XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bankir Zeynalovun heyrətamiz fırıldaqları və ona inanan sadəlövhlər

Bankir Zeynalovun heyrətamiz fırıldaqları və ona inanan sadəlövhlər

Bankir Zeynalovun heyrətamiz fırıldaqları və ona inanan sadəlövhlər
2-12-2019, 09:19

Ötən həftə "Günaybank" ın keçmiş sədr müavini Emin Zeynalovun on milyonlarla dollarlıq dələduzluq əməli ilə bağlı məhkəmə istintaqının növbəti iclası keçirilib. İclas zərərçəkmiş İlqar Abbasovun ifadəsi ilə başlayıb. O, E. Zeynalova cəmi 600 min dollar verdiyini açıqlayıb.

“Pulları Zeynalov “Günaybank”da işləyərkən köçürdüm. Emin mənə izah etdi ki, bütün əməliyyatlar onun nəzarəti çərçivəsində həyata keçir və əmanətimi bankın dövriyyəsinə buraxa, yaxşı gəlir verə bilər. Əvvəlcə 200 min, sonra 400 min dollar köçürdüm. Pulu birbaşa banka təhvil verdi, amma imzalamaq üçün sənəd vermədilər. Zeynalov mənim pullarımın Fəvvarələr meydanında yerləşən “Günaybank” mübadilə məntəqəsində dövriyyədə olacağını dedi. Faiz olaraq hər ay ondan beş min dollar alırdım”, - deyə İ.Abbasov ifadəsində bildirib.

Hakim Əfqan Hacıyev zərərçəkmiş İ. Abbasovdan bilavasitə “Günaybank”ın rəhbəri ilə görüşüb-görüşmədiyini soruşduqda, o mənfi cavab verib: "Emin məni əmin etdi ki, nəinki mənim pullarım, hətta digərlərinin də pulu dövriyyə zamanı mübadilədən keçir və hələ heç kim də şikayətçi olmayıb. Mən də onun sözünə aldandım”.

Sonra Abbasov E. Zeynalova 200 min dolları bağışlamağa hazır olduğunu, lakin qalan 300 min dolları qaytarmalı olduğunu bildirib.

Məhkəmədə növbəti zərərçəkmiş kimi Tamerlan Şeyxzamanov dindirilib. O deyib ki, E. Zeynalova 100 min dolları valyuta mübadilə məntəqələrində, əvvəlcə “Əmrahbank”, sonra isə “Günayban”kda dövriyyəyə buraxmağı üçün təhvil verib.


“14 ay ərzində yatırdığım vəsaitdən mənfəət olaraq Zeynalovdan 42 min dollar aldım. Əvvəlcə mütəmadi olaraq faizlərimi ödəyirdi, ancaq 2018-ci ilin may ayında bildim ki, E. Zeynalov külli miqdarda pulu mənimsəyərək yoxa çıxıb. Sonra Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Tez bir zamanda öyrəndim ki, Zeynalov tərəfindən mənim kimi aldanan bir çox insan var”, - T. Şeyxzamanov deyib.

"İnvestor" E. Zeynalova inanaraq, qəribə məntiqə görə, onlar böyük miqdarda pulu yalnız şəxsi tanışlığa etibar edərək, heç bir rəsmiləşmə olmadan veriblər. Mənfəət əldə etmək üçün onların heç biri Zeynalovun təklif etdiyi sxemin nə qədər qanuni və real olduğunu yoxlamaq fikrində olmayıblar.

Beləliklə, E. Zeynalov heyrətamiz dərəcədə insanların inamından sui-istifadə edərək, daha doğrusu külli miqdarda məbləğ əldə etmək üçün şəxsi istəklərinə görə piramida prinsipinə əsaslanaraq əsl fırıldaqçılıq həyata keçirdi.

Zərərçəkmiş Rüfət Kərimovla bağlı isə tamamilə lətifəyə uyğun bir vəziyyət yaranıb. Kərimovun sözlərinə görə, o, “Əmrahbank”da işləyərkən 1.4 milyon dolları “pul qoyub pul qazanmaq üçün” E. Zeynalova pul əmanət edib. Faizləri götürməyib, görünür, daha böyük bir məbləğ toplamaq qərarına gəlib. Və səhv hesablama – adam demək olar ki, heç bir məbləğ ala bilməyib.

"Emini yaxşı tanıyırdım, onun pul fırlatmaq bacarığına da dərhal inandım. Təsəvvür edirsiniz, mən qazancımı hissə-hissə də götürmədim, hamısını birdən götürmək istəyirdim, amma bütün pullarım batdı", - zərərçəkən əsəbiləşib.

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov zərərçəkmiş R. Kərimovu sual atəşinə tutub. Birincisi, orta yaşlı iş adamı bu qədər pulu haradan alıb, ikincisi, “GünayBank”ın sədri Mahmud Məmmədov təqsirləndirilən şəxsin etdiyi fırıldaqçılıqdan xəbərdar idimi?

R. Kərimov nə işlə məşğul olduğunu açıqlamadan Türkiyədə pul qazandığını söyləyib. Qohumu, bankir M. Məmmədova gəlincə, o, rəhbərlik səviyyəsində məsələni qaldırmadığını və vəsaitlərini dövriyyəyə qoyaraq Emin Zeynalovla işbirliyi qurduğunu deyib.

Müdafiəçi K. Nəsibov Rüfət Kərimovun kommersiya fəaliyyətinin qanuniliyinə baxılması, xüsusən də dövlətə heç bir vergi ödəmədiyi qazancından E. Zeynalovla maliyyə əməliyyatlarının aparılmasınıın nə dərəcədə düzgün olduğunun araşdırılması üçün məhkəməyə müraciət edib.

Qəribədir, niyə K. Nəsibov yalnız R. Kərimovu ittiham edərək digər zərərçəkənlərə və şahidlərə qarşı eyni tələbləri qoymadı? Bu, şəxslərin hamısı E. Zeynalova inanaraq mənbəyi məlum olmayan gəlirlərindən ona külli miqdarda pulu verib və heç kim qeyri-leqal gəlirlərinə görə vergi ödəməyib.

İttihama görə, Emin Zeynalov bank xaricində pul dövriyyəsi üçün qanunsuz bir sxem təşkil edib və onlarla insanın milyonlarla dollar pulunu mənimsəyib. Depozit olaraq külli miqdarda pul cəlb edib və aylıq 3-6% miqdarında divident ödəyib. Ancaq bir müddət sonra Emin Zeynalov dələduzluq yolu ilə aldığı bütün pulları mənimsəyərək yoxa çıxıb. Prokurorluq həmçinin iddia edir ki, E. Zeynalov yığdığı pulları “Forex” valyuta birjasında əməliyyatlarda istifadə edərkən külli miqdarda itkilərlə üzləşib və onun qurduğu fırıldaqçılıq piramidası məhv olub. Emin Zeynalov tərəfindən aldadılan insanlar arasında bir neçə yüksək vəzifəli məmurun olduğu qeyd olunur.

virtualaz.org

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.