SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda növbəti həkim səhlənkarlığı - Bir iynəyə görə yeni doğulmuş körpə hepatit virusuna yoluxmaq təhlükəsi ilə üz-üzə qalıb

Azərbaycanda növbəti həkim səhlənkarlığı - Bir iynəyə görə yeni doğulmuş körpə hepatit virusuna yoluxmaq təhlükəsi ilə üz-üzə qalıb

Tarix:

27-12-2018, 09:46

/ 1 012 dəfə oxundu.
Azərbaycanda növbəti həkim səhlənkarlığı - Bir iynəyə görə yeni doğulmuş körpə hepatit virusuna yoluxmaq təhlükəsi ilə üz-üzə qalıb

“Hürriyyət” qəzetində dəfələrlə Naxçıvan Muxtar Respublikasındakı qanunsuzluqdan, məmur özbaşınalığından yazmışıq. Bu dəfə isə Naxçıvan səhiyyəsi ilə bağlı şikayəti araşdıracağıq.

32 yaşlı Naxçıvan sakini, Ağasıyev Loğman Əli oğlu redaksiyamıza müraciət edərək, Naxçıvan şəhərində fəaliyyət göstərən Doğum Mərkəzindən şikayət edib.

Şikayətçinin sözlərinə görə, o, anadangəlmə ikinci qrup əlildir, epilepsiya tutmalarından əziyyət çəkir. İranda vaxtaşırı müalicə kursu keçir, müalicəsini saxlasa, vəziyyəti ağırlaşa bilər. Əvvəllər fərdi qaydada mənzil təmiri ilə məşğul olsa da, hazırda işsizdir. Onun həyat yoldaşı 32 yaşlı Həcər Ağasıyeva isə bir neçə il əvvəl hepatit B xəstəliyinə yoluxub.

Gənc ana həkim səhlənkarlığı ucbatından Hepatit B virusuna yoluxub

Cütlüyün 4 azyaşlı qız övladı var. Sonuncu övladları bir neçə gün bundan əvvəl anadan olub. Körpələrin dördü də qeysəriyyə əməliyyatının köməyi ilə dünyaya gəliblər. Loğman Ağasıyev qeyd edir ki, əslində həyat yoldaşının hepatit B-yə yoluxmasının səbəbkarı səhiyyə işçiləridir, daha doğrusu, onların xəstəyə səhlənkar münasibətidir.

Belə ki, tamamilə sağlam cavan qadın ilk körpəsini dünyaya gətirəndə hepatitli xəstəyə vurulan lansetlə əməliyyat olunduğundan bu xəstəliyə yoluxub, onu müalicə etdirmək üçün çox çalışıb-çarpışsalar da, heç bir xeyri olmayıb və Həcər Ağasıyevanın hepatit B virusunun daşıyıcısı olduğu aşkarlanıb. Amma bu, Bakıda baş verib. Ümumiyyətlə, ilk üç əməliyyat paytaxtda keçirilib. Sonuncu dəfə isə imkansızlıq ucbatından Bakıya gələ bilməyən ailə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən kömək istəməli olub:

“Qaynatam müharibə əlilidir, Naxçıvanın Səhiyyə Nazirliyinə gedib nazir Niyazi Novruzovla görüşdü və ondan xahiş etdi ki, mənim xəstəliyimi nəzərə alaraq həyat yoldaşımın dövlət hesabına müalicə və əməliyyat olunmasına köməklik göstərsin. Nazir qaynatamın xahişini yerinə yetirdi və Doğum Mərkəzinin baş həkimi Yaşar Həsənova müvafiq tapşırıq verdi. Baş həkim buna narazılığını bildirsə də (hətta qaynatamla mübahisələri də olmuşdu), həyat yoldaşım doğrudan da ödənişsiz müalicə olundu. Əməliyyat isə dekabrın 21-nə təyin edilmişdi. Həyat yoldaşım mənə siyahıda adı olduğunu və əməliyyata getdiyini söylədi. Lakin həmin gün ağrıları olsa da, əməliyyat nədənsə təxirə salındı və növbəti gün səhər saat 10-a keçirildi”.

Şikayətçinin sözlərinə görə, baş həkimin kabinetinə gedib xanımının sancıları olduğu halda nədən əməliyyata göndərilmədiyini soruşanda, Yaşar Həsənov ona deyib ki, bu sancılara səbəb əvvəlki əməliyyat yerlərinin dartılmasıdır. Əməliyyat isə sabah olmalıdır.

Bunu eşidən şikayətçi çarəsiz qalıb baş həkimin sözləri ilə razılaşdıqlarını və əməliyyat gününü gözlədiklərini söyləyir.

Nazirin göstərişinə baxmayaraq, qan üçün 50 manat pul istəyiblər

Şikayətçi onu da qeyd edir ki, əməliyyata bir neçə saat qalmış xəstənin ailəsinə əməliyyat üçün qan lazım olduğu (xəstə 4-cü dəfə əməliyyat olunduğundan qan itirmək qorxusu vardı, amma xoşbəxtlikdən əməliyyat zamanı qan itkisi baş verməyib) bildirilib, hətta əməliyyatın yubadılması qanın gec tapılması ilə əlaqələndirilib, üstəlik, nazirin göstərişinə baxmayaraq, bir torba qan üçün ondan 50 manat pul istəyiblər.

Əməliyyatın səhəri isə məlum olub ki, körpəyə imuqlabin iynəsi vurulmalıdır ki, anasından hepatit B-yə yoluxmasın. Həkimin sözlərinə görə, əslində tamamilə sağlam doğulan körpə yalnız təsadüfən anasının qanını udduğu halda, yaxud anası öz ağzına vurduğu qaşıqla onu yedirtdiyi təqdirdə adıçəkilən xəstəliyə yoluxa bilər.

“Bakıda bu dərman ola bilər, Naxçıvanda isə yoxdur, bu dərman hələlik qeydiyyata alınmayıb, odur ki, özünüz onu tapmalısınız”

Qiyməti 150 manat olan imuqlabin iynəsinin xəstəxanalar tərəfindən pulsuz vurulduğunu qeyd edən Loğman Ağasıyev onu söyləyir ki, üçüncü övladı dünyaya gələndə Bakıdakı doğum evlərindən birində sözügedən iynə ona pulsuz vurulub. Bu dəfə isə xəstəxana həmin dərmanı tapmağı xəstənin ailəsinə həvalə edib, amma çox axtarsalar da, dərmanı tapa bilməyiblər.

Sonda məlum olub ki, Naxçıvanda ümumiyyətlə imuqlabin iynəsi yoxdur. Çarəsiz qalan ailəyə xəstəxana tərəfindən İrana keçib, ordakı əczəxanalardan həmin dərmanı alıb gətirmək məsləhət görülüb.

İran əczəxanaları ilə əlaqə saxladıqlarını, amma həmin iynənin satışda olmadığını, xəstəxanalarda körpələrə pulsuz vurulduğunu öyrənən ailə yenidən Səhiyyə Nazirliyinə müraciət etməli olub.

Qaynatası ilə birgə nazırin qəbulunda olan Loğman Ağasıyev nazirdən qısa və konkret cavab aldıqlarını bildirir. “Bəli, Bakıda bu dərman ola bilər, Naxçıvanda isə yoxdur, bu dərman hələlik qeydiyyata alınmayıb, odur ki, özünüz onu tapmalısınız”.

Hətta nazirin şəxsən depoya zəng vurduğunu, amma ordan da eyni cavab aldığını söyləyən şikayətçi, bundan belə həmin iynənin körpəyə vurulmağının artıq heç bir əhəmiyyəti olmadığını da bildirdi. Çünki iynə 48 saat ərzində vurulmalı imiş. Bunu ona körpənin həkimi deyib.

Övladının sağlamlığı üçün narahat olan atanın sözlərinə görə, əvvəlcə ailəyə iynənin 24 saat ərzində vurulmalı olduğu deyilibmiş, yalnız vaxtın tamam olmasına lap az qalanda, məlum olub ki, adıçəkilən iynə 48 saat müddətində də vurula bilərmiş.

Əslində imuqlabin iynəsinə ehtiyac olacağı ailəyə körpə doğulmazdan əvvəl bildirilməliydi, o zaman körpənin sağlamlığı üçün heç bir təhlükə yaranmazdı.

“Otaqda saatlarla adam olmur, heç kəs ona qulluq etmir, boğazı quruyur, su, çay verən də tapılmır”

Loğman Ağasıyev yenicə əməliyyatdan çıxmış xanımına qarşı biganə münasibətdən də gileylidir. Onun dediyinə görə, Həcər Ağasıyeva ilə eyni gündə əməliyyat olunan xəstələrin hamısının adı bir siyahıda olub, hamısını da xəstəxananın 4-cü mərtəbəsindəki palatalara yerləşdiriblər, yeni doğulmuş körpələrin ümumi palatası da həmin mərtəbədədir. Bircə Həcər Ağasıyevanı reanimasiyadan birbaş birinci mərtəbəyə, təkadamlıq palataya keçiriblər, əslində bu otaq xəstələr üçün nəzərdə tutulmayıb, həkimlər və tibbi personal burada əməliyyata hazırlaşır, istirahət edir. Odur ki, həmin otaqda saatlarla adam olmur, heç kəs ona qulluq etmir, boğazı quruyur, su, çay verən tapılmır. Palataya termos qoymağı isə baş həkim qadağan edib. Körpəni gündə bir dəfə anasının yanına gətirib aparırlar.

Müalicə həkimi Loğman Ağasıyevə bunu xəstənin hepatit virusunun daşıyıcısı olduğu ilə izah edib. Deyib ki, xəstəlik yoluxucu olduğundan onu başqa xəstələrdən təcrid etmişik.

Həkimin sözlərindən əsəbləşən şikayətçi bildirib ki, hepatit adi ünsiyyətlə keçən xəstəlik deyil. Bir də ki, əgər bu xəstəlik deyildiyi qədər təhlükəli və yoluxucu olsaydı, 9 il onunla eyni havanı udan, bir balışa baş qoyan həyat yoldaşı, yəni Loğman Ağasıyev çoxdan xəstələnməliydi.

Şikayətçi onu da qeyd edir ki, tibbi personal onları görəndə otağa gəlib xəstəyə öz köməyini təklif edir, onlar orda olmayanda isə hər kəs öz işi ilə məşğul olur, həyat yoldaşı da otaqda tək və köməksiz qalır.

Palatada əlavə çarpayı olduğunu qeyd edən şikayətçi ailə üzvlərindən birinin Həcər Ağasıyevanın yanında qalması üçün ondan günə 60 manat tələb edildiyini də gizlətmir. Çoxuşaqlı ata buna maddi imkanı olmadığından həyat yoldaşını xəstəxanada tək qoymağa məcbur olduğunu böyük təəssüf və ağrıyla qeyd edir.

Xəstəxanada şəxsi gigiyena qaydalarına riayət olunmur

Loğman Ağasıyev uşaq həkimlərinin məsuliyyətsizliyindən də şikayətçidir. Onun sözlərinə görə, palatadakı bütün körpələr bir neçə əmzikli şüşədən yedirdilir. Həmin şüşələr qaynadılıb təkrar istifadə olunur.

Bu vəziyyətlə qarşılaşan şikayətçi körpəsinin həkiminə etirazını bildirdiyini, bunun şəxsi gigiyena qaydalarını pozduğunu söylədiyini deyir. Yalnız bundan sonra ona deyilib ki, istəyirsinizsə, ayrıca şüşə alın, sizin körpənizi həmin şüşədən yedirdək.

Yeni doğulmuş körpəsinə və dördüncü dəfə əməliyyat olunan xəstə həyat yoldaşına qarşı biganə münasibətdən şikayətçi olan Loğman Ağasıyev övladının sağlamlığını təhlükə altına atan şəxslərin cəzalandırılmasını tələb edir ki, gələcəkdə bu cür hallar təkrar olunmasın.

Hurriyyet.org

P.S. Əslində problem təkcə Doğum Mərkəzi ilə deyil, ümumilikdə Naxçıvan səhiyyəsi ilə bağlıdır. Bu gün ölkədə, eləcədə Naxçıvan MR-da hepatit virusunun daşıyıcısı olan kifayət qədər insan var. Odur ki, bu virusa, eləcə də digər infeksiya və viruslara yoluxmanın qarşısını almaq üçün vaxtında müvafiq tədbirlər görülməlidir. Unutmayaq ki, söhbət gələcəyimiz olan körpələrin sağlamlığından gedir. Yəni imuqlabin iynəsini dərman siyahısına salıb qeydiyyata almaq bu qədər mürəkkəb bir işdir, ya Naxçıvan MR-nın xəstəxanaları bu dərmanla təmin etməyə maddi imkanı yoxdur?

Ən tez zamanda Naxçıvan MR-in və Azərbaycan Respublikasının Səhiyyə Nazirlikləri ilə əlaqə saxlayıb, onlardan bu sualların cavabını öyrənməyə çalışacağıq.

Şərhlər

XƏBƏR LENTİ