
Azərbaycanda ailə, əmək, iqtisadi mübahisələrin həlli ilə bağlı alternativ qurum yaradılır. Bununla bağlı “Mediasiya haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ƏIi Hüseynli qeyd edib ki, ölkə prezidentinin imzası ilə MM-ə təqdim olunmuş yeni qanun layihəsinin ilkin variantı 5 fəsil və 39 maddədən ibarətdir: “Qanun layihəsinə görə, mediasiya - tərəflər arasında yaranmış ailə, əmək, iqtisadi və s. xarakterli mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həllinə yönəlmiş prosesdir. Bu qanun məhkəmələrin iş yükünün azaldılmasına xeyli dərəcədə kömək edəcək.
Eyni zamanda, “Mediasiya haqqında” qanun bu prosesin təşkili sahəsində ictimai münasibətləri tənzimləyəcək, mediasiyanın məqsəd və prinsiplərini, həyata keçirilmə qaydalarını, həmçinin mediatorun statusunu müəyyənləşdirəcək. Qanun layihəsinin komitədə ilkin müzakirəsindən sonra 31-ci maddə ilə bağlı müvafiq təkliflər olundu. Bu təkliflər qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektə çatdırıldı. Beləliklə, qanunun 31-ci maddəsi çıxarıldı. Qeyd edək ki, 31-ci maddə cinayət və inzibati xətalar haqqında işlər üzrə mediasiyanın xüsusiyyətlərini özündə ehtiva edirdi”.
Müzakirələrdə çıxış edən deputat Elmira Axundova bu qanunun tətbiqinin 2021-ci ilə keçirilməsini təklif edib. Eyni zamanda, bu quruma kimin nəzarət edəcəyini və hansı yolla maliyyələşdiriləcəyi ilə bağlı məsələni də qaldırıb.