XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Azforel”də barmaqlarını itirən gənc hərəkətli əl protezi tələb edir -“İcra başçısının oğlu dedi ki, heç yerə xəbər vermə”

"Azforel”də barmaqlarını itirən gənc hərəkətli əl protezi tələb edir -“İcra başçısının oğlu dedi ki, heç yerə xəbər vermə”

"Azforel”də barmaqlarını itirən gənc hərəkətli əl protezi tələb edir -“İcra başçısının oğlu dedi ki, heç yerə xəbər vermə”
18-11-2019, 14:41

“1 ildir ki, işlədiyim balıq zavodunda sol biləyimi itirmişəm, ömürlük əlil qalmışam. Müəssisə nə kompensasiya ödəyir, nə də vəziyyətimlə maraqlanır. Müəssisənin sahibi rayonumuzun icra başçısının oğludur. O da xəstəxanada olduğum ilk günlər gəlib-getdi, dedi, heç yerə xəbər eləmə, nə lazımdırsa, edəcəyik. Ancaq tələb etdiyim hərəkətli protez biləyi təşkil etmir. Halbuki, özü söz vermişdi ki, protez bilək düzəltdirəcək. İndi deyir, çox bahadır, ucuzlu protez istəyirsənsə, edək, mən də razılaşmıram”.

Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 27 yaşlı Şahmar Qurbanov 2015-ci ildə Dövlət Aqrar Universitetinin baytarlıq və zoomühəndislik fakültəsini bitirib. Meydan TV-yə danışır ki, 2017-ci ilin mayında rayonun Seyfəli kəndində yeni qurulmaqda olan “Azfarel” balıqartırma müəssisəsində işə başlayıb. Əvvəl zavodun qurulmasında fəhləlik edib, zavod işə başlayanda öz ixtisası üzrə mütəxəssis kimi işinə davam edib. Ancaq bir neçə aydan sonra müəssisənin direktoru Mahir Abbasov ona müəssisənin yem istehsalı sexində xırda balıqlar üçün yem hazırlamağı tapşırıb. Şahmar Qurbanov yem hazırlayarkən bilgisizlik üzündən iri elektrik ət maşını ilə naşı davranarkən sol biləyi maşının içində qalaraq barmaqlarının hamısı dibindən doğranıb.

“Başçının oğlu dedi, direktor deyən olacaq”

Şahmar Qurbanov başına gələnlərdən danışır:“Mənim işim balıqların saxlanma yerlərinin təmizliyini, yemlərinin standarta uyğun olub-olmamasına nəzarət etmək, xəstə balıqları müəyyən edib ümumi balıqlardan ayırmaq, xəstə balıqların xüsusi yemlənməsini nəzarətdə saxlamaqdan ibarət idi. İlk aylarda işə başlayanda müqavilə bağlanmamışdı, zavodun işi qurulurdu, mən də gələcəkdə işə götürüləcək digər rayon sakinləri kimi müəssisədə aparılan inşaat və digər işlərdə çalışırdım.

Müəssisənin qurulması başa çatdı, açılışı oldu və iş başlayanda müqavilə bağlanmasını tələb etdim. Təxminən 6 ay müqaviləsiz işlədim, 2018-ci il aprelin 2-də mənimlə müqavilə bağlandı. Müqavilədə maaşım 276 manat qeyd olunmuşdu, gerçəkdə isə 470 manat ödənilirdi. Həmin vaxtdan 276 manata qol çəkib 470 manat almağa başladım. İşimin öhdəsindən yaxşı gəlirdim, özləri də məni yaxşı işçi kimi tərifləyirdilər. Ancaq həmin ilin yayında müəssisənin direktoru Mahir Abbasov dedi ki, sən burda 470 manat maaş alırsan, işinsə yüngüldür, səni yem hazırlama sexinə keçirdirəm, get, orda işlə. Etiraz etdim, bir neçə gün işə getmədim. Zəng vurub işə çağırdı, dedi, gəl, qısa müddət yemçəkən işçilərə kömək elə, sonra öz sahənə qayıdarsan. Etiraz elədim, icra başçısı Alimpaşa Məmmədovun oğluna – müəssisənin sahibi Adil Məmmədova zəng vurub şikayət etdim. Dedi, Mahir müəllim nə deyirsə, o da olmalıdır. Deyirsə “yemçəkən sexə keçməlisən, deməli, ora keçməlisən”. İşsiz qalacağımı düşünüb məcburiyyətdən razılaşdım”.

Ətçəkən maşın barmaqlarını doğrayıb

Şahmar Qurbanov müqavilədə öz ixtisası üzrə işçi kimi qeyd olunsa da, ötən ilin yayından işinə balıq yemi istehsalı sexində davam edib. Ötən il noyabrın 19-da növbəti dəfə iri elektrik ət maşınında yem çəkərkən sol biləyi maşının içində qalıb, maşın barmaqlarını doğrayıb:

“İş yoldaşlarımdan birinin maşınıyla məni Şəmkirin mərkəzi xəstəxanasına apardılar. Xəstəxana vəziyyətimin ağır olduğunu bildirib qəbul eləmədi. Oradan Gəncədəki 3 saylı xəstəxanaya götürüldüm. Dekabrın 12-dək orada qaldım. Xəstəxanada qaldığım müddətdə Alimpaşa Məmmədovun oğlu Adil müəllim yanıma gəldi, dedi, heç yerə xəbər eləmə, nə lazımdırsa, sənin üçün edəcəyik. Elə xəstəxanada olduğum vaxt Mahir müəllim gətirib mənə maaş kartımı verdi, dedi, kart sisteminə keçmişik, içində 276 manat vardı. Əlbəəl də 200 manat verdi. Dedi, başçı da, oğlu da nə kömək lazımdırsa, edəcəklər sənə...”

Şahmar Qurbanov deyir, xəstəxanadan çıxandan iki gün sonra müəssisə rəhbərliyindən ona zəng gəlib, bildirilib ki, biləyini protezləşdirmək üçün Bakıya getmək lazımdır.

“Dedilər, protezə ödəməyə 70 min dollarımız yoxdur”

“Birlikdə Bakıya gəldik, Protez Ortopedik Bərpa Mərkəzindən dedilər ki, onlarda hərəkətli protez yoxdur, xaricdən sifarişlə gətirilir, bunun üçün isə Səhiyyə Nazilriyinin icazəsi olmalıdır. Qiyməti də təxminən 70 min dollaradır. Müəssisə rəhbərliyi əvvəl razılaşmışdı. Mərkəzdən dedilər ki, protez yara sağalandan sonra - ən tezi iki aya qoyula bilər. Qayıtdıq Şəmkirə, o vaxtdan da nə qədər zəng etdimsə, nə müəssisənin direktoru Mahir Abbasov, nə də müəssisənin sahibi Adil Məmmədov zənglərimə cavab verdi. Sonra da xəbər göndərdilər ki, hərəkətli protezin belə baha olduğunu bilmirdik, istəyirsənsə, 2-3 min manatlıq hərəkətsiz, sadə protez düzəltdirək”, - Şahmar Qurbanov deyir.

“Azfarel” MMC-dən bildirilib ki, müəssisənin başqa sahəsində çalışan Şahmar Qurbanov balıqyetişdirmə sexinə özbaşına girib və elektrik ət maşınını işə salarkən barmaqları kəsilib. Sexin nəzarətsiz qalmasına görə müəssisənin balıqyetişdirmə zonasının müdiri İlham Hüseynov cəzalandırılaraq işdən çıxarılıb, hazırda isə Şəmkir Rayon Məhkəməsində məhkəməsi davam edir. Müəssisə rəhbərliyi Şahmar Qurbanovun əlinin protezləşdirilməsini təklif etsə də, o, imtina edib. Şahmar Qurbanova ömürlük kompensasiya kəsilib-kəsilməyəcəyi isə məhkəmədən sonra məlum olacaq.
Hazırda məhkəmə qarşısında dayanan İlham Hüseynov həbs altında saxlanılmır, istintaq zamanı ondan heç yerə getməmək barədə iltizam alınıb. O, Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma nəticəsində sağlamlığa ağır zərər vurma) maddəsilə təqsirləndirilir. O, istintaqa verdiyi ifadəsində bildirib ki, Şahmar Qurbanovu başqa sexin işçisi kimi tanıyıb. Hadisə zamanı balıqyetişdirmə vətəgəsində olarkən işçilərdən biri onunla əlaqə saxlayaraq Şahmarın başına gələnlər barədə məlumat verib.

Məhkəmə sorğu göndərib

Məhkəmə bu il oktyabrın 30-da Protez Ortopedik Bərpa Mərkəzinə sorğu göndərib. Məhkəmə Mərkəzdən Şahmar Qurbanova gələcəkdə tətbiq olunacaq bionik əl protezinin, silikon kosmetik əl protezinin və mexaniki əl protezinin ayrı-ayrılıqda qiymətləri ilə bağlı məlumat verməsini istəyib. Mərkəz noyabrın 20-dək məhkəmənin sorğusunu cavablandırmalıdır.

Hüquqşünas Namizəd Səfərov deyir, Şahmar Qurbanov ömürlük kompensasiya ilə bağlı müəssisəyə mülki qaydada ayrıca iddia qaldırmalıdır.

“Azfarel” MMC-nin “Azfarel” balıqyetişdirmə müəssisəsi Şəmkirçay su anbarının sahilində - 6 hektar ərazidə yerləşir. Müəssisənin qurulması 43 milyon manata başa gəlib. Müəssisə Şəkmir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Alim Paşayevə məxsusdur. Müəssisə istifadəyə verilərkən başçı “Azfarel”i Qafqazın ən böyük balıqyetişdirmə müəssisəsi adlandırıb.

Mənbə meydan.tv

"Azforel”də barmaqlarını itirən gənc hərəkətli əl protezi tələb edir -“İcra başçısının oğlu dedi ki, heç yerə xəbər vermə”


XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.