SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

Tarix:

12-03-2019, 09:13

/ 1 143 dəfə oxundu.
Bu gün Yel çərşənbəsidir

Bugün boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsidir. novruz ölkəmizdə xüsusi mərasim, adət-ənənələr və təmtəraqla qeyd edilən ən qədim və milli bayramdır. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində bu bayramın xüsusi yeri var. Novruz bayramından öncə dünyanın yaranmasında iştirak edən dörd ünsürə aid edilən dörd çərşənbə də qeyd edilir. Bu gün həmin dörd ünsürdən birini simvolizə edən “Yel (külək, hava) çərşənbəsi”dir. Bəs yel çərşənbəsinin adətləri nələrdir? Onunla bağlı hansı deyimlər, inanclar mövcuddur?

Bu haqda “Yeni Müsavat”a açıqlama verən AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyir ki, bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır: “İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir”.
Adətlərə gəlincə, Ə.Vəliyev bildirdi ki, Yel çərşənbəsi günü həyətlərdə tonqallar qalanır, evlərdə plov (aş), südlü plov, lobyalı aş, bulqur aşı və s. bişirilir: “Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnama görə, yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar”.

Bu çərşənbə ilə bağlı xalq inanclarına toxunan həmsöhbətim qeyd etdi ki, “Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır.

Novruz və çərşənbələrin adətlərindən biri də rəhmətə gedən yaxınların qəbirlərini ziyarət etməkdir: “Bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın qohum-əqrəbanın yada salınması günü kimi də qeyd edilir. Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov, halva və s. olur. Ehsan qohum-əqrəbalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də ”yasdan çıxarma" sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır.

Küləyin xalqımızın üzərindən hüznlü, qəmli günləri uzaqlara aparması, xoş günləri, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyi ilə Yel çərşənbəniz mübarək olsun!

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ