Baş Prokurorluq: beynəlxalq axtarışda olan vəzifəli şəxsin işi məhkəməyə göndərilib
Bankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilmişdir
Astara rayon İcra Hakimiyyəti başçısının (RİHB) Şahağacı kəndi üzrə icra nümayəndəliyinin mühasibi vəzifəsində işləmiş Vasif Bağırovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.
Aparılmış istintaqla Vasif Bağırovun “Bank Respublika” ASC-nin Astara filialının müdiri vəzifəsində işləmiş Rövşən Quliyev, Astara RİHB-nin Şahağacı kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olaraq rayonun Şahağacı, Şiyəkəran, Kolatan, Siyəkü və Kakolos kəndlərindən olan 61 sakininin adlarına ayrı-ayrı məbləğlərdə kreditlər götürərək “Bank Respublika” ASC-nin ümumilikdə 141 min manat məbləğində əmlakını mənimsəməsinə, bundan başqa vəzifə saxtakarlığı edərək 61 kənd sakini və Bank Respublika” ASC-nin ümumilikdə 37.100 manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranmışdır.
3 fevral 2018-ci il tarixdə “Bank Respublika” ASC-nin Astara filialının müdiri Rövşən Quliyev və qeyrilərinin Cinayət Məcəlləsinin 179.3.2 (küllü miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilmişdir.
Vasif Bağırov istintaq orqanından qaçıb gizləndiyindən cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılaraq istintaqı aparılmış və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir.
25 aprel 2019-cu il tarixdə Vasif Bağırov Rusiya Federasiyasının İrkutsk vilayətində tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmiş və ona Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.
Cinayət işi üzrə istintaq 25 may 2020-ci il tarixdə tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.