SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 2019-cu ilin ilk rübü AMEA-nın Gəncə Bölməsi üçün uğurlu olub

2019-cu ilin ilk rübü AMEA-nın Gəncə Bölməsi üçün uğurlu olub

Tarix:

25-04-2019, 09:31

/ 1 204 dəfə oxundu.
2019-cu ilin ilk rübü AMEA-nın Gəncə Bölməsi üçün uğurlu olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin cari ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarına həsr olunan elmi yığıncağı keçirilib.
AMEA-dan bildirilib ki, iclası bölmənin sədri, akademik Fuad Əliyev açaraq ötən müddət ərzində Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş plan əsasında qurumun elmi-tədqiqat müəssisələrində görülən işlər, əldə edilən ilkin nəticələr, dərc olunan məqalələr və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Tədbirdə ölkə rəhbərinin Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamının icrası çərçivəsində hazırlanmış “Həmid Araslı-110” monoqrafiyasının əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, monoqrafiyada ilk dəfə olaraq Bəkir Nəbiyev, Ağamusa Axundov kimi mərhum elm xadimlərinin xatirələri ilə yanaşı, filologiya üzrə fəlsəfə doktorları - Ruziyə Quliyeva, Əzizağa Nəcəfov kimi tədqiqatçıların akademik Həmid Araslının elmi irsi və pedaqoji fəaliyyəti ilə bağlı əsərləri toplanıb.
İclas zamanı bölmədə rüb ərzində ictimai və humanitar elmlərlə yanaşı, təbiət elmləri sahəsində aparılan elmi-tədqiqat işləri barədə də ətraflı müzakirələr aparılıb, əldə olunan ilkin elmi nəticələr barədə məlumat verilib. Naftalan neftinin qətransızlaşdırılması, tibb və farmakologiyada istifadəsi ilə bağlı aparılan fiziki-kimyəvi analizlərin ilkin nəticələri açıqlanıb, onların tibbi əhəmiyyəti nəzərə alınaraq yeni tərkibli məlhəmlərin hazırlanmasında mühüm rol oynayacağı vurğulanıb.
Bundan əlavə, Qərb bölgəsinin bitki aləminin tədqiqində əldə edilmiş elmi nəticələrə həsr olunan “Kiçik Qafqazın qaya-töküntü bitkiliyi və senopopulyasiyalarının dinamikası” monoqrafiyasının AMEA-nın müxbir üzvü Vaqif Novruzovun rəhbərliyi ilə nəşrə hazırlandığı bildirilib.
Həmçinin aprel ayında Bakı Mühəndislik Universitetində keçiriləcək “Gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı”nda bölmənin gənc alimlərinin iştirakı və “Azərbaycan xalçaları” jurnalında dərc olunmaq üçün elmi məqalələr hazırlanması məqsədəuyğun hesab edilib.
Sonda akademik Fuad Əliyev ölkə rəhbərinin müasir cəmiyyət quruculuğunda əsas amil kimi elmin qarşısında qoyduğu vəzifələrdən danışıb, bir sıra tövsiyə və tapşırıqlarını verib.
2019-cu ilin ilk rübü AMEA-nın Gəncə Bölməsi üçün uğurlu olub
2019-cu ilin ilk rübü AMEA-nın Gəncə Bölməsi üçün uğurlu olub

Şərhlər

XƏBƏR LENTİ