SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib

Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib

Tarix:

18-01-2017, 17:02

/ 2 903 dəfə oxundu.
Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib

Yanvarın 18-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov "Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib. Akademik Fəxrəddin Qədirov bölmənin elmi fəaliyyətinin geologiya, geofizika, neft və qaz yataqlarının işlənilməsi, seysmologiya və coğrafiya sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəldildiyini diqqətə çatdırıb. Bildirib ki, YEB-də Geologiya və geofizika, geodinamika və geoloji təhlükələr, Neft-qaz yataqlarının işlənilməsi, Coğrafiya, Ekologiya və Xəzər dənizi seksiyaları və alternativ enerji, Təbii resurslar, ətraf mühitin qorunması və ekologiya, Təbii fəlakətlər və proqnoz kimi komissiyalar fəaliyyət göstərir.

Alim qeyd edib ki, bölmədə çökmə hövzələrinin təkamülü və quruluşu, palçıq vulkanizmi, neft və qazın geologiyası və geokimyasının fundamental problemləri, neft-qaz yataqlarının işlənilməsi, yerin geofiziki sahələri və təbiəti, müasir geodinamika və seysmologiya, geoloji təhlükələrin proqnozlaşdırılması, alternativ enerji mənbələri, tətbiqi geologiya və geofizika, Xəzər dənizi ekosisteminin kompleks öyrənilməsi, landşaft dəyişmələrinin dinamikası, iqlim dəyişmələri və demoqrafiya kimi prioritet istiqamətlərdə tədqiqat işləri aparılıb.

Akademik məruzəsində son dövrlərdə müvafiq elm sahələrinin müxtəlif istiqamətləri üzrə əldə edilmiş mühüm nəticələr haqqında geniş məlumat verib: "Bölmədə multidissiplinar tədqiqatlara xüsusi önəm verilir. "Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi", "Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması", "Azərbaycanın Günəş Enerjisi Atlası" elmi-tədqiqat proqramlarının icrası davam etdirilir. Bu istiqamətdə növbəti addım kimi 2017-ci ildən başlayaraq gələcək dövr üçün elmi tədqiqat müəssisələrinin modernləşdirilməsi, strukturunun prioritet istiqamətlərə uyğun olaraq yenilənməsi və yüksək texnologiyaların tətbiqi, beynəlxalq elmi mərkəzlərlə əlaqələrin genişləndirilməsi, birgə tədqiqatların aparılması, elm və təhsilin intensiv inteqrasiyası, kadr hazırlığına xarici elm mərkəzlərinin cəlb edilməsi və digər işlər nəzərdə tutulur".

Akademik müstəqillik dövründə bölmədə dörd Dövlət Proqramının yerinə yetirildiyini, xaricdə mütəmadi olaraq elmi əsərlərin nəşr edildiyini, həmçinin son beş ildə yer elmləri sahələrində fəaliyyət göstərən institutlar və əməkdaşların Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, beynəlxalq regional və milli mərkəzlərin müsabiqələrində qalib gələrək 42 qrant layihəsi üzrə tədqiqatlar apardıqlarını diqqətə çatdırıb.

Fəxrəddin Qədirov qeyd edib ki, XXI əsrin çağırışlarını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmi müəssisələrin qarşısında qoyduğu prioritet vəzifələri rəhbər tutaraq yaxın illərdə geoekoloji problemlər; geoloji proseslərin fiziki-riyazi modelləşdirilməsi; çökmə hövzələrinin təkamülü, quruluşu və modeli; faydalı qazıntı yataqlarının genetik xüsusiyyətləri, yaranma və yerləşmə qanunauyğunluqları; su resursları, yeraltı və səth sularının dinamikası və qorunması; müasir geodinamika, Yer qabığının hərəkəti, aktiv tektonik deformasiyalar, kosmik geodinamikanın GPS və INSAR metodları; palçıq vulkanizmi və onların geoloji-geofiziki və geodinamiki modeli, monitorinq və aktivlik proqnozu; intellektual yataqların fundamental tədqiqatı; qaz hidrat yataqlarının elmi araşdırılması sahəsində fundamental tədqiqatların aparılması planlaşdırılır. Həmçinin landşaft dəyişmələrinin dinamikası, geofiziki və geokimyəvi xüsusiyyətləri; Xəzərin ekoloji problemləri, kompleks fiziki-соğrafi modelinin yaradılması; insan coğrafiyası (demoqrafiya); qlobal və regional iqlim dəyişkənliyi və biosfera; seysmik monitorinq və seysmik təhlükə; seysmotomoqrafiya tədqiqatları; qazıntı halında tapılan insan, heyvan və bitki qalıqlarının DNT analizi və müasir növlərlə müqayisəsi; arxegeologiya və arxezoologiya tədqiqatları və digər istiqamətlərdə işlər həyata keçiriləcək.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, qeyd olunan perspektiv istiqamətlər gələcək fəaliyyət üçün əsas kimi qəbul edilib. Bölmənin institutlarının elmi fəaliyyətinin səmərəliyini yüksəltmək məqsədilə ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi və inteqrasiyasının təşkili, həmçinin perspektiv elmi istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.

Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib
Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib

Şərhlər

XƏBƏR LENTİ