Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “Məktəb direktorundan nazir müavininə ağır ittiham” və “Məktəb direktorundan müdhiş şantaj” başlıqlı məqalələr dərc olunmuşdu.
Məqalələrdə qeyd olunurdu ki, 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirərək böyük var-dövlət sahibinə çevrilib. Direktorun əsas qazanc yerlərindən biri müəllim və şagirdlərdən yığdığı qanunsuz pullardır.
Müəllimlər günü münasibəti ilə 53 saylı orta məktəbdə pul yığma kompaniyasının keçirildiyi, şagirdlərdən ən azı 50 manat istənilərək alındığı və direktorun məktəbin müəllimlərinin əksəriyyətinə dərs saatını çox yazaraq əlavə pullar götürməsini qeyd etmişdik. Direktorun təsərrüfat işləri üzrə müavini olan doğmaca qaynı Rahib Cəfərovun əli ilə məktəbin sinif otaqlarını repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərə aylıq icarəyə də verdiyini xüsusi vurğulamışdıq. Bundan başqa 9, 10, 11-ci siniflərdə oxuyan xeyli sayda şagirdin ancaq adları dərs jurnallarında olduğunu da qeyd etmişdik. Çünki həmin şagirdlər ya hazırlıq kurslarına, ya da özəl müəllim yanına getdiklərindən məktəbə vaxt ayıra bilmirlər. 15 ilə yaxındır 53 saylı orta məktəbə rəhbərlik edən F.Həsənova artıq öz yerini xeyli bərkitdiyini açıq şəkildə məktəbi bazara çevirməkdən çəkinmir.
Dediklərimizə sübut kimi bir faktı da xatırladaq. Bu yaxınlarda 8A sinfində kütləvi şəkildə pul yığılmasına valideynlər ciddi etiraz etmişdilər. Sinif rəhbəri Təranə müəllimə direktorun tapşırığı ilə summativlərə görə hər şagirddən 50 manatdan pul yığmışdı. Valideynlərin narazılığından və şikayət edəcəklərindən ehtiyat edən direktor günahı sinif rəhbərinin üstünə atıb və onu işdən çıxararaq yerinə Şükufə müəlliməni təyin edib. Bu kimi hallar 53 saylı məktəbdə tez-tez baş verir. Amma hələ ki, direktor vəzifəsində qalmaqdadır.
Qarşı tərəfi də dinləməyə hazırıq.