SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abşeron rayonuna 103 təcili yardım çağırışı mümkün deyil - ŞİKAYƏT

Abşeron rayonuna 103 təcili yardım çağırışı mümkün deyil - ŞİKAYƏT

Tarix:

27-06-2019, 10:01

/ 1 780 dəfə oxundu.
Abşeron rayonuna 103 təcili yardım çağırışı mümkün deyil - ŞİKAYƏT

“Abşeron rayonuna 103 təcili yardım çağırışı mümkün deyil. Artıq rayonda yaşayan ağır və yaşlı xəstələr təcili yardım olmadığına görə, buradan köçürlər”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Tural İrfan deyib.

O bildirib ki, ölkə səhiyyəsində xidmət səviyyəsi bərbad olduğundan xəstələr əlacsız qalaraq xarici ölkələrə üz tutur: “Özəl xəstəxanalarda müalicə almağa da hamının imkanı çatmadığına görə, çoxları dünyasını dəyişir. Lakin səhiyyəyə rəhbərlik edənlərin “tükü də tərpənmir”. Heç bir şikayətə baxılmır, tələblərə təmin olunmur, xahişlər rədd edilir. Abşeron rayonunda 1961-ci ildə mövcud olan cəmi 3 ədəd təcili tibbi yardım briqadası var. Bununla bağlı sakinlər dəfələrlə şikayət edib kömək istəyib, qəbul tələb ediblər.

Lakin Səhiyyə Nazirliyi müraciətlərə heç bir cavab verməyib, vətəndaşlar nazirinin qəbuluna belə buraxılmayıb. 1961-ci ildən indiyə qədər bu rayon inkişaf edib, qəsəbələr salınıb, çoxsaylı yaşayış binaları tikilib, əhali artıb. Amma təcili yardım maşınları və briqadaları artırılmayıb. Mövcud maşınlar da Sovet dövrünün "Volqa" markalı avtomobilləridir ki, onlar da çox zaman nasaz olur. Abşeron rayonuna 103 təcili yardım çağırışı mümkün deyil. Ümumiyyətlə, ölkənin səhiyyə sistemi bərbad vəziyyətdədir. Həkim səhlənkarlığı, rüşvət, biganəlik, nəzarətsizlik son həddədir. Artıq Abşeron rayonunda yaşayan ağır və yaşlı xəstələr təcili yardım olmadığına görə, buradan köçürlər. Çünki 3 briqadanın qeydiyyatda olan minlərlə ağır xəstəyə yardım etməsi və çatdırması mümkün deyil. Dəfələrlə şahidi olmuşuq ki, təcili tibbi yardım vaxtında çatmadığına görə xəstə vəfat edib. 2014-cü ildə atam üçün Abşeronda təcili tibbi yardım çağırdıq, artıq atam vəfat edəndən 4 saat sonra gəldilər”.

Tural İrfanın sözlərinə görə, səhiyyənin mövcud durumu ərazidə gündən-günə narazılığı artırır: “Nazirlik xəstələri səhiyyənin timsalında ölkədən narazı salır. Abşeronda yaşayan sakinlər olaraq həyatımız və səhhətimiz təhlükədədir”.

Şərhlər

XƏBƏR LENTİ