SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Eldar Əzizovun ayırdığı pullar Bakının qaranlıq küçələrini niyə işıqlandırmır?

Eldar Əzizovun ayırdığı pullar Bakının qaranlıq küçələrini niyə işıqlandırmır?

Tarix:

2-06-2020, 12:13

/ 940 dəfə oxundu.
Eldar Əzizovun ayırdığı pullar Bakının qaranlıq küçələrini niyə işıqlandırmır?

Eldar Əzizovun 2018-ci ilin noyabrında Bakı şəhər İcra Hakimiyyıtinin başçısı təyin edilməsi bir çoxlarının düşündüyü kimi şəhər təsərrüfatının işində heç bir dönüş yaratmadı.Eldar Əzizov hələ Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edərkən özünə yaxın adamları artıq İcra Hakimiyyətinə toplamağa başlamışdı.Vəzifəsinin icrasına başlar-başlamaz Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumlarda yoxlamalar apartdıran Eldar Əzizovdan ciddi tədbirlər gözlənildiyi halda bir neçə nəfərdən başqa bu gün hamı əvvəlki kimi işinin başında durub istəklərini həyata keçirməkdədirlər. Eldar Əzizov isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olarkən ətrafına topladıqlarına bu gün Bakı şəhər İcra Hakimiyyətində müxtəlif gəlirli yerlərdə vəzifələrə yerləşdirməklə məşğuldur.

2018-ci ildə Hesablama Palatası tərəfindən fəaliyyətində ciddi nöqsanlar aşkar olunmuş “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin rəisi Məhərrəm Babayevı əvəz edən Təyyar Abdullayevin ötən ilin noyabr ayında Eldar Əzizov tərəfindən təyin edildiyi vəzifədən tez bir zamanda kənarlaşdırılması hələ də qaranlıq olaraq qalmaqdadır.Bəs sözügedən müəsisisəyə yeni təyin olunmuş Eldar Eldarov kimdir?

Eldar Eldarovun kimliyinə keçməzdən öncə rəhbərlik etdiyi qurumun fəaliyyət dairəsinə diqqət yetirmək istərdik. “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin əsasnaməsində məhəllədaxili yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılmasına nəzarət funksiyasını yerinə yetirən bir qurumdur. Bundan əlavə qurum həm də Bakı şəhər İcra Hakimiyyətində ən çox dövlət vəsaiti ayrılan və ən çox da dövlət vəsaitinin mənimsənildiyi bir yerdir. Bu barədə 2018-ci ilin noyabrında Hesablama Palatasının yoxlamasından sonra dövrü mətbuatda ətraflı şəkildə məlumat verilib. Biz onlara bir daha qayıtmaq istəməzdik.Biz köhnə yeyeintilərdən deyil, təzə mənimsəmələrdən bəhs edəçik.Sadəcə Hesablama Palatasının hesabatında göstərilən bir məsələ ilə başlamaq istərdik.

“2017-ci ilin yanvar-aprel aylarında 14 halda dövlət satınalmaları tətbiq edilmədən müxtəlif icraçılardan birbaşa bağlanılmış müqavilələrə əsasən mal-materialların alışı həyata keçirilib, müəssisə tərəfindən keçirilən satınalmalar zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən tender təklifinin təminatı alınmayıb…”

Aktualinfo.org bildirir ki,“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən 16.03.2020-ci il tarixdə elan olunmuş işıqlandırma üçün lazımi mal-materialların alınması üzrə tender zərfi 22.05.2020-ci il tarixdə açılıb və “İNTERKABEL” Firması ilə 2993557.93 manat məbləğində müqavilə bağlamışdır. Demək olar ki,3 milyon manat dəyərində tenderin qalibi olmuş bu firma haqqında nə demək olar?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “İNTERKABEL” Firması 16.09.1997-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat,hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov, ev 5A göstərilib. Açıq internet resuslarında nə MMC, nə də qanuni təmsilçisi barədə əlavə heç bir məlumat əldə edə bilmədik Yalnız elan saytlarının birində MMC nin rəhbəri Fəxrəddin Ələkbərov göstərilib.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən keçirilmiş digər tenderlərə nəzər salaq. 31.07.2019-ci il tarixdə işıq dirəkləri və onun hissələrinin alınması üzrə “AZ İNVEST1” MMC ilə müəsisiə arasında 48337.52 manat məbləğində müqavilə bağlanmışdır. Müqavilədə podratçı MMC-yə məxsus olduğu göstərilən VÖEN (9900013961) “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə (Təşkilat VOEN: 9900013961) məxsusdur. Ümumiyyətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında “AZ İNVEST1” MMC barədə heç bir məlumat yoxdur. Çox qəribədir ki,“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi Binəqədi rayonu, Biləcəri qəs., Y.Hüseynov küçəsi 45-də yerləşdiyi halda kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda Bakı şəhəri Nəsimi rayonu, Azasdlıq pr.., ev 74 göstərilib.Bu ünvan çox güman ki, müəssisənin əvvəlki ünvanıdır. Çünki vaxtı ilə Azadlıq prospektində yerləşən müəsisiə bir,ya iki olar Biləcəri qəsəbəsində yerləşən yeni ünvana köçüb. Qanuni təmsilçisinin isə Eldarov Eldar İbadulla oğlu olduğu göstərilib.Məlumatlara görə bu,milliyətcə ləzgi olan, ötən ilin noyabrında Eldar Əzizovun əmrinə əsasən, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktor təyin olunmuş Eldar Eldarovdur.Bu isə ötən ilin iyulunda keçirilmiş tenderin qalibi Eldar Eldarovun idarəyə hələ müdir təyin olunmamışdan İcra başçısı adaşı ilə işbirliyinə bir nümunədir.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən keçirilmiş köhnə,yəni artıq pulu yeyilmiş tenderlər də olduqca maraqlıdır.08.04.2019-cu ildə “Xəzər Elektrik” MMC ilə 1 400 357,92 manat məbləğində müqavilə bağlanmışdır.Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “Xəzər Elektrik” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.05.2005-ci ildə dövlət qeydiyyatına alınıb.Qanuni təmsilçisi Abdulaziz Alkılıç İbrahim olan MMC-nin nizamnamə kapitalı 10 manat,hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül şossesi, ev 2082-ci məhəllə göstərilib.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən elektron satınalmaların portalında yerləşdirilmiş bildirişə görə müəssiə 08.04.2019-cu ildə “Aktif Elektrik” MMC ilə 1 862 942.70 manat məbləğində müqvilə bağlanmışdır. Adıçəkilən MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.06.2017 ci ildə dövlət qeydiyyatına alınıb.Qanuni təmsilçisi Hüseynov Mahir Ədalət oğlu olan MMC-nin nizamnamə kapitalı 1672500.00 manat,hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, NƏCƏF NƏRİMANOV, ev 5A, mənzil 25 göstərilib. 22.05.2020-ci il tarixdə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən qalib elan olunmuş “İNTERKABEL” Firmasının da bu ünvanda yerləşməsi tender prosedurlarının bir nəfər tərəfindən idarə olunmasını deməyə əsas verir.

Qeyd edək ki,”Aktif Elektrik” MMC-nin 15.05.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində İnzibati Xətalar Məcəlləsnin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə muvafiq mallar idxal edilmədikdə, işlər görulmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən məhkəməyə cəlb olunması barədə elektron məhkəmə portalında məlumatlar var. Bu da MMC-nin öhdəliklərini yerinə yetirə bilməməsinə bir işarədir.“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin tenderin keçirilməsində yol verdiyi bu kimi çatışmamazlıqları görməməsi, və yaxud da göz yumması bu prosedurun da qeyri şəffaf keçirilməsinə bir işarədir.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən 18.03.2019-cu ildə keçirilmiş başqa bir tenderin qalibi isə “CBG Service-CR” MMC olub və tərəflər arasında 49 649.68 manat məbləğində müqavilə bağlanmışdır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “CBG Service-CR” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsndə 28.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Qanuni təmsilçisi Sementsov Vladimir Alekseyeviç olan MMC-nin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Quba rayonu, Amsar kəndi göstərilmişdir.Lakin Mərkəzi Seçki Komissiyasının seçicilərin adbad siyahısında sözügedən şəxsin həmin kənddə daimi qeydiyyatda olmadığı aşkarlandı,adına rast gəlinmədi.

Aktualinfo.org-un apardığı araşdırmalara görə 2019 cu ildə müəssisə təkcə iki MMC ilə ümumi dəyəri 3 263 300 manat olan müqavilələr bağlayıb. 2018 ci ilin aprel ayında da Bakı şəhərində küçələrin,məhəllədaxili yolların və həyətlərin işıqlandırılmasının yaxşılıaşdırılması məqsədi ilə 2 milyon 999 min 994 manat (1 milyon 764,7 min dollar) ayrılmışdır.Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Bakı şəhərinin küçə işıqlandırması dövlətə 1 milyon 134 min manata (667,1 min dollar) başa gəlmişdir.2020 ci ildə isə bu məqsədlər üçün yenidən 2 993 557.93 manat dövlət vəsaiti ayrılıb.Eldar Əzizovun Bakı şəhər İcra Hakimiyyətində 2018-ci ilin iyul ayından birinci müavin kimi rəhbərliyə başladığı dövrdən bu yana,yəni iki il ərzində paytaxtda küçə və məhəllələrin işıqlandırılması işlərinə 9 milyon 250 min manat dövlət vəsaiti xərclənib.Bəs görəsən, Bakı şəhərinin mərkəzi küçələri istisna olmaqla digər məhəllədaxili yolları və məhəllələri nə üçün zülmət,qaranlıq içindədir?

Şərhlər

XƏBƏR LENTİ