SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məhbus bir aydır aclıq edir: Ölüm ayağındadır - ATA FƏRYAD EDİR

Məhbus bir aydır aclıq edir: Ölüm ayağındadır - ATA FƏRYAD EDİR

Tarix:

7-03-2020, 13:41

/ 1 172 dəfə oxundu.
Məhbus bir aydır aclıq edir: Ölüm ayağındadır - ATA FƏRYAD EDİR

Ötən il Prezident İlham Əliyev məhkəmə islahatlarının aparılması ilə bağlı fərman verdi və bu fərman çərçivəsində bir cox cəzalar dekriminallaşdırıldı. Ancaq bəzi məhkəmə hakimləri ölkə başçısının fərmanına etinasız qalaraq, həbs olunan şəxslərə istədikləri kimi cəza verməkdə davam edirlər. Hakimlərin belə haqsız hökmlərindən əziyyət çəkən şəxslərdən biridə Əkbərovlar ailəsidir.

Çərkəz Əkbərov adlı şəxs “Yenisabah.az”a müraciət edərərək, 10 il həbs cəzasına məhkum edilən oğlu Alim Əkbərovun artıq 1 aydır ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində aclıq etdiyini bildirib: “Oğlum Alim Əkbərov məhkəmə istintaqı zamanı ona qarşı qanun pozuntusuna yol verildiyini və barəsində çıxarılmış ittiham hökmünə etiraz etdiyindən aclıq aksiyasına başlayıb. Onunla yanaşı mən də aclıq aksiyasına başlamışam. Fevral ayının 25-də cəzaçəkmə müəssisəsində oğlumun vəziyyəti pisləşdiyindən dərhal Penitensiar xidmətin Müalicə müəssisəsinə göndərilib və cərimə kamerasına (karsa) salınıb. Həyatı üçün çox təhlükə var, hətta Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən dəfələrlə mənə zəng edib deyiblər ki, “oğluna de ki, aclığı dayandırsın”.
Qeyd edim ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov haqsız yerə, heç bir günahı olmadığı və təqsirinin sübuta yetirilmədiyi halda əsassız olaraq oğlum Alim Əkbərovu 10 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə azadlıqdan məhrum etdi. Nə onun himayəsində azyaşlı övladının olması, nə də 2003-cü ildən psixiatrik xəstəxanada qeydiyyatda olmasını nəzərə aldı. Onunla birgə həbs olunan Süleymanov Anar Vəli oğluna 7 il 6 ay, Hüseynli Zəmanət Ədalət oğluna isə 3 il şərti cəza verdi. Oğlumun günahı olmaya-olmaya isə ona ən ağır cəzanı verildi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov da öz həmkarının çıxardığı hökmü qüvvədə saxladı. Mart ayının 11-də isə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Alimin işinə baxılacaq. Bir neçə gün öncə isə Ali Məhkəməinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun qəbulunda oldum. Mənə söz verdi ki, oğlunun işinə obyektiv baxılacaq”.

Şikayətçinin sözlərinə görə, oğlu Alim Əkbərov Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə həbs edilib: “Oğlumun heç bir günahı olmadığı halda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin müstəntiqləri Həsən İsmayılov, Elnur Vəliyev, Yusif Yusifovun saxta, qanunsuz yolla əldə etdikləri sənədlər əsasında onu dələduzluqda təqsirləndirərək cinayət işi başladılar. İstintaqda və məhkəmədə oğlumun ittiham olunduğu dələduzluq cinayəti üzrə zərərçəkmişlər və şahidlər onu tanımadığını, onunla hər hansı bir iş görmədiklərini bildiriblər”.

Evsiz-eşiksiz olan Çərkəz kişinin bir valideyn, bir vətəndaş kimi ölkəmizdə müraciət etmədiyi ünvan, döymədiyi qapı qalmayıb. Lakin səsinə cavab verən yoxdur, şikayətlərinə baxılmır, baxılanda isə hər hansı müsbət nəticəsi olmur: “Şikayətlərimiz oğlumuzun işinə ədalətsiz yanaşan, qanunsuz hökmlər, qərarlar qəbul edən məhkəmələrə göndərilir, onlar isə heç bir cavab vermir, heç bir tədbir görmürlər”.

Çərkəz Əkbərovun sözlərinə görə, cinayət işində zərərçəkən qismində tanınan “Gobustone” MMC, “Gilan” MMC və “Holcim Azərbaycan” ASC-nin nümayəndələrinin heç biri Alim Əkbərovu tanımır: “Nə ona tikinti materialları veriblər, nə onunla müqavilə bağlayıblar, nə də ondan şikayətçidilər. Ancaq onunla iş görən şəxs azadlıqda gəzə-gəzə mənim oğlumun həyatı şam kimi əriyir. Əgər onun başına hər hansı bir iş gəlsə, 2 yaşlı körpəsini kim saxlayacaq? Mən və həyat yoldaşım 2-ci qrup əlilik, təqaüdlə dolanırııq. Onun qalaq-qalaq xəstəlik kağızlarına hakim Fikrət Qəribov heç fikir vermədi. Alim Əkbərovun anlaqsız olması ilə bağlı psixiatrik dispanser qərar versə də hakim vəkilin təkrar vəsatətini təmin edib yoxlanmaq üçün 1 saylı Psixiatrik Xəstəxanaya göndərmədi”.
Alim Əkbərovun aclıq aksiyası keçirməsi ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqovun da münasibətini öyrəndik. M. Sadıqovun sözlərinə görə, Penitensiar xidmət hər hansı məhkumun aclıq aksiyası keçirməsi ilə bağlı açıqlama vermir.

Sonda onu da qeyd edək ki, Alim Əkbərovun cinayət işi elə ibtidai istintaqda olan zaman dərindən araşdırılmayıb, bəzi vəzifəli şəxslərin günahı olsa da istintaqa cəlb olunmayıb. Bu sıraya saxta sənəd verən bank işçiləri, notarius əməkdaşlarını da əlavə etmək olardı. Ancaq nədənsə həmin şəxslərin adı cinayət işinə nəinki təqsirləndirilən şəxs qismində, heç şahid kimi də düşməyib. İşə baxan hakimlər də bu faktların üstündən “keçiblər”. İnanaq ki, mart ayının 11-də Ali Məhkəmə obyektiv qərar çıxararaq cinayət işini Bakı Apellyasiya Məhkəməsinə qaytarılacaq.

Alim Əkbərovun cinayət işi ilə bağlı araşdırmalarımız davam edir.
Məhbus bir aydır aclıq edir: Ölüm ayağındadır - ATA FƏRYAD EDİR

Şərhlər

XƏBƏR LENTİ