SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Texniki işçisinə 35 manat maaş verən direktordan Prezidentə şikayət - Təhsil naziri cənab Ceyhun Bayramovun diqqətinə

Texniki işçisinə 35 manat maaş verən direktordan Prezidentə şikayət - Təhsil naziri cənab Ceyhun Bayramovun diqqətinə

Tarix:

6-03-2019, 11:10

/ 1 299 dəfə oxundu.
Texniki işçisinə 35 manat maaş verən direktordan Prezidentə şikayət - Təhsil naziri cənab Ceyhun Bayramovun diqqətinə

XXI əsrdə yaşamamıza, seyrə balonlarla çıxmamıza, avtomobil minməmizə baxmayaraq içimizdə elələri var ki, müasir dəbli paltarlarının içərisində quldarlıq düşüncəli qafayla yaşayırlar. Ən dəhşətlisi isə belə düşüncə sahiblərinin kreslo, mənsəb sahibi olmasıdır. Onda məzlumun ahı göylərə bülənd olur, haqq nazilir, insanlıq dramı yaşanır. “Qiyamət oluruq biz, səhv düşəndə yerimiz!”

Rubrika.az saytına Tovuzun Əyyublu kənd 1 saylı tam orta məktəbində baş verənlərlə bağlı daxil olan məlumatları saf-şürük edəndə Mirzə Cəlilin Danabaş kəndi, Xudayar bəyin qamçısı gözümüzün önünə gəldi. Sadəcə zaman fərqlidir, personajların adları fərqlidir. Faciə, motiv isə eynidir.

Əyyublu kənd 1 saylı tam orta məktəbin direktoru Cəmşid Sadıqov Əliyeva Aygün Məhərrəm qızını rəhbəri olduğu məktəbdə işə qəbul edib. Özü də direktor bu “xeyirxah addımı” 2000 manata atıb. Söz verdiyi 110 manat maaşlıq iş üçün 2000 manat rüşvət alıb. Özü də hadisə 2015-ci ildə, bədnam devolivasiyadan əvvəl baş verib. Daimi iş yeri, davamlı maaş ümidiylə 2000 manatından keçən A. Əliyevanın görəcəkli günləri də bundan sonra başlanıb. Məktəb direktorunun bitməz-tükənməz iştahası onu halal qazandığı bir parça çörəyindən də edib.

Şikayətçinin bildirdiyinə görə cəmisi 1 ay 110 manat maaş alıb. Bundan sonra C. Sadıqov min-bir bəhanə ilə biçarə qadının əmək haqqına “əl gəzdirməyə” başlayıb. İkinci ay 80 manat əmək haqqı alan A. Əliyeva bunun səbəbini soruşanda direktor rayondan gələn yoxlamanı günahkar çıxarıb. Amma bu “yoxlama oyunu” düz bir il çəkib və C.Sadıqov 80 manatdan bir qəpik də artıq maaş verməyib. “Məndən 2000 manat alanda tam oklad maaş söz verməsinə baxmayaraq direktor sonradan sözünü tutmadı” deyə A. Əliyeva bildirir. Amma C. Sadıqovun “maaş əməliyyatı” bununla da bitməyib. Manatın devolivasiyası ilə gəlirinin azaldığını düşünən direktor bu dəfə A.Əliyevanın maaşını 60 manata endirir. “Burda mənəm Bağdadda kor xəlifə” təfəkkürü ilə məktəb direktoru biçarə qadının yeganə dolanacaq mənbəyinə bir daha göz dikir.

Tələsməyin, bu da son deyil. 60 manatın da yüksək məbləğ olduğunu düşünən direktor axır vaxtlar A.Əliyevaya 35 manat verməyə başlayır.

Artıq baş verənlərə dözməyən,bıçağın sümüyə dirəndiyini düşünən A.Əliyeva məcbur olub C.Sadıqovun böyüklərinə-Tovuz rayon Təhsil Şöbəsinə şikayət edir. Amma sən demə direktor öz rəhbərlərinə tam layiq bir işçi imiş-biçarə qadını Təhsil Şöbəsindən də əliboş qaytarırlar. Təhsil Şöbəsinin əlahəzrət rəhbərliyi direktorun tərəfini saxlayır-zavallı qadın 35 manata da dolana bilərmiş,təki təhsilin keyfiyyəti azalmasın , elmin günəşi sönməsin-C.Sadıqovun qazancı azalmasın!

Düşünməyin ki, direktorun “səxavəti” bununla yekunlaşır. “Hatəm səxavətli” C.Sadıqov Təhsil Şöbəsinə edilən şikayətdən qəzəblənərək A.Əliyevanın maaşını 30 manata endirir. Bir məktəb direktorunun, müəllim adını daşıyan şəxsin etdiyi əməlləri düşündükcə sözlər aciz qalır, bədii ifadə vasitələri kəsərini itirir. Bütün bu insanlıq dramının ən dəhşətli hissəsini isə sona saxladıq-direktorun bütün bu etdiklərinin hardasa izahı ola bilər. Amma bu son dediyimizə prokurorluq, Təhsil nazirliyi şərh versə daha yaxşı olar. Bütün bu aylar ərzində C.Sadıqov verdiyi 80manatın da, 60 manatın da, 35 manatın da...20 manatını rüşvət olaraq A.Əliyevadan alırmış! Siz 35 manatın 20 manatını rüşvət alan birisinin düşüncə tərzini, iş prinsipini, vətəndaşlıq mövqeyini...təsəvvür edirsinizmi?

Rubrika.az saytı vasitəsilə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanıma, Təhsil naziri Ceyhun Bayramova, Baş Prokuror müraciət edən A.Əliyeva kömək istəyir:

“Mən üzümü cənab Prezidentə, Mehriban xanıma tutaraq kömək istəyirəm. Cəmşid Sadıqov illərdir ki, məni aldadaraq halal maaşımı əlimdən alıb. İmkansızlığımdan, əlacsızlığımdan

istifadə edərək məni qul kimi işlədib, maaşımı mənimsəyib,əvəzində mənə qəpik-quruş verməklə aldadıb. Hər ay mənə verdiyi qəpik quruşdan da 20 manat aylıq alan direktorun insanlığına, ədalətinə nə ad vermək olar? Bir Azərbaycan qadınına bunca zülm etmək olarmı? Tovuz rayonunda heç bir idarədə mənim haqq səsimə səs verən olmadı. Demə bütün ədalət, qanunlar mənim maaşımı mənimsəyən direktorun tərəfində imiş Məni 35 manata işlədib haqqımı yeyən bu şəxsin zülmündən dövlət başçısına sığınıram. Cənab Prezident! Bir məktəb direktorunun, müəllim adlanan şəxsin əməllərinə nə ad vermək olar? Əlacsız qadına gücü çatıb haqqını mənimsəyən beləsinə vəzifə verən, himayə edən Tovuz rayon yetkililəri bəlkə bu suala cavab versinlər. Sizdən kömək istəyirəm, cənab Prezident! Bu haqsızlığıa, insanlığa sığmayan tamahkarlığa son qoyun! Balalarımın ruzisini əlindən alan “müəllim”in əməllərini durdurun! Qoy sizin adınızı şüar edən məmurlar bu əməllərindən utansınlar!”

Rubrika.az

Şərhlər

XƏBƏR LENTİ