XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Vəkilinə iki min manat versə də, son nəticədə vəkili heç bir iş görməyib... - QALMAQAL

Vəkilinə iki min manat versə də, son nəticədə vəkili heç bir iş görməyib... - QALMAQAL

Vəkilinə iki min manat versə də, son nəticədə vəkili heç bir iş görməyib... - QALMAQAL
29-01-2020, 10:06

Balaxanı qəsəbəsində yaşayan Aişə Vəliyeva 2004-cü ildə aldığı 12 sot torpağın xəbəri olmadan başqa adamın adına sənədləşdirildiyini iddia edir. O, 6 sotun özünün, qalanının isə bacısının adına aldıqlarını deyir. DİA.AZ bildirir ki, bu barədə Aişə Vəliyeva bildirib ki, torpağı onlara yerli bələdiyyə verib. 2006-cı ildə bacısı torpağın pulunu ödəyəndən sonra sərəncam alıb və ardınca ərazini adına sənədləşdirib.

Ancaq illik icarə haqqını ödəmədiklərindən 2009-cu ildə bələdiyyə onları məhkəməyə verib: “Pulu ödəməməyimizin səbəbi torpağın sənədlərinin atamda olması, onun da insult keçirməsi və yaddaşını itirməsi idi. Ancaq elə məhkəmə zamanı pulu ödədik və lehimizə qərar çıxarıldı. O zaman bələdiyyə bizə ərazini hasarlamağı məsləhət gördü və mən yeri hasarladım. 2012-ci ildə övladım xəstələndiyindən bütün vaxtım onun müalicəsinə getsə də, hər il torpağın pulunu ödəyirdim. 2016-cı ildə qonşum xəbər etdi ki, Balaxanıda makler işləyən Namiq Qasımov ərazi üçün “Çıxarış” çıxararaq torpağı başqasına satıb. Biz elə həmin il məhkəməyə şikayət verdik və proses 2018-ci ilə qədər uzandı. İki dəfə ekspertiza keçirildi, birincidə araşdırdılar ki, Namiq Qasımovun sənədləşdirdiyi torpaq mənim torpağımla üst-üstə düşürmü, ya yox. İkinci dəfə torpağın bələdiyyəyə, icraya, yoxsa dövlətə aid olması yoxlanıldı. Məlum oldu ki, torpaq bələdiyyənindir. Nəticədə Sabunçu Rayon Məhkəməsi mənim xeyrimə qərar qəbul etdi. Amma Bakı Apelyasiya Məhkəməsi qarşı tərəfin şikayətini təmin etdi. Bu prosesdə icra hakimiyyəti sual qoymuşdu ki, ərazi 65 hektarın daxilindədir, ya yox. İcra hakimiyyəti də məhkəmənin sorğusuna cavab vermişdi ki, paytaxtda bütün torpaqlar Bakı İcra Hakimiyyətinə tabedir, əslində, bu, suala dəqiq cavab deyildi. Ardınca Ali Məhkəmə də Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxladı”.

Aişə Vəliyevanın sözlərinə görə, onun pulu olmadığı üçün məhkəmələr onun əleyhinə qərar qəbul ediblər: “8 yaşında yeriyə bilməyən övladımla döymədiyim qapı qalmadı. Ümidimi o torpağa dikmişdim ki, satıb övladımı müalicə etdirim. Prezident İlham Əliyeva, Birinci vitse-prezident Mehriban Əliyeva və Milli Məclisə müraciətlər etsəm də, reaksiya olmadı. Apelyasiya və ali məhkəmə hakimləri hüquqlarımı tapdadılar”.

A.Vəliyeva vəkili Kamran Tağıyevdən də narazıdır. Deyir ki, vəkilinə iki min manat versə də, son nəticədə vəkili heç bir iş görməyib: “Kamran Tağıyev satıldı, gözümün önündə oldu, proses zamanı heç bir vəsatət qaldırmadı, halbuki, məndən 2 min manat almışdı”.

Hazırda işin Ali Məhkəmənin Plenumunda olduğunu söyləyən A.Vəliyeva sona qədər mübarizə aparacağını söylədi.

Vəkil Kamran Tağıyev Aişə Vəliyevanın dedikləri ilə razılaşmır. Vəkil bildirib ki, o, Sabunçu Rayon Məhkəməsində Aişə Vəliyevanın hüquqlarını müdafiə edib və işi udublar. Buna görə min manat ödəniş olub: “İki il məhkəmə prosesi gedib və 2 dəfə də ekspertiza aparılıb, qarşı tərəfin hazırladığı 3 “Çıxarış” ləğv olunub və iki alqı-satqı etibarsız sayılıb. Nəticə olaraq Sabunçu Rayon Məhkəməsi 2018-ci ilin 27 noyabr tarixində Aişə Vəliyevanın xeyrinə qətnamə qəbul edib. Gərək, şikayət edəndə fakt qoyulsun ortaya, böhtan atmağa ehtiyac yoxdur. İkinci, Aişə Vəliyeva Bakı Apelyasiya Məhkəməsində işi apardığım üçün 150 manat ödəniş edib, amma müqaviləyə görə 300 manat verməliydi. Prosesin başlanmasından əvvəl dedim ki, qarşı tərəf birinci instansiyada işi uduzduğundan bizə qəzəblidir, ehtiyatlı ol, uduza da bilərik, amma ümidini də itirmə. Çünki işi yaxşı aparmışam, əlimizdə ekspertiza rəyi var və bunun əsasında 3 sənəd, iki alqı-satqı ləğv olundu. Hətta işə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini də cəlb etdim, ərazidə tikinti işinə başlanmışdı, dayandırdım, iki il məhkəmə gedib, 2016-ci ildə müqavilə bağlamışam, həmin il 500 manat, 2018-ci ildə də yenə həmin məbləği ödəyib, işi qurtaranda. Daha nə istəyir, vəkil işə havayı çıxmalıydı? Ona görə əlavə min manat verməsi yalandı və böhtandır”.

Kamran Tağıyevin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsi qanunsuz idi: “Qanun Aişə Vəliyevanın tərəfindədir. Mən ona dedim ki, icazə ver bu işi sona qədər aparım, amma razılaşmadı və haqqımda şikayət verdi. Yaxşı olardı, Aişə Vəliyeva məndən sonra məhkəmədə onun hüquqlarını müdafiə edən şəxsin barəsində danışsın. Niyə prosesi uda bilmədi? Axı mən birinci instansiyada işi udmuşdum. Bakı Apelyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın qərarı əsassız idi. Çünki 2 ekspertiza sənədi var. Yaxşı olardı, Aişə Vəliyeva bunlardan danışsın ki, Ali Məhkəmədə niyə iş uduzulub?! Və nə üçün Konstitusiya Məhkəməsinə getməyib, bir daha təkrar edirəm, qanun Aişə Vəliyevanın tərəfindədir”.

Balaxanı qəsəbəsinin bələdiyyə sədri Vüsalə Səlimovadan bir həftə ərzində məsələyə münasibət öyrənmək mümkün olmadı. V.Səlimovanın köməkçisi hər dəfə onun görüşlərdə olduğunu söyləyərək, suallara cavab vermədi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.