BMT-nin Bakıda keçirilən Dövlət Xidmətləri Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Sosial İşlər naziri Aqus Qumivanq Kartasasmitanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət xidmətlərinin innovativ yanaşmalar üzərində təkmilləşdirilməsi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, qarşılıqlı maraq doğuran məsələlərin, gələcək perspektivlərin birgə müzakirəsi, fəal əməkdaşlıq müstəvisinin formalaşdırılması baxımından BMT-nin Bakıda təşkil edilən Dövlət Xidmətləri Forumunun xüsusi önəmini vurğulayıb. O, Prezident cənab İlham Əliyevin uğurlu islahatlar proqramına uyğun olaraq, ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların ardıcıl xarakter aldığını qeyd edib, sosial ödənişlərdə edilən ciddi artımları diqqətə çatdırıb. S.Babayev dövlət sosial xidmətlərinin innovasiyaların, müasir texnologiyaların geniş tətbiqi əsasında təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, nazirliyin yeni elektron sistemləri, ölkəmizin yeni DOST layihəsi, bu layihənin üstünlükləri barədə məlumat verib.
Azərbaycanla İndoneziya arasında münasibətlərin daim inkişaf etdiyini bildirən nazir əlaqələrin əmək, məşğulluq, sosial müdafiə, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində də genişləndirilməsi üçün imkanların mövcud olduğunu bildirib. S.Babayev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan bəhs edərək, diqqətə çatdırıb ki, İƏT-in mənzil-qərargahı Bakı şəhərində olmaqla beynəlxalq statuslu Əmək Mərkəzinin yaradılması barədə Prezident cənab İlham Əliyevin təşəbbüsü İƏT-ə üzv ölkələr tərəfindən yekdiliklə dəstəklənib, həmin Mərkəzin yaradılması üçün müvafiq işlər aparılır. İƏT-in Əmək Mərkəzi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlər, o cümlədən Azərbaycan və İndoneziya arasında əlaqələrin, təcrübə-məlumat mübadilələrinin genişlənməsində mühüm rol oynayacaq.
A.Q.Kartasasmita Azərbaycana səfərə gəlməsindən, ölkəmizdəki inkişaf proseslərinin şahidi olmasından məmnunluğunu ifadə edib. O, iki ölkə arasında əlaqələrin inkişaf etməsinin sevindirici olduğunu, əməkdaşlıq əlaqələrinin əmək, məşğulluq, sosial müdafiə sahələrində daha geniş şəkildə qurulması üçün səylərin göstəriləcəyini, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə əmək və sosial müdafiə sahəsində iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, Azərbaycan və İndoneziya arasında sosial müdafiə (pensiya və digər müavinətlərin təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi), əlilliyi olan şəxslərin reabilitasiyası və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, İƏT-in Əmək Mərkəzinin yaradılması məsələləri müzakirə olunub.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ