“Bələdiyyə fəaliyyətini qurmaq üçün maliyyəsi olmalıdır”.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.
A. Rəhimzadə deyib ki, qanunvericiliyə əsasən, bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi yığmaq hüququ var: “Ancaq çox az sayda insan mülkiyyətində olan mənzillə əlaqədar əmlak vergisi ödəyir. Bakıda yaşayan insanlar mənzil istismar idarələrinə lift və digər xidmətlər üçün pul verirlər. Ancaq bu, mənzil istismar idarələri tərəfindən yığılan puldur, bələdiyyələrə heç bir dəxli yoxdur. Hələlik mənzil istismar idarələri bələdiyyələrin nəzdində deyil. Bir müddətdən sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək. Bunun üçün qanunvericiliyə dəyişiklik olmalıdır, mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək. Hazırda bələdiyyələrin mənzil istismar idarələrini idarə etmək üçün tam imkanları yoxdur. Gərək bələdiyyələr təcrübə əldə etsin, əhali ilə bələdiyyələr arasında yüksək səviyyədə münasibətlər yaransın. Bundan sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək, bələdiyyələrə digər səlahiyyətlər də veriləcək” (APA)