Oqtay Gülalıyev İstanbulda “Amerika xəstəxanasına” köçürülüb – Xanımı
- 18-11-2019, 17:37
- 909
Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, İstanbulun “Avrasiya” klinikasında aparılan müalicə nəticə verməyib.
“Oqtay komadan ayılmayıb. Vəziyyəti ağır olaraq qalır,” o bildirib.
Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.
Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.
Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.
Bundan sonra, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.
Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə isitnadən bildirib ki, atasının komadan ayılması 6 aydan bir ilədək çəkə bilər.
“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.