SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahibkar SOCAR-ın əməkdaşlarının özbaşınalığından prezidentə şikayət etdi

Sahibkar SOCAR-ın əməkdaşlarının özbaşınalığından prezidentə şikayət etdi

Tarix:

12-05-2020, 12:03

/ 1 046 dəfə oxundu.
Sahibkar SOCAR-ın əməkdaşlarının özbaşınalığından prezidentə şikayət etdi

Özlərini Dövlət Neft Şirkətinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs sahibkarın mülkiyyətini dağıdaraq 15 nəfərin çalışdığı iş yerini bağlayıblar…
Kiçik sahibkar Babyev Tərlan Tofiq oğlu özlərini Dövlət Neft Şirkətinin əməkdaşları kimi təqdim edən bir qrup şəxsin qanunsuz özbaşınalığına məruz qalıb. Üzləşdiyi qanunsuzluqla bağlı PİA.az-a müraciət edən sahibkar saytımız vasitəsi ilə səsinin Prezidentə çatdırılmasını istəyir. Ölkə prezidenti İlham Əliyevə ünvanlanmış müraciətdə deyilir:

“Bildirirəm ki, mən Babayev Tərlan Tofiq oğlu 2014-cü ilin yanvar ayından Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində ümumilikdə 0,32 ha olan torpaq sahəsini icarə hüququ əsasında 99 il müddətinə icarəyə götürmüşəm. İcarə hüququ Abşeron rayonu üzrə DƏDRX-də qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Bundan sonra isə icarəyə götürülmüş torpaq sahəsində xırda sahibkar kimi tikinti materiallarını (çınqıl, qum) mövsümi və pərakəndə alqı-satqısı ilə məşğul olmağa başlamışam. Qeyd edilən fəaliyyətin həyata keçirilməsində məndə başqa 15-ə yaxın işçi çalışmaqdadır.

Bundan əlavə, müvafiq qaydada nəzərdə tutulmuş vergilər tərəfimizdən vaxtaşırı Dövlətin və bələdiyyənin büdcəsinə ödənilir.
Qeyd edilənlərə baxmayaraq, son vaxtlar, əvvəllər də bir neçə dəfə olduğu kimi sahibkarlıq fəaliyyətimin həyata keçirilməsinə süni maneçilik törədilir. Belə ki, sözügedən ərazinin sanitar-gigiyenik qaydalara uyğun olaraq qorunması məqsədilə 2 ay bundan qabaq hasara alınma işləri görülmüşdür. 05 may 2020-ci il tarixində saat 11:00 radələrində özlərini Dövlət Neft Şirkətinin əməkdaşları kimi təqdim etmiş bir qrup şəxs hüquq və əxlaq normalarına zidd şəkildə (nümayişkəranə surətdə) həmin əraziyə “basqın” edərək 2 ay bundan qabaq tikilmiş hasarı söküb dağıtdılar. Ona görə əxlaq normalarına zidd şəkildə olmasını xüsusilə vurğulayıram ki, həmin şəxslər bizdən əvvəlcədən xəbərdarlıq edərək hasarı sökməyi tələb etsə və bunun qanuni səbəbini izah etsəydilər, biz dərhal həmin göstərişi yerinə yetirərdik.

Möhtərəm prezidentimiz!

Nəzərinizə çatdırım ki, həmin ərazidə hasarlama işlərini görərkən də bizə heç bir xəbərdarlıq edilməmişdi. Lakin həmin şəxslər xüsusi mülkiyyətimə olan qəsdlərini dayandırmamış, heç bir qanuni əsas bildirmədən və xəbərdarlıq etməsdən hasarı söküb dağıtmış, hətta orada çalışan işçilərimi söyüb-təhqir edərək xəsarət yetiriblər.

Hansı vaxtdan xüsusi mülkiyyətə müdaxilə Dövlət Neft Şirkətinin işçilərini səlahiyyətinə aid edilib?! Mülkiyyətə daxil olma və hansısa müdaxilə yalnız məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Cənab Prezident, göründüyü kimi bu şəxslərin törətdikləri əməldə bir neçə cinayət tərkibi vardır. Bizlərə məlum olduğu kimi, Siz ölkəmizdə sahibkarlığın inkişafını daim diqqət mərkəzində saxlayır və bunun üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin edirsiniz. Son dövrlər biznes mühitinin inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması da Sizin bütün çıxışlarınızda prioritet məsələ kimi qaldırılmış və bununla bağlı aidiyyatı qurumlara tərəfinizdən göstərişlər verilmişdir. Mən də Prezidentimizin bu qayğısı və diqqətindən bəhrələnərək, ölkəmizdə yeni iş yerlərinin açılmasına və sağlam biznesin həyata keçirilməsinə öz imkanlarım daxilində yardımçı olmağa çalışıram. Lakin təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim bəzi qanunsuz müdaxilələr həmin işlərin həyata keçirilməsində süni əngəllər yaradır.

Möhtərəm Prezidentimiz!

Sizdən xahiş edirəm, mülkiyyətimə olan bu cinayətkarcasına qəsd nəticəsində bizə dəymiş zərərin əvəzinin ödənilməsinə və təqsirli şəxslərin cəzalandırılmasında mənə köməklik göstərəsiniz.

Böyük hörmətlə kiçik sahibkar Babyev Tərlan Tofiq oğlu”.

Redaksiyadan: Bundan əvvəl də bu kimi hadislərin yüzlərlə, bəlkə də minlərlə qurbanlarının olduğunu bilirik. Maraqlıdır ki, icra hakimiyyətlərinin, müxtəlif dövlət qurumları sahibkarların qanuni iş yerlərini və mülkiyyətlərini söküb dağıtmaları ilə bağlı mətbuatda, sosial şəbəkələrdə çoxlu şikayətlər yayımlanıb. Azərbaycan hüquqi dövlət olduğu halda bu zorakılığı həyata keçirən dövlət qurumları məhkəməyə mütaciət etmədən sahibkarların iş yerlərini dağıdırlar və bu çoxdan bir ənənə olaraq qəbul edilir. Qeyd edək ki, prezident İlham Əliyev dəfələrlə sabibkarlıarın fəaliyyətinə qanunsuz müdaxilələrə son verməyi tələb edib. Ümid edirik ki, artıq dövlət qurumları bu özbaşınalıqlarına və zorakılıqlarına son verəcəklər və mübahisələri məhkəmələrdə həll edəcəklər.

Sahibkar SOCAR-ın əməkdaşlarının özbaşınalığından prezidentə şikayət etdi

Şərhlər

XƏBƏR LENTİ