SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polkovnikdən ölkə başçısına MÜRACİƏT

Polkovnikdən ölkə başçısına MÜRACİƏT

Tarix:

7-11-2019, 17:30

/ 1 155 dəfə oxundu.
Polkovnikdən ölkə başçısına MÜRACİƏT

Əfqanıstan və Qarabağ veteranı, ehtiyatda olan polkovnik Ağa Fəttahov mənzil problemi ilə bağlı haqsızlıqla üzləşib.
"Yeni Sabah"a müraciət edən Ağa Fəttahov bildirib ki, Müdafiə Nazirliyi illərdir ki, bu problemi həll etməkdən yayınır.

Məlumat üçün deyək ki, Ağa Fəttahov 1963-cü ildə Bakı Hərbi Ali Məktəbini bitirib. SSRİ ordusunda, Ukrayna, Əfqanıstan, Leninakan və Lənkəranda hərbi qulluq keçib. Əfqanıstanda hərbi xidmətinə görə "Qırmızı ulduz" ordeni ilə təltif olunub. 1991-ci ildən Azərbaycan Ordusunda xidmət edib. Azərbaycanın bütövlüyü uğrunda döyüşlərin fəal iştirakçısı olub. 1992-ci ilin mart ayında müdafiə nazirinin əmrilə vaxtından əvvəl mayor rütbəsi alıb. 1995-ci ildən 2012-ci ilə qədər Şuşa, Xocalı, Lerik və Tovuz rayonlarının hərbi komissarı vəzifəsində çalışıb.

Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunandan sonra polkovnik-leytenant işdən azad edilərək təqaüdə göndərilib. Bir müddət sonra yenidən Ağdaşın hərbi kommisarı vəzifəsinə təyin edilib və polkovnik rütbəsi alıb. Lakin fəaliyyəti uzun sürməyib.



Hazırda təqaüddə olan Ağa Fəttahov üzləşdiyi haqsızlıqla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib:

“Cənab Ali Baş Komandan, mən daim dövlətçiliyə xidmət etmiş şəxs olmuşam. 1995-ci ildə dövlət çevrilişinə cəhdin qarşısını alan zabitlərdən biriyəm. Əfqanıstanda və Qarabağda döyüşmüşəm. Hazırda ehtiyatda olsam da yenə də bir hərbçi kimi vətənimizin keşiyində durmağa hazıram.

Cənab Ali Baş Komandan, hərbi qulluqçu kimi dövlət tərəfindən mənə mənzil düşsə də, illərdir ki, Müdafiə Nazirliyi bu problemi həll etmir. Dəfələrlə etdiyim müraciətlərin heç bir nəticəsi yoxdur.

Bu günlərdə Siz növbəti dəfə məmurlara xəbərdarlıq etdiniz. Azərbaycanı inkişafdan saxlayan, xalqı dövlətdən, hakimiyyətdən narazı salan məmurlarla bağlı sərt tədbirlər görəcəyinizi bəyan etdiniz. Mən də bundan ruhlanaraq Sizə müraciət etməyi qərara aldım.

Cənab Ali Baş Komandan, Sizin fərmanlarınız faktiki olaraq yerinə yetirilmir. Xüsusilə, bu gün hərbçilərlə bağlı vəziyyət çox acınacaqlıdır. Mənim kimi yüzlərlə hərbçi, Qarabağ veteranı və qazisi var ki, məmurların qanunsuz əməllərindən cana doyub. Necə ola bilər ki, bu gün Əfqanıstan və Qarabağ veteranı olan peşəkar hərbçi, polkovnik evsiz qalsın. Mən bilirəm ki, Siz hərbi sahəyə ciddi önəm verirsiniz. Amma təəssüflər olsun ki, bəzi məmurlar ya bunu anlamır, ya da qəsdən, narazılıq yaratmaq üçün hərbçilərlə bağlı problemləri görməzdən gəlirlər.

Mənim bir övladım gözdən əlildir. Ona 2-ci qrup əlillik dərəcəsi düşdüyü halda vermədilər. Mənzil problemim illərdir həll olunamış qalıb. Siz maaşların 40 faiz artırılması barədə sərəncam verirsiniz. Amma bəlli olur ki, bizə 25 faiz yazıblar.

Cənab Ali Baş Komandan, məmurların bu cür fəaliyyətinin nəticəsidir ki, insanların kütləvi aksiyalara həvəsi artır. Cənab Ali Baş Komandan ümid edirəm ki, bu müraciətimin müsbət nəticəsi olacaq”.

Şərhlər

XƏBƏR LENTİ