SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bayram bazarlığı neçəyə başa gəlir? - BAZARDAKI QİYMƏTLƏR

Bayram bazarlığı neçəyə başa gəlir? - BAZARDAKI QİYMƏTLƏR

Tarix:

10-03-2017, 11:37

/ 2 393 dəfə oxundu.
Bayram bazarlığı neçəyə başa gəlir? - BAZARDAKI QİYMƏTLƏR

Novruz bayramının gəlişinə sayılı günlər qalıb. Bayramda süfrələrimizin bəzəyi isə ləpələr, çərəzlərdir. Bu bayramda ləpə və çərəzlərin qiyməti necə olacaq?

Novruzun simvolları olan şəkərbura-paxlavanın bişirilməsi üçün də ləpələr vacibdir. Təbii ki, Novruz bayramında ləpələrə olan tələbat qiymətlərə də təsir edib. Qiymətləri öyrənmək üçün ilk üz tutduğumuz məkan "Yaşıl Bazar" oldu. Burada təmizlənmiş fındıq ləpəsinin qiyməti 13-15 manatdan başlayır. Qoz ləpəsinin qiyməti isə 15-28 manat arasında dəyişir. Badam 20-22, şabalıd 9-13, püstə 18-22 manatdır. Qırılmamış ləpələrin qiyməti isə 7 manatdan başlayır. Qiymətlər keyfiyyətinə görə dəyişir. Satıcıların sözlərinə görə, satdıqları ləpələr əsasən Zaqatala, Şəki, Ordubad və Ukraynadan gətirilir.

Satıcı Cəmaləddin Şirvanlı yerli ləpələrin baha olduğunu deyib: "Fındıq 14-15 manatdır. Zaqatala, Xaçmaz fındıqlarıdır. Yerli və Ukrayna qozları da var. 20-25 manatdır. Yeli qozlar bahadır. Ordubad qozu 28 manatdır. Ukrayna qozu 25 manatdır. Gətirilmə qozlar ucuz olur. Yerli qozlar daha dadlı olur".

Yerli ləpələr xaricdən gətiriləndən bahadır. Satıcıların sözlərinə görə, dolların qiyməti yüksək olduğundan, xaricdən gətirilən ləpələr baha başa gəlir. Bu isə yerli ləpələrin də qiymətinə təsir edir.

Satıcı Namiq Cəbrayılov əksər quru meyvələrin ölkəyə xaricdən gətirildiyini deyir: "Qoz-fındıq 15, 16, 17, 18, 20 manata var. Fındıq 13-14 manatdır. Badam ləpəsi 20 manatdır. Badam Kaliforniyadan gəlir. Püstə İran, Özbəkistandan gətirilir. Turşular İrandan, Özbəkistandan, kişmiş Özbəkistandan gətirilir. Qaysılar Türkiyə, İrandan gətirilir. Burada Azərbaycanda qoz azdır. Ukraynadan kütləvi gəlir. Bizdə 100-200 kq olur. Amma Ukraynadan 500 kq-1 ton gətirilir. Ona görə də qiymətlər eyni olur. Bizdə az olduğuna görə bahadır. Amma keyfiyyətlidir".

Keçən ilə nisbətən qiymətlərdə 3-5 manat artım müşahidə olunur. Bahalaşma alıcıların sayına da təsir edib. Bazarda əvvəlki illərlə müqayisədə alıcılar azalıb. Elə çəkiliş apardığımız müddətdə "Yaşıl Bazar"da alıcıdan çox satıcı vardı.

Alıcı İsmayıl Mustafayev deyir ki, keçən ilə nisbətən qiymətlər bahadır: "Qozla fındıq almağa gəlmişik. Keçən illə müqayisədə qiymətlər yüksəkdir. Keçən il qozu 12 manata alırdıq, amma indi 14 manatdan 25 manata qədərdir. Fındığı 10-11 manata alırdıq, bu il isə minimum 18 manatdır".

Alıcı Cəmilə Məmmədova bayram bazarlığını qiymətlər artmadan etməyə üstünlük verir: "Gəlmişik bayram şeylərinin indidən alaq. Qoz, fındıq ləpəsi almışam. 20-25 manatadır. Neyləyə bilərik?"

Alıcı Rövşən Mövlamov cibə uyğun bazarlıq etdiklərini bildirir: "Qozun ən ucuzu 15 manatdır. Məcburuq 1 kq alaq. Amma əvvəl 2-3 kq alırdıq".

8-ci km bazarında isə nisbətən ucuzluqdur. Burada ləpənin qiyməti 10 manatdan başlayır və 25 manata qədərdir.

Satıcı Şalbuz Şahvələdov yerli istehsalın tələbatın tam ödəmədiyini deyir. Onun sözlərinə görə, bu səbəbdən ölkəyə xaricdən daha çox mal gətirməli olurlar: "Qırıntıları 14-15, normal ləpələr isə 18-25 manatdır. Yerli ləpə tələbatı ödəmir, xaricdən gətirilir. Xaricdən gətirilənlər də dollara görə baha gəlir. Ona görə baha çıxır. Keçən il 15 manata satdığımızı bu il 20 manata satırıq. 12-13 manata satdığımız bu il 16-17 manatdır".

Bayramlarda süfrələrin bəzəyi olan quru meyvələrin qiymətində də bahalaşma müşahidə olunur. Qaysı 7-10 manat arasında dəyişir. Kişmişin qiyməti növünə və keyfiyyətinə görə fərqlidir - 5 manatdan başlayır, 14 manata qədərdir. Meyvə turşuları isə 6 manatdan başlayır.

Satıcı Namiq Musayev mal az olduğuna görə qiymətlərin düşmədiyini bildirir: "Şabalıdlar 8, 9, 11, 12 manatadır. Xurma 6 manatadır. Qutuda 2,50-3 manatdır. Mal bol olanda qiymətlər baha olur. Mal yoxdur deyə qiymət düşmür".

Çəkiliş apardığımız 8-ci kilometr bazarında alıcıların sayı nisbətən çoxdur. Burada da alıcılar bayramla əlaqədar qiymətlərin nisbətən bahalaşdığını deyirlər:

"Qiymətlərdə artım var. Aşağı təbəqə üçün bahadır. Ləpə od qiymətinədir. 14, 15, 17 manatdır. Keçən il 12-13 manat idi".

"Əvvəlki qiymətlə indiki arasında fərq çoxdur. Əvvəl ucuz idi, indi baha. Qozu əvvəl 4 manata alırdıqsa, indi 6 manatdır. Çərəz də bahalaşıb. 4-5 manata aldığımız indi 8 manatdır. Bahadır".

Bununla belə, insanlar Novruz ənənələrinə sadiqdirlər. Qiymətdəki artıma baxmayaraq, öz süfrələrini şəkərbura, paxlava və ləpələrlə bəzəyəcəklərini deyirlər.

Şərhlər

XƏBƏR LENTİ