XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Həbsxanalarda vəziyyət: “Sabunu məhbuslar özləri alırlar, spirt, maska yoxdur"”

Həbsxanalarda vəziyyət: “Sabunu məhbuslar özləri alırlar, spirt, maska yoxdur"”

Həbsxanalarda vəziyyət: “Sabunu məhbuslar özləri alırlar, spirt, maska yoxdur"”
10-04-2020, 10:52

Azərbaycanda koronavirusun yayılmasından sonra bəzi məhbus ailələri həbsxanalarda məhbusların sabun və gigiyena vasitələri ilə təmin olunmadığını, özlərinın aldığını deyirlir.

BBC News Azərbaycancaya danışan bəzi məhbus ailələri iddia edirlər ki, yaxınlarının cəza çəkdiyi həbsxanalarda sabun və gigiyena vasitələri yetərli deyil və buna görə də koronavirus yoluxmasından qorxurlar.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə bütün həbsxanaların mütəmadi dezinfeksiya edildiyini, məhbusların isə həkim nəzarətində olduğunu deyir.

"Gəncə işi"nə görə həbs olunan və Qobustan həbsxanasında məhkumluq çəkən Oqtay Hüseynzadənin anası Zemfira Hüseynzadə oğluna görə narahatdır.

O, oğlunun azad edilməsinə görə Prezidentə və çox sayda aidiyyatı qurumlara müraciət edib.

"Karantinə görə həbsxanaya sovqat apara bilmirik, görüş günü vermirlər, ona görə də çox narahatıq. Valideyn olaraq Prezidentə, çox yerə müraciət etmişik ki, koronavirusla əlaqədar məhbuslar azad edilsinlər".

Zemfira Hüseynzadə Prezident İlham Əliyevin yaşı 65-dən yuxarı olan bəzi məhkumların azad edilməsi barədə verdiyi əfv sərəncamının digər məhbuslara da şamil olunmasını istəyir.

Bu sərəncamla 176 məhkum azad edilib.

"Spirt, maska yoxdur"
"Gəncə işi"nə görə həbs edilən Əli Rzayevin anası Məhəbbət Rzayeva oğlu ilə telefonla danışa bilir, amma bu onun narahatlığını azaltmır. BBC News Azərbaycancaya danışan Məhəbbət Rzayeva deyir ki, həbsxanada sabun və gigiyena vasitələri vermirlər, bunu məhbuslar özləri alır.

"Sabunu özləri alırlar, hər ay pul göndəririk. Spirt yoxdur, maska verməyiblər. Özləri özlərini qorumalıdırlar. Deyir, hər şey yaxşıdır, təmizdir, amma dezinfeksiya haqda heç nə deməyib".

Məhəbbət Rzayevanın sözlərinə görə, oğlu hər gün "hərarətlərinin ölçüldüyünü" söyləyib.

2 saylı həbsxanada məhbusluq çəkən Toğrul Verdiyevin anası Müşfiqə Verdiyeva da oğlundan "hər gün məhbusların hərarətinin ölçüldüyünü" öyrənib.

Lakin o da məhbusların sabun kimi gigiyena vasitələri ilə təmin olunmadığını, bu vasitələri məhbusların özlərinin aldığını deyir.

"Əvvəllər sabun, salfet, lazım olan hər şeyi özümüz göndərirdik. İndi sovqat göndərmək qadağandır deyə hər şeyi özləri alırlar. Dezinfeksiya edirlər. Spirt vermirlər, sabunu öz pullarına alırlar".

"Sabun da var, dezinfeksiya da"
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sözçüsü Mehman Sadıqov bütün məhkumların sabun və gigiyena vasitələri ilə "tam, artıqlaması ilə və pulsuz" təmin olunduğunu bildirib.

Mehman Sadıqov cəzaçəkmə müəssisələrində spirtdən istifadəyə icazə verilmədiyinə görə, məhbusların əvəzləyici dezinfeksiya vasitələri ilə təmin olunduğunu, müəssisələrdə sanitariya-gigiyena tədbirlərinin "çox ciddi" həyata keçirildiyini söyləyib.

"Tibbi maska və əlcəklə yalnız cəzaçəkmə müəssisələrinin əməkdaşları təmin olunurlar, çünki onlar çölə çıxırlar. Əməkdaşlar müəssisələrə daxil olanda onların hərarəti ölçülür", - cənab Sadıqov deyib.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev həbsxanalarda sabun və digər gigiyenik vəsaitlərin çatışmazlığı ilə bağlı onlara şikayətlərin daxil olmadığını, lakin bu məsələni araşdıracaqlarını bildirib.

BBC News Azərbaycancaya danışan hüquqşünas deyib ki, baş çəkdikləri cəzaçəkmə müəssisələrinin gigiyenik vasitələrlə təmin olunduğunun şahidi olublar.

"Monitorinqə gedəndə ilk olaraq sabun, diş fırçası, diş pastası kimi gigiyenik vasitələrin olub-olmamasına baxırıq. Cəzaçəkmə müəssisələri bütün məhbusları özləri bu vasitələrlə təchiz etməlidirlər. Məhkumun bununla bağlı hüquqları var. Amma monitorinqlərdə məhbuslardan soruşanda bizə deyirlər ki, gigiyenik vasitələr onlara pulsuz verilir".

Azərbaycanda 900-dən çox şəxsdə koronavirusa yoluxma halı aşkar olunub və 9 nəfər vəfat edib.

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub, bir çox iş yeri bağlanıb və ölkə ərazisində yalnız xüsusi icazə ilə hərəkətə icazə verilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.