XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Bəlkə hökumət görər, kömək eləyər…" - GİLEY

"Bəlkə hökumət görər, kömək eləyər…" - GİLEY

"Bəlkə hökumət görər, kömək eləyər…" - GİLEY
15-01-2020, 11:05

Çoxdandır ki, bir ata sosial şəbəkələrdə azyaşlı övladı üçün imdad diləyir. Övladını həyatda saxlamaqdan ötrü sosial şəbəkələr Qabil Cəfərov üçün sanki bir saman çöpü olub. Son ümidi kimi yapışıb o çöpdən… DİA.AZ bildirir ki, Qabil Cəfərov başına gələnlərdən danışır. Deyir, təxminən 3 il əvvəl oğlu Yusifin səhhətində müşahidə olunan qəfil dəyişikliklər, sürətli çəki itkisi onu narahat edib. Ancaq nə Bakıda, nə də Gürcüstanda həkimlər uşağın səhhətindəki problemlərin səbəbini aşkar edə biliib.

“2017-ci ildən 2018-ci ilədək uşağı Bakıda xeyli dövlət və özəl tibb müəssisələrini gəzdirdik, təkrar-təkrar hərtərəfli müayinələr aparıldı, anacq dərdini tapa bilmədilər. Gürcüsta apardıq, orda da konkret diaqnoz qoya bilmədilər. 2018-ci ilin oktyabrında İrana apardım. Orda müayinə edib dedilər ki, sağ beynində şiş var. Şəmkirə qayıdandan sonra Yusifdə qıcolmalar başladı. Şəmkir xəstəxanasından dedilər, bizlik deyil, Gəncə Mərkəzi Klinikasına göndərdilər, orada da bildirdilər ki, Mərkəzdə uşaq reanimasiyası yoxdur. Uşağı gecəylə ambulansa qoyub Bakıya – Mərkəzi Klinik Xəstəxanasına götürdük. Oktyabrın 10-da əməliyyat olundu, şiş çıxarıldı“, – Qabil Cəfərov deyir.

Atanın sözlərinə görə, əməliyyatdan sonra Yusifin beyninə su yığılmağa başlayıb: “Əməliyyat zamanı sağ beyinin mədəciyinə gedən damar partladılıb, sonra da tıxadılıb. Bununla da uşağın beyninə qan işləməsi məhdudlaşıb. Əməliyyatdan sonra beyinə su yığılmağa başladı. Ötən ilin yanvarında əməliyyat yolu ilə beyinə şunt qoşdular, o şuntun vasitəsilə suyu yığdılar. Bu, təxminən 20 gün davam etdi, əməliyyat edib çıxartdılar. 20 gün sonra əməliyyat edib şuntu çıxardılar. Noyabrın əvvəlində yenə əməliyyat edib şunt qoşdular. Hazırda da uşağın beynindəki suyu şunt vasitəsilə yığırlar”.

Qabil Cəfərov deyir, 3 ildə Yusifə görə yerli səhiyyə tərəfindən necə deyərlər, soğan qabığı kimi soyulub: “Qəbzləri qarşıma töküb hesablayanda az qalıram havalanam… Həkimlərə tökdüyüm məbləğ 100 min manatı ötüb, dönüb uşağa baxıram, görürəm ki, bu boyda xərcin qarşısında uşağımı daha da yarımcan ediblər. Hələ də pul tökə-tökə gedirəm. Ondan borc, bundan borc, haqq-hesab itib… İnanın, gözümə heç nə görünmür. Bircə övladımı salamat görmək istəyirəm. Yusifimin üç bacısı onunla oynaya, dindirə bilmir. Uşaq şlanq vasitəsilə qidalanır. O şlanq da 4 gündənbir dəyişir. Dəyişmək üçün Şəmkirdən Gəncəyə 60 kilometr yol gedib-gəlirik. Maşınım yoxdur, hər dəfə gedib gələndə təkcə taksilərə 70-80 manat xərcim çıxır. Azı 600 manat da aylıq dərmanları edir. Nə edəcəyimi bilmirəm. Heç nəyim qalmayıb. Dekabrın sonunda yenə Bakıya aparmışdım, uşağın səhhətində heç bir irəliləyiş yoxdur. İndi də deyirlər, yaxşısı budur, götür, bu uşağı Türkiyəyə apar. Bizim həkimlərin əlindən xəstəni bərbad vəziyyətə salıb, sonra da utanmaz-utanmaz “yaxşısı budur, götür, xaricə apar” deməkdən başqa heç nə gəlmir”.

Qabil Cəfərovun sözlərinə görə, Yusifin Türkiyədə təkcə müayinəsi üçün azı 3 min dollar lazımdır: “Ambulansla Gürcüstana aparılmalıdır, oradan başqa ambulansla Türkiyəyə götürülməlidir. Türkiyədə müayinə və ambulansın xərci 3 min dollar civarındadır. Hələ müayinədən sonra bildirəcəklər ki, uşağı damar bərpası əməliyyatına götürürlər, yoxsa yox… Əməliyyata götürməli olsalar, bunun da xərci ayrıca 40 min dollara başa gəlir”.

Yusifin 6 yaşı var. Bir neçə aydır ki, doğmalarına zillənən soyuq baxışları onları tanımır, duymur, hiss etmir… Qabil Cəfərov aylardır ki, Birinci vitse-prezidentə və əli çatan qurumlara yazıb, Yusifin müalicəsi üçün kömək istəyir. Onun Mehriban Əliyevaya yazdığı məktub Səhiyyə Nazirliyinə yönləndirilib, nazirlik Qabil Cəfərovu Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərib. Ancaq xəstəxana Yusifin müalicəsinə, əməliyyatına razı qoymayıb. Bundan sonra Qabil Cəfərov qərara gəlib ki, şəxsi “Facebook” hesabından insanlara müraciət etsin. Deyir, yardım üçün açdığı karta ayrı-ayrı şəxslər tərəfindən ara-sıra kiçik məbləğlər köçürülür. Ancaq bu, Yusifin nəinki müayinə və əməliyyatı üçün, heç aylıq dərmanları üçün də yetərli deyil.

“Mən üzümü xeyirxah insanlara tutub deyirəm, Yusifimin yaşaması üçün bizim ailəyə dəstək olun. Kimin imkanı çatırsa, səsimi dövlət qurumlarına çatdırsın, balamın bu vəziyyətə düşməsinin səbəbkarları həkimlər olub. İndi dövlət özü Yusifə kömək dursun, onu həyata qaytarsın. Aylardır ki, Yusif heç kimi duymur, eşitmir, danışmır… Eləcə, baxır… Mən onun soyuq baxışlarından hara qaçım, bilmirəm…“, – ata deyir.

Səhiyyə Nazirliyindən bildirilib ki, Qabil Cəfərov vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyaya rəsmi müraciət etməlidir. Komissiya müvafiq araşdırmalar apardıqdan sonra Yusif Cəfərovun xaricdə müalicəsi ilə bağlı qərar verə bilər.
"Bəlkə hökumət görər, kömək eləyər…" - GİLEY


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.