SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Tarix:

18-12-2019, 16:07

/ 772 dəfə oxundu.
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini gücləndirməklə yanaşı, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsini daim diqqətdə saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assambleyasının 8-ci sessiyası işə başlayıb.
Ayrı-ayrı ölkələrin dövlət rəsmilərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin qatıldıqları tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, reallaşdırılan islahatlar və ortaya çıxan problemlər müzakirə olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Prokurorluğunun, Xarici İşlər və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
Konfransda çıxış edən Kamran Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizənin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tərəqqi strategiyasının mühüm hissəsini təşkil etdiyini, aşkarlıq və şəffaflıq prinsiplərinin ölkəmizin iqtisadi-sosial inkişaf siyasətinin mərkəzində durduğunu bildirib. Nümayəndə heyətinin rəhbəri ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri, korrupsiyanın qarşısının alınmasında “ASAN xidmət” modeli, bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə geniş məlumat verərək, Azərbaycanın BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası ilə bağlı I mərhələni yüksək nəticələrlə tamamlamasını, hazırda isə II icmal mərhələsinin uğurla davam etdirildiyini vurğulayıb.
Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatı adından çıxış edərək Hərəkat üzvlərinin korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına verdiyi önəm, korrupsiyanın təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunmasına mənfi təsiri, eləcə də innovativ yanaşmalar və texnoloji yeniliklərdən istifadə ilə korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə konfrans iştirakçılarını məlumatlandırıb.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Tunisin Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Xidmətinin rəisi Çavki Təbibin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib, cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu sahədə səylərin birləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Tunis Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Xidməti arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti ilə Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı direktoru xanım Kristian Pohn-Hufnaqlın rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Azərbaycanın təşkilatın ən fəal üzvlərindən olduğunu qeyd edən K.Pohn-Hufnaql ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələrə görə minnətdarlığını bildirib.
Kamran Əliyev Azərbaycanın qurumun akademik proqramlarında geniş təmsil olunduğunu, bunun əməkdaşların peşəkarlığının artırılmasında mühüm rol oynadığını bildirib. Görüşdə, həmçinin Akademiyanın antikorrupsiya təlimləri üzrə magistr proqramının növbəti modulunun 2020-ci ilin aprelində Bakıda keçirilməsinə dair müvafiq sənəd imzalanıb.
Bununla yanaşı, nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində təşkil olunan müxtəlif iclas və panellərə qatılaraq müzakirələrdə fəal iştirak edib.
Konfransda Azərbaycan nümayəndə heyəti ilə Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Belçika Krallığı, Malayziya və digər ölkələrin, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılıb, iştirakçılara ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən materiallar təqdim olunub.
Tədbirdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev iştirak edib.
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Şərhlər

XƏBƏR LENTİ