XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "WediaCorp” şirkəti Azərbaycanda monopoliya qurub?

"WediaCorp” şirkəti Azərbaycanda monopoliya qurub?

"WediaCorp” şirkəti Azərbaycanda monopoliya qurub?
11-05-2020, 17:52

Müasir dövr gənclərinin böyük hissəsi öz vaxtını sosial şəbəkələrdə keçirir. Hər gün milyonlarla istifadəçi sosial şəbəkələrdən istifadə edir.
İstifadəçi sayının artması bu virtual məkanın faydalarını da artırır. Sosial şəbəkələr cəmiyyətə yeni məşhurlar qazandırır.

Məsələn, kimsə maraqlı videolar hazırlayır və bunun sayəsində minlərlə izləyici qazanır. Kimsə yaxşı bloq yazır və beləcə minlərlə insan tərəfindən oxunur. Yəni sosial şəbəkələr sayəsində bacarıqlı insanlar gün üzünə çıxır, tanınmağa başlayır. Bacarıqlı insanlar bir müddət sonra bu məşhurluqdan, tanınmaqdan pul qazanmağa çalışırlar.

Azərbaycanda da bu sahə inkişaf edir. İnternet resurslarından pul qazanmaq istəyənlər əsasən “YouTube” platformasından istifadə edir. Baxımlı videolar sonda onlara özlərinə yaxşı baxacaq qədər pul qazandıra bilir. Bu yazımızda kimlərin daha çox pul qazandığını yox, bu sahədə də baş verən qanunsuz addımlardan yazacağıq.
Minval.İnfo xəbər verir ki, 4 il öncə Azərbaycana gələn Türkiyə şirkəti “WediaCorp” artıq onlarla insanı narazı salıb. Belə ki, bu şirkət “YouTube”la rəsmi tərəfdaşlıq etdiyi üçün bundan sui-istifadə edir. İddialara görə, şirkət onlarla anlaşmayan və izləyicisi olan hesabları müxtəlif üsullarla, fırıldaqlar edərək şikayət edir, videoları, kanalları sildirir. Heç bir müəlliflik hüququ olmayan görüntülərə, səslərə qısa zamanda fırıldaq üsullarla müəllif yaradır, onunla şikayət edirlər.
Şirkətin atdığı addımlara görə zərər çəkmiş şikayətçilər iddia edirlər ki, “WediaCorp Azərbaycan” hər kəs onlarla anlaşmağa, müqavilə imzalamağa belə məcbur edir. Müqavilədən sonra kanalın gəlirinin böyük hissəsini mənimsəyirlər. Şirkət yaxşı izlənən kanalı tapır, onun sahibinə anlaşma təklif edir. Anlaşma baş tutmayanda həmin şəxsin özünə məxsus görüntüləri öz adlarına keçirir (YouTube onlara bu imkanı verib) və görüntünün əsl sahibini şikayət edib, kanalını sildirirlər.
Hansısa müğənni onun haqqında “YouTube”-da tənqidi video paylaşanlara qarşı savaşı da bu şirkət vasitəsi ilə edir. Çünki onlar pul qazanacaqları iş üçün hər şeyə hazırdırlar. Azərbaycanda hazırda bu şirkət görə zərər görmüş, hesabı bağlanmış onlarla, bəlkə də yüzlərlə şəxs var. Silinən hesablar arasında Elza İbrahimovaya məxsus 800-dən çox musiqi videosunun yer aldığı səhifə də var. Məlumatı təsdiqləyən və həmin kanalı idarə edən bəstəkarın qardaşı Çingiz İbrahimov hesabın “WediaCorp Azərbaycan” şirkəti tərəfindən bağlanıldığını bildirib. Əgər iddialar doğrudursa, bu, şirkətin Azərbaycanda öz sahəsi üzrə monopoliya qurması deməkdir. “Ya bizimlə anlaş, ya da məhv olacaqsan” prinsipi ilə işləyən “WediaCorp Azərbaycan”dan narazı qalanlar arasında məşhurlar oldquca çoxdur. Onlardan biri də Nahidə Babaşlıdır.
Belə ki, şirkətlə (Türkiyə ofisi ilə) bir neçə il öncə müqavilə imzalayan Babaşlı onlardan narazı qalıb və müqaviləni ləğv edib. Bundan sonra nə qədər etsə də, bu müddət ərzində onun “YouTube” kanalını idarə edən “WediaCorp” şirkətindən kanalını geri ala bilməyib. Hətta müğənninin şirkətlə anlaşması da digər iddialarla üst-üstə düşür. Belə ki, onun kanalı oğurlanıb və kömək üçün bu şirkətə üz tutub, bəlli olub ki, kanalı oğurlayan, qapadan elə şirkətin öz əməkdaşıdır. Hazırda gənc müğənni bu səbəbdən ciddi problemlər yaşayır. Onu şirkət hədələyir, konsertlərinə mane olur.
Şirkət barəsində edilən şikayətlərdən bəziləri də onlarla anlaşması olanlara aiddir. Belə ki, müqavilə bitsə də şirkətin kanala gələn puldan özünə götürdüyünü, kanalları sildirib, onların videoları ilə fərqli kanallar açdığı deyilir. Bəhs olunan şirkətin həqiqətən də müqavilə bağlanması üçün kimisə təhrik etməsi sübut olunsa, bu zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələyə müdaxilə edə bilər. Şirkət rəhbərliyi məsuliyyətə cəlb oluna bilər.
Şirkət Azərbaycanın bir çox dahi bəstəkarının adına kanallar açıb, “YouTube”-da müəlliflik hüququ yaradıblar. Beləcə bəstəkarın öz ailəsi belə onun mahnılarını “YouTube”da paylaşa bilmir. Çünki bəstəkara, onun mahnısına, hətta ölkəsinə aid olmayanlar ona sahibləniblər. Onlara bu hüququ kimin verdiyi, dünyasını dəyişmiş bəstəkarlarımızın mahnılarının müəlliflik hüququna necə sahib olmaları sual doğurur.
Qeyd edim ki, tam 4 il öncə bu şirkətin Bakı ofisi açılanda onlardan müsahibə almışdım. Bu şirkətin mətbuatda yayımlanan və özlərinində rəsmi saytlarında yerləşdirdikləri bəlkə də yeganə müsbət xəbəridir. Çünki Azərbaycandakı fəaliyyətləri zamanı hər kəsi özlərindən narazı salıblar.(musavat.com)
"WediaCorp” şirkəti Azərbaycanda monopoliya qurub?





XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.