XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Xətai RİH vətəndaşa necə "torba tikib"... - GİLEY

Xətai RİH vətəndaşa necə "torba tikib"... - GİLEY

Xətai RİH vətəndaşa necə "torba tikib"... - GİLEY
26-02-2020, 10:31

"Ağ şəhər” layihəsinin icrası ortaya düşəndə əmlaklarımızı gözümüzün önündə texnikanın qarşısına verib, sökdülər. Nə ah-naləmizə, nə göz yaşımıza baxdılar. Bir dəfə Ermənistandan didərgin düşmüşdük, “Ağ şəhər” layihəsi bizi ikinci dəfə öz vətənimizdə didərgin elədi”. DİA.AZ bildirir ki, bunu “Ağ şəhər” layihəsi həyata keçirilən ərazidə - Babək prospekti, 2210-cu məhəllə, Turşu küçəsi, ev 32A ünvanında yaşamış Svetlana Əhmədova deyir. Onun sözlərinə görə, Ermənistandan didərgin düşəndən sonra atası hazırda “Ağ şəhər” layihəsinə düşmüş ərazidə ikimərtəbəli bina alıb. Əmlakı övladlarının arasında paylı mülkiyyət qaydasında bölüb. İkinci mərtəbə ayrı-ayrılıqda yaşayış sahələri kimi Svetlana xanımın qardaşlarının, birinci mərtəbə isə qeyri-yaşayış sahəsi kimi onun adına rəsmiləşdirilib. Svetlana Əhmədovanın deməsinə görə, mənzillər qardaşlarının əlindən təzyiq yoluyla, qeyri-yaşayış sahəsi isə onun əlindən aldadılaraq alınıb.

“2013-cü ilin sonlarında Xətai Rayon İcra Hakimiyyətindən gəlib ölçü işləri apardılar, dedilər, 1 ay ərzində mülkü boşaltmalısız, torpaqlar dövlət ehtiyacları üçün alınır. İkinci mərtəbədə ayrı-ayrı evlərdə qardaşlarım yaşayırdı, birinci mərtəbədə isə mən gözəllik salonu açmışdım. Mənə 73 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsinə görə 64.850 manat təklif olunurdu. Qardaşlarıma da mənzillərinə görə dəyərindən az məbləğ təklif edilirdi. Biz razılaşmırdıq. 2014-cü il, avqustun 11-də səhər saatlarında texnikalarla gələrək ikimərtəbəli binanı içərisindəki əşyalarıyla birlikdə dağıtdılar. Qardaşlarımın qollarını qandallayıb apardılar, söküntü bitənədək polis şöbəsində saxladılar”, - Svetlana Əhmədova deyir.

Şikayətçinin sözlərinə görə, hər iki qardaşı verilən kompensasiyayla komissiya rəhbərliyinin təzyiqləri, hədələri altında “razılaşmalı olub”. O isə kompensasiyanın məbləği artırılmasa, götürməyəcəyini deyib. Svetlana xanım hətta polis şöbəsində də saxlanılıb, deməsinə görə, 37-ci polis şöbəsinin rəisi də ondan bank hesabına köçürülmüş kompensasiyanı götürməsini tələb edib: “Dedi, ya pulu götür, ya da sənə bir neçə maddəylə cinayət işi açacam, uşaqların da evdə ağlaya-ağlaya qalacaq. Səhərə kimi şöbədə saxlandım, dedim, əlinizdən gələn hansı pisliyi etsəniz də, pulu götürməyəcəm”.

Bütün bunlardan sonra komissiya rəhbərliyi başqa yola əl atıb: “Bütün yolları sınadılar, gördülər, yola gəlmirəm, hiyləyə əl atdılar, məni aldatdılar ki, sənə 64.850 manatdan əlavə həm də obyekt veririk. Obyektin şəhər istiqamətindən gələndə Babək prospektinin başlanğıcında, Heydər Əliyev prospektinin yaxınlığında yerləşdiyini dedilər. Mən də sevindim, razılaşdım. Kompensasiyanı bank hesabından götürəcəyimlə bağlı bir akta imza atdırdılar. Sonra da birlikdə “obyekt” dedikləri yerə gəldik. Baxdım ki, “obyekt” dedikləri həmin bu yer Çin layihəli binalardan birinin 22 pilləkənlik dərinliyindəki boş, nəmişlik olan zirzəmidən ibarətdir. Düşündüm, imtina etsəm, bu da əlimdən çıxacaq, götürüm, sataram, pula çevirərəm. İcra başçısı mənə bir məktub verdi, dedi, apar ver Əmlak Komitəsinə, bu məktubun əsasında obyektə “Çıxarış” verəcəklər. 8-9 ay da Əmlak Komitəsinin qapısında düşüb qaldım, axırda Komitədə işləyən bir xanım dedi, səni aldadıblar, o yer ümumiyyətlə, özəlləşdirilə bilməz”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.