SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövlət Agentliyinin tədbirlərini aqronom keçirir - ARAŞDIRMA

Dövlət Agentliyinin tədbirlərini aqronom keçirir - ARAŞDIRMA

Tarix:

28-04-2020, 10:44

/ 989 dəfə oxundu.
Dövlət Agentliyinin tədbirlərini aqronom keçirir - ARAŞDIRMA

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Administrasiya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib.

Agentlik Azərbaycan Respublikası ərazisində mülki aviasiya sahəsində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Mülki Aviasiya Agentliyi dövlət satınalmaları həyata keçirən dövlət qurumlarındandır.

Qlobal.az saytı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin 2020-ci ilin fevral ayının 18-də yekun vurduğu satınalmalar üzərində araşdırma aparıb.

Qeyd edək ki, üç lot üzrə keçirilən satınalmanın ümumi dəyəri yetmiş min dörd yüz səksən altı manat təşkil edir.

İki şirkət üç satınalmanın qalibi oldu

Dövlət Mülki Aviasiya Agentliyinin 2020-ci ilin fevral ayının 18-də "Maşın və avadanlıqlar" lotu (dəyəri 10.335) üzrə yekun vurduğu satınalmanın qalibi "GLOBAL BUSİNESS PARTNER" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Dövlət Mülki Aviasiya Agentliyinin həmin gün yekun vurduğu digər satıalmanın - "Dəftərxana ləvazimatı" lotu üzrə (dəyəri 32.941) keçirilən satınalmanın da qalibi "GLOBAL BUSİNESS PARTNER" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Qurumun fevral ayının 18-də yekun vurduğu daha bir satınalmanın - "Tədbirlərin keçirilməsi" lotu üzrə satınalmanın qalibi isə "EURO OFFİCE GROUP" MMC olub.

Qalib olan şirkətlər eyni adamındı

Dövlət Mülki Aviasiya Agentliyinin sifarişçi olduğu iki satınalmanın qalibi olan "GLOBAL BUSİNESS PARTNER" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin oktyabr ayının 22-də dövlət qeydiyyatına alınıb.

10 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 9A, mənzil 21 ünvanı, qanuni təmsilçisi isə Səfərov Vahid Veysəl oğludur.

Dövlət Mülki Aviasiya Agentliyinin sifarişçi olduğu digər satınalmanın qalibi "EURO OFFİCE GROUP" MMC 2019-cu ilin may ayının 31-də dövlət qeydiyyatına alınıb.
Hüquqi ünvanı Sabunçu rayonu, Ləhiş bağları 5103 ünvanı olan şirkətin qanuni təmsilçi yenə də Səfərov Vahid Veysəl oğludur.

Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi, hansı sertifikat və lisenziyalara malik olması barədə məlumatlar yoxdur.

Mülki Aviasiya Agentliyinin tədbirlərini aqronom keçirəcək?

Qlobal.az saytı hər iki MMC-nın qanuni təmsilçisi Səfərov Vahid Veysəl oğlu barədə ilginc məlumatlar əldə edib.

Belə ki, "EURO OFFİCE GROUP" və "GLOBAL BUSİNESS PARTNER" MMC-lərin qanuni təmsilçisi əslən şimal rayonlarından birinin sakini olan 60 yaşlı Vahid Səfərovun maddi imkansızlığa görə bir neçə il bundan əvvəl Bakı şəhərinə köçüb.

Texnikum təhsilli aqronom olan Vahid Səfərovun hazırda Buzovna qəsəbəsində bir villada bağban işlədiyi deyilir.

Məsələyə Dövlət Mülki Aviasiya Agentliyindən münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf mövqe bildirmədi.
Dövlət Agentliyinin tədbirlərini aqronom keçirir - ARAŞDIRMA


Şərhlər

XƏBƏR LENTİ