SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda taksi və ayıq sürücü şirkətləri çöküb - 1 manatlıqlar isə...

Bakıda taksi və ayıq sürücü şirkətləri çöküb - 1 manatlıqlar isə...

Tarix:

1-04-2020, 14:08

/ 996 dəfə oxundu.
Bakıda taksi və ayıq sürücü şirkətləri çöküb - 1 manatlıqlar isə...

Bakının taksi xidməti sektoru demək olar ki, çöküb. İstər ənənəvi taksilər, istərsə şirkətlərin taksiləri müştəri üzünə həsrət qalıblar. Hətta Bakı metrosunun tam bağlanması da taksi sürücülərinin işini yaxşıladırmayıb.

Musavat.com üçün hazırladığımız reportaj zamanı öyrəndik ki, koronavirus təhlükəsi ilə əlaqədar əksər nazirliklərin, qurumların işçilərini məzuniyyətə göndərməsi, kafe-restoranların dayanması taksilərin işinə birbaşa mənfi təsir göstərib.
Hazırda şəhərin məşhur “189”, “85 55”, “99 33”, “Uber”, “Bolt”, “Omega” və digər onlayn taksi firmalarının işi dayanmış sayıla bilər. Gün ərzində tək-tük müştəri sifarişləri olur.

Həmçinin, məntiqi olaraq, “ayıq sürücü” xidmətləri də işləmir. Əgər restoran-kafelər fəaliyyət göstərmirsə, “ayıq sürücü”lərə də ehtiyac qalmır.

Taksi firmaları ilə əməkdaşlıq edən sürücülər də təsdiqləyirlər ki, vəziyyət olduqca ağırdır. Sürücü Namiq Abdullayev:
“Bu virusa görə ən böyük zərbə bizə dəydi. Çünki günəmuzd işləyirik, heç yerdən maaş almırıq. İndi evdə oturursan, gün ərzində 2-3 sifariş gəlir.

Əvvəla günə azı 15-17 sifariş olurdu, evə hər gün 30-35 manat aparırdıq. Elə taksilər var ki, maşınları kreditdədir, ödəniş etməlidirlər. Bu cür vəziyyət onlara pis təsir etməkdədir”.

Sürücülər qeyd edirlər ki, metronun bağlanmasına, avtobusların məhdud sayda sərnişin götürməsinə baxmayaraq, taksi sektoru dirçəlmir: “Bizə tələbat olmalıydı. Amma eyni vəziyyətdir.

İnsanların əksəriyyəti evdən çölə çıxmırlar. İşə gedənlərin ya bir qisminin şəxsi avtomobili var, ya da avtobusu gözləməyə üstünlük verirlər”.

Sürücülərin sözlərinə görə, onlayn sifarişlərin azalması “Uber” və “Bolt”da da özünü göstərir: “Bu xidmətdən daha çox ofis, bank, firma, müxtəlif özəl şirkət sektorlarında işləyənlər istifadə edirdilər. Onlar da sifariş vermirlər. Gündəlik dolanışıq üçün 10 manat çıxara bilmirik”.

Buna baxmayaraq, metronun “20 Yanvar” stansiyası önündə dayanan, bəzən tıxaclara səbəb olan 1 manatlıq taksilərin işi isə nisbətən yaxşıdır.

Düzdür, “Binə” və “Sədərək” ticarət mərkəzlərinin bağlanması 1 manatdan müştəri daşıyan həmin taksilərə də ciddi ziyan vurub.

Sadəcə, “Meyvəli” topdansatış mərkəzinin işləməsi, o cümlədən Lökbatan, Müşviqabad, Pirəküşkül, Hökməliyə gedənlərin olması 1 manatlıq taksiləri müəyyən qədər vəziyyətdən çıxarıb.

Onlar yenə metronun qarşısında dayanaraq müştəri gözləyirlər. Amma bu dəfə metro bağlandığına görə nə stansiyadan çıxan sərnişinlərin üzərinə şığıyırlar, nə də bərk qışqırıb müştəri səsləyirlər, nə də yolu əvvəlki kimi tam kəsirlər...

Şərhlər

XƏBƏR LENTİ