SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zığda yolsuzluq, zülmət, “pampers” yeyən inəklər və daha nələr... - SAKİNLƏR ELDAR ƏZİZOVA MÜRACİƏT ETDİ

Zığda yolsuzluq, zülmət, “pampers” yeyən inəklər və daha nələr... - SAKİNLƏR ELDAR ƏZİZOVA MÜRACİƏT ETDİ

Tarix:

6-09-2019, 23:10

/ 1 404 dəfə oxundu.
Zığda yolsuzluq, zülmət, “pampers” yeyən inəklər və daha nələr... - SAKİNLƏR ELDAR ƏZİZOVA MÜRACİƏT ETDİ

Bakının son illər qeyri-leqal məskunlaşma nəticəsində böyüyən, eyni zamanda problemləri də artan qəsəbələrindən biri də Zığdır.

Virtualaz.org-a istinadən xəbər veririk ki, qəsəbədə əsas problem yol, avtobus, küçələrdən vaxtlı-vaxtında daşınmayan zibillik və bu zibilləri məhəllələrə qədər yayan sahibsiz itlər, nəzarətsiz buraxılıb binaların həyətlərində özlərinə yem axtaran, tapmayanda çirkli “pampersləri” yeyən mal-qaradır. Sakinlər deyiblər ki, daha şikayətlənməkdən də beziblər, problemlərinin nə vaxtsa düzələcəyinə ümidləri qalmayıb.

Problem yoldan başlayır

...Zığ qəsəbəsinə gedib çıxmaq asan deyil. Çünki qəsəbənin öz avtobus marşrutu yoxdur, camaat Zığ kəndinə, yaxud Hövsana gedən avtobuslardan istifadə edir. Baxmayaraq ki, Zığla şəhər mərkəzi arasında cəmi 25-30 dəqiqəlik məsafə var. Zığ kəndinə gedən avtobus “dördyol” deyilən yerdə saxlayır, qəsəbəyə gedənlər düşüb evlərinə qədər kələ-kötür yolla xeyli piyada gedirlər.

Sakinlər danışırlar ki, harasa getmək üçün Zığ kəndinin, ya da Hövsanın avtobusunu gözləməli olurlar. Avtobuslar isə qəsəbəyə çatana kimi dolur, pik saatlarında basabas yaranır. “Bunun qışı, soyuğu var, çox çətinlik çəkirik”,- sakinlərdən Xanım Məmmədova deyib.

Bir-iki il əvvəl Zığ-Hava limanı istiqamətində daha bir yol istifadəyə verilib. Sakinlər təxminən 2 ilə yaxın tozun-torpağın içində gedib-gəliblər, amma heç olmasa qəsəbəyə qalxan yolun təmir ediləcəyinə ümid ediblər. Çünki yol bir tərəfdən də ağır texnikanın işləməsi nəticəsində dağılıb, pis vəziyyətə düşüb.

“Bu yol ayrıcına diqqətlə baxın, bordürün bu tərəfi yaşayışımızın əyani nümunəsidir”,-bunu isə Elmar adlı sakin deyib.

Sakinlər bildiriblər ki, qəsəbəyə marşrut xəttinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət ediblər. Agentlikdən deyiblər ki, marşrut xətti açıla bilər, amma əvvəlcə yol olmalıdır, Zığda isə heç dayanacaq qoyulması üçün boş ərazi də yoxdur. Agentlik haqlıdır, doğrudan da avtobus qəsəbənin bu miskin yollarında tezliklə sıradan çıxar.

Sakinlərin gecə əzabı

Sahibsiz itlər də bir tərəfdən sakinlərin canını boğazına yığıb. Axşamlar Hövsan və əks istiqamətdə gedən yollarda işıqlar söndürülür. Hər tərəf zülmətə qərq olur. Sakinlər isə qaranlıq yollardan və sahibsiz itlərin qorxusundan C.Naxçıvanski adına hərbi litseyin qarşısındakı dayanacaqda gözləyən taksilərlə evlərinə gəlirlər. Bu da əlavə xərcdir.

“Qəsəbə sahibsiz itlərlə doludur, dəfələrlə adamlara cumublar, dişləyiblər. İtlərin qorxusundan hər axşam işdən gələndə bu dayanacaqdan evə getmək üçün taksiyə 3 manat verirəm, aldığım maaş da elə yolpuluna gedir”,-sakinlərdən biri söyləyib.

Zığ-Hövsan-Hava Limanı beton yolu çəkilərkən yeraltı piyada keçidi də tikilib. Amma keçid günün günorta çağı belə qaranlıq olur, müşahidə kameraları yoxdur, üstəlik ərazidə işləyənlər keçiddən tualet kimi istifadə edillər. Üfunət iyindən baş çatlayır. Bir tərəfdən də hava soyuyan kimi itlər keçidə dolur.
Sakinlər danışıblar ki, gecə səhərə kimi itlərin səsindən rahatlıqları yoxdur. Amma itlər sakinlər üçün problemə çevrilmiş yeganə dördayaqlıla deyil, bu qəsəbədə inəklər də “otlayır”...

“İnəyi 2-ci mərtəbədən güclə düşürdük...”

Sakinlər deyiblər ki, qəsəbəyə qalxan yol, beşmərtəbəli binaların qarşısı hər gün süpürülür, amma təmizlik cəmi bir neçə dəqiqə çəkir. İnəklər zibil qutularını aşırdır, zibillik yola dağılır.

“Yazıq süürgəçi kişi az qala blokların içinə kimi hər yeri təmizləyir, zibiləri qutulara daşıyır. Bu mal-qaranın sahibləri düşünmür ki, onun südündən-qatığından övladlarımız, uşaqlar da yeyir? İnək nə qədər çirkli pamperslə qidalanar? Bu inəklər görəndən sonra ağartıdan iyrənmişik”,- qəsəbə sakini Azad Qurbanov deyir.

Onun sözlərinə görə, mal-qara Zığ kəndindən gəlir.

“İlk dəfə idi görürdüm, inək binanın 2-ci mərtəbəsinə kimi qalxmışdı, 3-4 kişi yığışıb güclə düşürdük. Sahibin cərimələsələr bir daha heyvanları küçəyə buraxmazlar. Axı qəsəbə örüş sahəsi deyil”,-sakin əlavə edir.

Problemlərin mənbəyi

Zığda son 5-6 ildə yeni məhəllələr salınıb, hansı ki, bu məhəllələrdə ölkənin ən müxtəlif yerlərindən paytaxta axışanlar məskunlaşıb, qayalıqların arasında, yol kənarlarında, qaz borusunun üstündə, işıq xəttinin altında , bir sözlə harada gəldi fərdi ev tikiblər. Əlbətdə, özbaşına tikməyiblər, bu sahələri onlara kimlərsə satıb, məmurlar da haqqını alıb tikintiyə göz yumublar.

“Təxminən 20-30 il əvvələ kimi bu ərazilərdə ev tikilməzdi, deyirdilər ki, sürüşmə ərazisidir. Amma sonradan harada gəldi ev tikildi, çoxunun da əlində bələdiyyədən hansısa kağız var. Günəşli ilə Zığ arasındakı qayalıqlar qırıldı, evlər tikildi. Nəticədə kanalizasiya xətti də yükləndi, sürüşmə aktivləşdi”,- yaşlı sakinlərdən biri söyləyib.
Hətta beşmərtəbəli binaların arxasındakı həyətlərdə də yanğın keçidləri qapadılıb, fərdi evlər tikilib. Yanğın, yaxud hansısa fövqəladə hal baş verərsə, binalara xüsusi texnikanın yaxınlaşması mümkün olmayacaq. Binaların həyətlərində uşaqların oynaması üçün ərazi saxlanılmayıb, ümumiyyətlə, Zığda sakinlərin istirahəti üçün park, yaxud hansısa yaşıllıq ərazisi yoxdur.

Suraxanı İcra Hakimiyyəti: “Proqram hazırlanır...”

Sakinlər soruşublar ki, qaz borusunun yerini dəyişib ev tikilməsinə, yüksək gərginlikli elektrik xəttinin altında ikimərtəbə ucaldılmasına, səkinin şəxsi mülk kimi hasarlanmasına, nəhayət az qala bir-birinin içində tikilən evlərə görə kim məsuliyyət daşıyır? Təəssüf ki, Zığ qəsəbə nümayəndəliyinin, Zığ bələdiyyəsinin abadlıq işləri ilə bağlı illik hesabatlarında bu suallara cavab yoxdur.

Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov isə virtualaz.org-a deyib ki, yaxın zamanlarda Zığ sakinlərinin problemləri həllini tapacaq. Həm Zığ qəsəbəsi, həm də eyni adlı kəndlə bağlı xüsusi proqram hazırlanır. Proqramda Zığın abadlaşdırılması, kanalizasiya xətinin yenilənməsi, yaşıllıqların artırılması, eləcə də uşaqların əylənməsi üçün ərazilərin yaradılması nəzərdə tutulub. Proqram təsdiqlənəndən və icra ediləndən sonra Zığ paytaxtın gözəl güşələrindən birinə çevriləcək.
Zığ sakinləri isə deyirlər ki, belə vədləri əvvəllər çox eşidiblər. İndi onların ümidi Bakının yeni rəhbəri Eldar Əzizovadır. Sakinlər saytımız vasitəsilə Eldar Əzizova müraciət edib şəhər başçısını Zığa, problemlərə yerindəcə nəzər salmağa, onları dinləməyə dəvət edirlər. Deyirlər ki, Eldar Əzizovun şəhərdə gördüyü işləri izləyirlər və inanırlar ki, başçı Zığın da problemlərinə diqqət ayıracaq...












Şərhlər

XƏBƏR LENTİ