SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azəristilik” Qarabağ əlilindən şişirtmə ödəniş tələb edir - GİLEY

"Azəristilik” Qarabağ əlilindən şişirtmə ödəniş tələb edir - GİLEY

Tarix:

4-04-2020, 10:29

/ 1 151 dəfə oxundu.
"Azəristilik” Qarabağ əlilindən şişirtmə ödəniş tələb edir - GİLEY

"Bütün dünyada koronavirus pandemiyasına görə, vətəndaşlara güzəştlər tətbiq olunması haqqında basından soraq tutmaq olar. Qonşu Gürcüstan hökumətinin əhalinin 3 aylıq kommunal xərclərini üzərinə götürməsi də yayılan bilgilər arasındadır. Bizim hökumət də sosial-iqtisadi paketin təqdim olunacağını nəzərdə tutur. Eyni zamanda, rabitə və kommunal xidmət qurumlarına müvəqqəti də olsa, əhalini borca görə rahatsız etməməyi tapşıran hökumət enerji limitinin 100 kvt həddində qaldırmağı da qərara alıb. Bu həddin cüzi olmasını bir qırağa qoyub, bu addımın, hər halda vətəndaşa doğru atılmasını vurğulayıb alqışlamaq olar . Əlillərə gəldikdə isə, ümumiyyətlə, sözügedən limitin ləğv edilməsi, müəyyən limit həddində , lap elə nəzərdə tutulan 400 kvt həddində pulsuz güzəşt limiti tətbiq edilməlidir. Özü də NK-nın qərarına əsasən qaz verilməyən binalarda yaşayanlar elektrik enerjisindən 50 faiz güzəştlə yararlanmalı olduqları halda, bu qərara da əməl edilmir. Əlillər aldıqları aylıq pul təminatını kommunal və rabitə xidmətlərinə sərf edirlər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu ağır dönəmdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman ) da əlillərin müdafiəsi üçün təklif və tövsiyələrini verib və sözügedən kateqoriyadan olan şəxslərə ödənişdə güzəşt edilməsinin vacibliyini vurğulayıb. Di gəl, rabitə və kommunal xidmət qurumlarını nə hökumətin, nə də Ombudsmanın qərar və tövsiyələri ilgiləndirmir. Necə deyərlər , dəyirman bildiyini edir , çax-çax baş ağrıdır. Konkret fakta üz tutaq : “Azəristilik” ASC nəinki güzəşt etməyi düşünür , əksinə, Qarabağ əlilinə 50 manata yaxın şişirtmə borc yazıb. İki ay öncəki qəbzdə abonentin cəmi 5,76 manat istilik borcu olması 05.02.2020 tarixli qəbzdə əks olunub. Bir gün öncə qapıya asılan 06.03.2020 tarixli qəbzdə isə həmin abonentin 48 manat istilik borcu olması bildirilib. Bir ayda mənzilin yaşayış sahəsinin hər kvadratmetrinə, 0,15 manat hesabıla toplam 5.76 manat ödəniş tələb edilirsə, bu 48 manat borc bir aya necə yarana bilər ? Şişirtmə ödəniş tələb edilməsi göz önündədir. Qanunla “Azəristilik” ASC -nin özbaşınalığına İqtisadiyyat Nazirliyinin yanına verilən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti hüquqi qiymət verilməsini , məhkəmə qaydasında pozulmuş əlil-istehlakçı hüquqlarının bərpasını təmin etməyə borcludur. Amma və nə yazıq, bu xidmət qurumu istehlakçı hüquqlarının qorunması üzrə görəvini yerinə yetirmir . Elə bu səbəbdən istehlakçılar - əlillər, sahibkarlar rabitə və kommunal xidmət qurumlarının özbaşınalıqları ilə üz-üzə qalıblar. Bir yandan da pandemiyaya çevrilməkdə olan koronavirus epidemiyası!

Yəqin ki, “Azəristilik” şişirtmə ödəniş tələb etməsinə görə məhkəmədə cavab verməli olacaq. Təbii ki, sağlıq olsa. ..
P. S. Hələ də Badamdar qəsəbəsi, 2-ci massiv, 277-ci sahədə məskunlaşan əlillər telefon və internetdən məhrumdurlar. Yəqin epidemiya pandemiyaya çevriləndə əlillərin rabitə və internet ilə təminatı həyata keçər, inşallah!"

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ