SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azyaşlı qızı öldürəni edam etmək üçün imza toplayırlar

Azyaşlı qızı öldürəni edam etmək üçün imza toplayırlar

Tarix:

17-01-2020, 19:07

/ 1 256 dəfə oxundu.
Azyaşlı qızı öldürəni edam etmək üçün imza toplayırlar

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın ölüm xəbəri hamını dərindən sarsıldıb...
Cəmiyyət tərəfindən xeyli müzakirə olunan məsələnin fonunda ölüm hökmünün bərpası tələbləri də irəli sürülür. Hətta Azərbaycanda ölüm hökmünün bərpa olunması ilə bağlı internetdə kampaniya başladılıb və artıq 47 minə yaxın vətəndaş kampaniyanı imzalayıb.

Bu faciəyə məşhurlar da biganə qalmayıb, sosial şəbəkə hesablarında paylaşım ediblər. Bəzi məşhurlar isə qatilin edam olunmasını tələbini irəli sürürlər.

Müğənni Nigar Camal paylaşımında bu cinayətə görə ölüm cəzası istəyib: “Bu, ağır itkidir. Biz bilmirik Nərmin balamıza hansı xəsarətləri yetiriblər. Belə insanları, pedofilləri məhv etmək, diri-diri yandırmaq lazımdır. Başqa yol görmürəm”.

Müğənni Elvin Abdullayev “Bu körpənin günahı nədir? Bunu edən hər kimdirsə, çarmıxa çəkilməlidir”,- sözləri ilə bu vəhşiliyi törədənə (və ya törədənlər) ölüm cəzası istəyib.

Müğənni Nadir Qafarzadə qatilin güllələnməsini tələb edib: “Bu vəhşiliyi törədən cinayətkara deməyə söz tapa bilmirəm. Düşünürəm ki, Azərbaycanda bu cür cinayətləri törədənlər güllələnməlidir. Həmin şəxsə təxminən 15-20 ilə qədər iş verəcəklər. Çıxıb yenə də kefini çəkəcək. Amma bir qızcığazın həyatı məhv oldu. Ona görə də qanuna “güllələnmək” cəzası əlavə olunmalıdır”.

Bəs görək, ölüm hökmünün Azərbaycanda yenidən tətbiq edilməsi nə dərəcədə realdır? İmza toplamaqla bu barədə nəyəsə nail olmaq mümkündür?

Visiontv.az Reyting.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a deyib ki, ölüm hökmü bərpa edilsə belə Nərminin qatili edam olunmayacaq:

“Azərbaycan Konstitusiyası ölüm cəzasının olmasını istisna etmir. Sadəcə, Konstitusiyaya görə əgər həmin cəza Cinayət Məcəlləsində nəzərdə tutulubsa, tətbiq oluna bilər. Cinayət Məcəlləsində isə hazırda belə cəza nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, Cinayət Məcəlləsinin əsas prinsiplərindən biri odur ki, cinayətkara qarşı cinayət törədilən anda yalnız mövcud olan cəza tətbiq edilə bilər. Yəni bundan sonra ölüm cəzası Cinayət Məcəlləsinə daxil edilsə belə, Nərmini vəhşicəsinə öldürən qatilə heç bir halda tətbiq edilə bilməz. Çünki həmin adam sözügedən cinayəti törətdiyi anda belə bir cəza yox idi”.

Ə. Həsənov ölüm cəzasının tərəfdarı olduğunu desə də, hazırda Azərbaycanda belə cəzanın tətbiqinin mümkünsüzlüyünü vurğulayıb: “Şəxsən mən özüm də ölüm cəzasının tərəfdarıyam, bunu dəfələrlə demişəm, amma müəyyən şərtlərlə.

Birincisi, yalnız uşaqlara, qadınlara qarşı olan cinsi zorakılıq və xüsusi amansızlıqla insanların öldürülməsi hallarında ölüm cəzasının tətbiq olunmasının tərəfdarıyam.

O halda ki, həmin cəza qərarını hakimlər yox, münsiflər məhkəməsi çıxarsın. İngiltərədə olan kimi 12 nəfər münsiflər heyəti olsun, onlar da adi insanlardan seçilsin. Çünki Azərbaycanda məhkəmə sistemi biabırçı vəziyyətdədir. Bizim məhkəmələr qanunsuz qərarlar çıxarmağa adət ediblər. Belə olan halda da təhlükə var ki, günahsızları da edam etsinlər, yaxud pul istəsinlər. Bizdə belədir. Buna görə də, bu cəzanın tətbiqini hakimlərə həvalə etmək olmaz. Mütləq cinayətin törədilmə faktını münsiflər məhkəməsi təsdiqləməlidir. İngiltərədə belədir. Məsələn, münsiflər məhkəməsi təsdiq edir ki, bu adamın günahı var, bundan sonra cəzanı hakim tətbiq edir. Mən hesab edirəm ki, bizdə də təqsirləndirilən şəxsin günahının olub-olmamasını adi məhkəmə hakimi yox, münsiflər məhkəməsi təyin etməlidir. Bu şərtlərlə mən də ölüm cəzasının tərəfdarıyam.

Ancaq hazırkı məqamda bu real görünmür. Ona görə ki, Azərbaycan Avropa Şurasının üzvüdür və bu şuranın əsas prinsiplərindən biri budur ki, heç bir halda ölüm cəzası olmamalıdır. Yəni biz bu cəzanın tətbiqinə başlasaq, bizi Avropa Şurasından çıxaracaqlar. Ölkəmiz də hazırda elə vəziyyətdə deyil ki, biz Avropa Şurasından çıxaq.

Qərbdə ölüm cəzasının tətbiq edildiyi yerlər də var. Məsələn, Amerika Birləşmiş Ştatlarında bu var.

Lakin, biz indiki vəziyyətdə belə düşünürük ki, Nərminin qatili tapılsa, ona ömürlük azadlıqdam məhrumetmə cəzası veriləcək. Və hamımız başa düşürük ki, onun üçün bəlkə də, ölüm cəzasının olması həbsxanada başına açılacaq oyunlardan daha yaxşıdır”.

Hüquqşünas belə ağır cəzaların tətbiqinin cinayət faktlarını azaltması barədə fikir müxtəlifliyi olduğunu da vurğulayıb:

“Belə ağır cəzaların tətbiqi barədə fikirlər müxtəlifdir. Bəziləri deyir ki, ağır cəzaların tətbiqi bu tipli cinayətlərin qarşısını alır. Statistika da fərqlidir. Amma belə bir məsələ var: əgər cəza cinayətlərin qarşısını almırsa, onda niyə tətbiq olunur? Niyə cəzalar var? Ölüm cəzasını demirəm, lap elə götürək, azadlıqdan məhrumetmə cəzasını... Hər bir insan günah etməyə, cinayət törətməyə meyillidir. Onlar bu cəzadan qorxub cinayət törətmirlər. Əks halda, hamı bir-birini vurardı və ya oğurluqlar baş alıb gedərdi.

Baxın, Azərbaycanda niyə korrupsiya cinayətləri çoxdur? Çünki məmurlar bilirlər ki, heç kəs onları cəzalandırmayacaq. Son vaxtlar fikir verdinizsə, yerli icra başçıları qorxdu. Niyə qorxdular, çünki birini tutdular deyə, hamısı qorxuya düşdü. Deməli, istər-istəməz cinayətə görə cəzanın təsiri var. Əks halda cəza niyə var?

Cəzanın tətbiq edilməsinin bir neçə səbəbi var: birincisi həmin şəxsin islah edilməsidir, ikincisi həmin şəxsin cəmiyyətdən təcrid edilməsidir, (təhlükəli olduğu halda) üçüncüsü isə potensial cinayətkarlara siqnaldır.

İnsandan-insana fərq var, elə insan var ki, onu heç bir cəza saxlamayacaq. Lakin, elə insanlar da var ki, onlar hansısa cəzadan qorxaraq belə əməllər törətmirlər. Mən düşünürəm ki, heç olmasa bir insan belə cinayəti törətməyəcəksə, qorxacaqsa, bunu tətbiq etmək lazımdır.

Bir məsələ də var. Tutalım, qatil tapıldıqdan sonra onu ömürlük azadlıqdan məhrum etdik. Və onu elə bir kameraya saldıq ki, orada tək olsun. Çünki o kamerada tək olmasa, digər məhkumlar onu cəzalandıracaqlar. Bəs yaxşı niyə o tək kamerada dövlətin hesabına ömrünün axırına kimi qalmalıdır? Vətəndaşların hesabına, vergi hesabına orada saxlanılmalıdır? Mən vergi verirəm. Niyə mənim hesabıma onu yedizdirməli, içizdirməlidirlər? İstəmirəm, mən buna razı deyiləm. Mən “hər cinayətə görə ölüm hökmü olsun”, - demirəm. Məsələn, zorlama, uşaqları öldürmə cinayəti. Beləsini öldürmək lazımdır. Biz ona görə niyə dözməliyik?!”

Şərhlər

XƏBƏR LENTİ