əliyev dünən Tərtər, Ağcabədi rayonlarına səfəri zamanı qoruyucu maskadan istifadə etməsi də ölkədə epidemoloji vəziyyətin ağırlaşdığını göstərən, eyni zamanda vətəndaşalara qoruyucu vasitələrdən istifadə olunmasının nə qədər zəruri olduğunu göstərən ciddi mesaj idi.

Bu mesaj ünvanına necə çatıb, maska taxmamağa görə cərimə tətbiqi effektlidirmi? Bu gün paytaxtda müşahidə etdiyimiz mənzərə onu deməyə əsas verir ki, nəhayət vətəndaşlar vəziyyətin ciddiliyini anlamağa başlayıblar. İctimai nəqliyyatda, ticarət obyektlərində, park və xiyabanlarda bir nəfər də maskasız insan görmədik.

Amma sosial məsafə saxlamaq tələbinə təəssüf ki, hələ də ciddi əməl olunmur. Bankların flialları qarşısında uzun növbələr yaranmışdı, əvvəlki sıxlıq, basabas hökm sürürdü. Qarşıdakı günlərdə bu problemlərin də yoluna qoyulmasına ehtiyac var.

Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.

Həftə sonları ciddi karantin rejiminin tətbiqi də məhz vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.

Ekspertlər də vəziyyətin sürətli dəyişməsi, yoluxmanın, ölüm hallarının azalması üçün Operativ Qərargahın tələb və tövsiyələrinə riayətetməyin zərui olduğunu bildirirlər. Bu zaman koranavirusla mübarizədə uğur qazanan ölkələrin təcrübəsinə istinad etməyi tövsiyə edirlər. Avropada yoluxmanın tüğyan etdiyi, ölüm hallarının 40 minə çatdığı ölkələrdə bu gün artıq-tək-tük insan itkisi baş verir.

Məlumdur ki, təhlükəli virusa qarşı peyvəndlər, vaksinlər yoxdur. Bu naliyyətlər isə sərt qaydalar, cərimələr tətbiq etməklə yanaşı ona ciddi əməl edən vətəndaşların məsuliyyətli davranışları sayəsində əldə olunub.

ÜST-dən həyəcanlı çağırış

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge bildirib ki, yeni növ koronavirus infeksiyasını. yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər.

“Məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı artdıqca COVID-19-un yenidən alovlanması təhlükəsi yaranır”, - deyə o vurğulayıb.

H. Kluge qeyd edib ki, hazırda vəziyyət ilin əvvəli ilə müqayisədə heç də yaxşı deyil: “Bizim hələ də COVID-19-la mübarizə ilə bağlı nə peyvəndimiz, nə də müalicə üsulumuz var”.

İndi Azərbaycan cəmiyyəti vacib sınaq qarşısındadır. Qarşıdakı günlərdə karantin rejimi daha sərtləşdiriləcək, şənbə və bazar günləri küçəyə çıxmaq tamamilə qadağan olunacaq. Yeni qaydalara tam əməl etmək ölkədə koronavirus infeksiyasının yayılmasını yenidən nəzarət altına alınmasına səbəb ola bilər.

Rəşad Mahmudov: "Operativ Qərərgahın qərarlarını tam dəstəkləyirəm"

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov jurnalistlərə açıqlamasında təəssüflə bildirir ki, həm ekspertlər, həm Operativ Qərargah tərəfindən dəfələrlə xəbərdarlığına baxmayaraq, fərdi gigiyenik qaydalara, ictimai ortamlarda insanların bir-birinə qarşı olan münasibətlərində yeni çağırışlara riayət olunması kimi hadisələrə cəmiyyətin böyük bir hissəsindən müsbət cavab verilmədi: "Əfsuslar olsun ki, son 10 gün ərzində yoluxma sayı getdikcə artdı. Onun üçün də mən bu gün birmənalı olaraq Operativ Qərargahın ən azından hələ ki, həftə sonları üçün vermiş olduğu bu qərarı tam dəstəkləyirəm”.

. Mahmudov tibbi nöqteyi-nəzərdən küçəyə çıxma qadağası ilə bağlı qərarın vacib olduğunu vurğulayıb: “Bunu etmədiyimiz zaman hər nə qədər insanlar bu məsələlərə şübhə ilə yanaşmalı olsa da , biz daha böyük fəsadlarla qarşılaşa bilərik. Bu fəsadlar sadəcə insanların həyatının itirilməsi və onların həyatı üçün təhlükə yaranması deyil. Bu həm də Azərbaycan səhiyyə sisteminin hər nə qədər gücləndirilmiş iş rejimində olsa belə, sisteminin çökməsinə qədər gətirib çıxa bilər. Bunu biz digər ölkə nümunələrinin təcrübəsində gördük. Ən başda da səhiyyə sisteminin və xəstəxanaların bu xəstələrlə dolması ikinci bir böyük problem yaradır. Bu gün çarəsi olan xəstəlikdən əziyyət çəkən problemlərin Azərbaycan səhiyyəsi həll edə bilmədiyi üçün bu dəfə başqa problemləri məsələn, ürəyin işemik xəstəliyindən, insultdan tutmuş qeyri-infeksion xəstəliklərdən ölümlərin sayının artmasına səbəb ola bilər. Ona görə də, birmənalı olaraq mən bu gün atılan bu addımı dəstəkləyirəm. Hər bir vətəndaş öz məsuliyyətini dərk edərək hadisəyə reaksiya verməlidir. Biz birlikdə dövlətin atmış olduğu addımlara, fərdi gigiyenanı sadəcə bədənimizdə deyil, beynimiz üzərində çalışdığımız zaman birlikdə bu virusa qalib gələ bilərik. Belə olan halda, təhlükədən daha az itkilərlə ölkə və cəmiyyət olaraq uzaqlaşa bilərik”.

Adil Qeybulla: "Bir nəfərin bir saniyədə 5-6 nəfəri yoluxdurma potensialı var"

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə mediaya bildirib ki, insanlar bir ay müddətində tətbiq edilən karantin qaydalarına lazımınca əməl etmədilər: "SMS icazəsinin qüvvədə olduğu vaxtı camaat bir-birinə qonaq gedir, həyətlərdə samovar qalayıb domino oynayır, sıx təmas saxlayırdılar. Baxırdın ki, hər kəs liftdən istifadə edir. Bütün bunlar isə xeyli yoluxmaya səbəb oldu. Bu gün açıqlanan rəqəmlər də əslində həmin zamanlarda yoluxanların sayıdır. Karantin rejimi yumşaldılandan sonra da insanlar situasiyanı iqnor etdilər. Heç kim sosial məsafə saxlamır. Bu isə daha çox yoluxmaya səbəb ola bilər. İndiki halda karantin yumşaldılsa da, qaydalara əməl etmək lazımdır. İnsanları uzun müddət bir yerdə saxlamaq isə doğru deyil. Əslində bütün dünya bu qaydalara əməl etməlidir. Tənəffüs qaydası ilə keçən xəstəlikdir və yoluxmayan şəxslər hər zaman yoluxma təhlükəsi ilə üzbəüzdür. Bu baxımdan da kollektiv immunitetin yaranması istiqamətində və müəyyən zaman qazanmaq üçün karantin davranışlarına riayət etmək lazımdır. Karantin qaydaları ayrıdır, davranışları isə başqa. Davranış dedikdə biz maska taxmaq, sosial məsafə gözləməyi nəzərdə tuturuq. Eyni zamanda əllər də sabunla yuyulmalı, dezinfeksiya edilməlidir”.

A.Qeybulla hesab edir ki, karantin qaydaları yenidən sərtləşdirilməsi zəruru idi: “Sosial həyat əvvəlki kimi davam etsə də, insanlar bir müddət mütləq maska taxmalı, sosial məsafə saxlanılmalı, gigiyena qaydalarına ciddi riayət edilməsi zərurəti yaranmadılır. Əgər bunu etməsək ətrafdakılar üçün problem yaradarıq. Müəyyən mütəxəssislər insan psixologiyasına təsir etməyin yolunu tapmalıdır. Vətəndaş məsuliyyətsizliyi sosial şəbəkələrdə də hiss olunur. Onlar virusun olmasına adekvat yanaşmırlar”.

Adil Qeybulla bildirib ki, insanlar qaydalara əməl etməzsə, gündəlik yoluxma sayı 500-600 nəfəri keçə bilər: “Doğrudur, biz deyirdik ki, mayın sonuna qədər Azərbaycanda yoluxma başa çatacaq. Çünki ötən ay tendensiya buna doğru gedirdi. Ancaq bir müddətdən sonra sərt karantin tədbirləri fonunda SMS icazələri ortaya çıxdı. Bununla da insanlar başladılar qaydaları pozmağa. İndi də əksəriyyət çölə maskasız çıxır, sosial məsafə də saxlamır. SMS icazələri dövründə də eyni davranış olub. Bütün bunlarla biz infeksiyanı lokallaşdıra bilmərik.

Çinin Uhan şəhərində gördük ki, qısa müddət ərzində infeksiya lokallaşdırıldı. Bu virus bütün Çin boyu yayılsaydı nə baş verərdi? İndi ikinci dalğa yaşanır. Əgər insanlar bu cür davranış sərgiləsələr, gündəlik 500-600 xəstə ilə üz-üzə qala bilərik. Bu, böyük itkilər deməkdir. Faktiki olaraq belə olarsa, regionlara da infeksiya yayılacaq. Təbii ki, qeyd etdiyimiz vəziyyət acınacaqlı duruma gətirə bilər”.

Professor vurğulayıb ki, bugünkü artım tendensiyası insanların qoyulan qaydalara düzgün riayət edilməsi nəticəsində azala bilər: Xaricdən gələn vətəndaşların sayı ölkə daxilində olan xəstə insanların sayından olduqca aşağıdır. Bir nəfərin bir saniyədə 5-6 nəfəri yoluxdurma potensialı var. Ona görə də insanların biganə davranışını qınamalıyıq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.