XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Əli Həsənov talan edib getdi, indi isə mənzillərimizi satır” - BDU-nun yataqxanasında yaşayan qaçqından ŞOK İTTİHAMLAR

“Əli Həsənov talan edib getdi, indi isə mənzillərimizi satır” - BDU-nun yataqxanasında yaşayan qaçqından ŞOK İTTİHAMLAR

“Əli Həsənov talan edib getdi, indi isə mənzillərimizi satır” - BDU-nun yataqxanasında yaşayan qaçqından ŞOK İTTİHAMLAR
22-02-2020, 17:13

“3 ailənin 10 nəfər üzvü 2013-cü ildən - 7 ildir sanki əsirlikdə yaşayırıq. Bir evdə iki oğlumun ailəsi və mən öz ailəmlə birlikdə oluruq”.

Bu sözlər Füzuli rayonundan qaçqın düşən, hazırda Bakı Dövlət Universitetinin 8 saylı yataqxanasında yaşayan Quliyev İbrahim Cəmil oğlunun prezident İlham Əliyevə müraciətində yer alıb.

“Əli Həsənov talan etdi, getdi, indi isə Rövşən Rzayev talan edir”

Müraciətdə bildirilir:

“Cənab Prezident, oğru olmayan, ədalətli, vicdanlı bir kimsə yoxdurmu qaçqınlar komitəsinə sədr təyin edəsiniz? Xalqa “səmərəli” xidmət edən baş nazirin müavini Əli Həsənov talan etdi, getdi, indi isə Rövşən Rzayev talan edir. Belə ki, 2013-cü ildə BDU-nun yataqxanalarından 700-dən yuxarı ailə Qaradağ rayonun Müşviqabad qəsəbəsində qaçqınlar üçün inşa edilmiş binalarda ailə sayına görə mənzillərlə təmin olundular. O cümlədən Füzuli rayon Horadiz qəsəbəsindən olan 18 ailəni, bacımı, qardaşımı belə, Horadiz qəsəbəsində olan 3-4 otaqlı evləri bərpa olunmasına baxmayaraq, hamısını mənzillə təmin etdilər. Hətta Mehdiabad qəsəbəsində, 7-ci mikrorayonda Horadiz qəsəbəsindən olan ailələr mənzillərlə təmin olundular. Füzuli rayonu, Araz Yağlıvənd kəndi Horadiz qəsəbəsindən 50 km geridə daha təhlükəsiz zonada yerləşir, oranın da sakinlərini Şirvanda mənzillərlə təmin etdilər.

Mən də onlar kimi daimi 3 ailə 10 nəfərlə birlikdə BDU-nun 8 saylı yataqxanasında yaşayıram. Lazımi ünvanlara burada yaşadığımız haqda arayışlar alıb, veririk. Qaçqın vəsiqələrimiz hər il Qaçqınlar Komitəsinin Yasamal rayon şöbəsinin nümayəndələri tərəfindən qeydiyyata alınır, möhürlənir. Hər ailənin çörək pullarının kartları da özlərinə məxsusdur. Sürücülük vəsiqələrimizdə ünvan BDU-nun 8 saylı yataqxanası yazılıb. Hətta Yasamal ATS-dən uzun illərdir ev telefonum var. Əlimizdə bütün rəsmi hüquqi sənədlərimiz də var. Mənzillərlə təmin olunmağımız üçün dövlətimiz tərəfindən büdcədən vəsait ayrılıb, heç bir səbəb olmadan özbaşınalıq edərək, bizə qarşı haqsızlıq, ədalətsizlik edirlər, bizi mənzillə təmin etmirlər. Qarabağda ermənilər, burada isə əvvəl Əli Həsənov, indi də Komitənin sədri Rövşən Rzayev haqlarımızı, mənzillərimizi işğal edib, satır”.

“Dövlət büdcəsindən ayrılan pulların adı bizim, dadı “Qaçqınkom”undur”

İ. Quliyevin sözlərinə görə, Ermənistanda olan əsirlər kimi, yararsız yataqxanada zülm çəkirlər: “Bunların məqsədi nədir, bilmirəm. Nə üçün bizə qarşı belə aqressiv münasibət göstərirlər, düşmənçilik edirlər, məlum deyil. Görəsən, köçürülən ailələrdən fərqimiz nədədir? Belə haqsız, ədalətsiz məmurların kreslo davasının özbaşınalığı üzündən Qarabağ getdi, evimiz yandı, yurd-yuvamızı itirdik. 27 ildir cöllərdə qalmışıq. Müharibə qurtarmır, Qarabağ alınmır, gündə bir şəhid gəlir. Horadiz qəsəbəsi də hər tərəfdən silahlı düşmən mühasirəsindədir. Qarşı tərəf İranla dövlət sərhəddidir, çıxış yolu 40 kilometrdir, onu da çıxa bilsən. Siz deyin, indi biz hara gedək, nə edək? Ömür gedir, həyatımız məhv oldu, dözülməz haldır. Ancaq elə adamlara ev verdilər ki, onların evə ehtiyacları yox idi. Yoxlaya bilərsiniz, onların bir çoxu verilən evləri satdılar. “Qaçqınkom”un vasitəsilə alqı-satqı zamanı satan tərəfindən 5000 manat pul mənimsənilirdi. Bir çoxu da hazırda kirayə veriblər. Yazdıqlarım hamısı faktlardır”.

“Qaçqınlar Komitəsi bir bataqlıqdır, qaranlıq bir yuvadır”

İ.Quliyev hesab edir ki, onun iştirakı ilə sənədlər əsasında yerindəcə vicdanlı, ədalətli yoxlama aparılsa, yazdıqlarından da çox neqativ işlərin şahidi olacaqlar: “Heç biri şər-böhtan deyil. Qaçqınlar Komitəsi bir bataqlıqdır, qaranlıq bir yuvadır. 27 ildir kef edirlər. Dövlət büdcəsindən ayrılan pulların adı bizim, dadı “Qaçqınkom”undu, gördükləri işlər də sıfra bərabərdir. Qaçqınlar Komitəsinə gündəlik gələn qaçqınları (həftənin 2-ci günləri isə qəbul günləridir) dinləsəniz, bir daha çox işlərin şahidi olacaqsınız. Cənab prezident, köçürülən ailələrdən bizim fərqimiz nədədir? Bizə belə ögey münasibət göstərildiyi üçün xahiş edirəm, Sizdən münasib xarici dövlətlərin birində sığınacaqla təmin olunmağımıza köməklik edəsiniz”.

Şamo EMİN, Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.