XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Dəfələrlə müraciətlər etməyimə baxmayaraq..." - Daha bir məhkəmədən şikayət

"Dəfələrlə müraciətlər etməyimə baxmayaraq..." - Daha bir məhkəmədən şikayət

"Dəfələrlə müraciətlər etməyimə baxmayaraq..." - Daha bir məhkəmədən şikayət
28-02-2017, 11:50

Zaman-zaman sakinlərin üz-üzə qaldıqları problemlərdən biri də, məhkəmə qurumlarında çıxarılan ədalətsiz qərarların varlığı olub. Belə bir səbəb üzündən də, çoxsaylı sakinlər illər uzunu getgələ salınıblar, aidiyyəti instansiyalara müraciətlərini ünvanlayıblar. Uzun müddətdən bəri müxtəlif dövlət qurumlarının, məhkəmələrin qapılarını döyən, hələ də öz haqqının-hüququnun bərpasına tam nail ola bilməyənlərdən biri də, İmişli rayonu Q.Əliyev küçəsi ev-4 ünvanında qeydiyyatda olan, amma müəyyən səbəblər üzündən müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu S.Ə. Şirvani küçəsi bina-5, mən-139 ünvanında kirayədə yaşayan, YAP-ın üzvü Qasımov Mahmud Əlibəy oğlu olub. Bu şəxs redaksiyamıza ünvanladığı müraciətində yazr ki, “mən İmişli rayon kənd təsərrüfatı idarəsində və aqraq-sənaye kombinatında 04 iyul 1978–ci ildən 11 yanvar 1999- cu il tarixə kimi, ilk əvvəl dövlət texniki nəzarət müfəttişi, sonra isə baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində işləmişəm. Digər mütəxəssislər kimi gündəlik işə davamiyyət haqqında tabel kitabına imza etməklə bərabər, rayon rəhbərliyinin və Kənd Təsərrüfatı Nazirliyinin tapşırıqlarını mütəmadi olaraq yerinə də yetirmişəm. Bütün mütəxəssislər aylıq əmək haqqı alıblar, yalnız mənə 02 yanvar 1997-ci il tarixdən 11 yanvar 1999-cu il tarixə kimi, həmən illərdə mənə bəlli olmayan səbəblər üzündən aylıq əmək haqqı vermədilər. Baxmayaraq ki, 1997-1998-ci illərdə rayondakı traktor və kənd təsərrüfatı maşınları haqqında illik texniki baxış keçirilib və mən hər il Kənd Təssərrüfatı Nazirliyinə illik hesabat da təqdim etmişəm. Dəfələrlə rayon rəhbərliyinə və İmişli rayon Məhkəməsinə müraciətlər etməyimə baxmayaraq, bu günə kimi hər hansı tədbir görməyiblər. Son anda Kənd Təsərrüfatı Nazirliyi Səbail rayonu ərazisində yerləşdiyinə görə, bu məsələ ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etməli oldum. Məhkəmənin hakimi Ziya Əliyev mənim əmək haqqımın 02 yanvar 1997-ci il tarixdən 12 avqust 1998-ci il tarixə qədər Kənd Təsərrüfatı Nazirliyindən tutulub ödənilməsi üçün, 07 yanvar 2000-ci il tarixdə qətnamə çıxartdı. Həmin qətnamədən narazılığımı ifadə etdim. Çünki, obyektiv və qanuni qətnamə çıxarılmadığına görə, Apelliyasiya Məhkəməsinə (əvvəlki Bakı şəhər Məhkəməsi) kassasiya şikayəti verdim. Məhkəmənin hakimi milliyətcə rus olan Tatyana Jidkova, azərbaycanlı hakim Ziya Əliyevdən fərqli olaraq əmək haqqımın 02 yanvar 1997-ci ildən 11 yanvar 1999-cu ilədək Kənd Təsərrüfatı Nazirliyindən tutulub ödənilməsi üçün, 27 yanvar 2000-ci il tarixdə qətnamə çıxartdı. Amma uzun müddət keçməsinə baxmayaraq, qeyd olunan tarixdə dövlətin adından çıxarılan və qanuni qüvvəyə minmiş qətnamə, bu günə kimi də tam icra olunmamışdır. Belə ki, həmin tarixdən altı il keçdikdən sonra mənə 09 sentyabr 2006-cı il tarixdə 562 AZN, yəni birillik əmək haqqı ödənildi. 14 avqust 1998-ci ildə respublikanın bütün rayonlarında Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Texniki Nəzarət müfəttişlərini müqavilə əsasında bir daha daşıdıqları vəzifəyə təyin etdi. Uzun illər ərzində nə kənd nazirliyinin mütəxəssislərinə, nə müxtəlif instansiyalarda olan hakimlərə, nə də ki, icra məmurlarına bildirə bilmədim ki, dövlətin adından çıxarılmış qətnamə icra məmurları tərəfindən icra olunmalı olduğu halda, bu günədək də icra olunmayıb. 1997-1998-ci illərdə aylıq əmək haqqı 250 min manat olmaqla, 2 il 11 günə hesablandıqda ümumi məbləğ 6 milyon 83 min manat edir. Həmin puldan mənə yalnız 2 milyon 810 min 800 manat pul ödənilib. Bu pul bugünkü AZN-nin dəyəri ilə hesablandıqda cəmi 562 AZN edir. Yuxarıda adlarını çəkdiklərim instansiyalarda çalışanlar adi hesablamalar apara bilmədiklərindən, mən bu gün də problemimi həll edə bilmirəm. 05 sentyabr 2006-cı il tarixdə Səbail rayon İcra Şöbəsinin tərtib etdiyi icra vərəqinə görə, mənə cəmi 562 AZN ödənilib. Bundan başqa mən haradasa hansısa sənədə imza atmamışam. Amma, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovun 23 dekabr 2016-cı il tarixli 07/12-08-2714 saylı yazdığı rəsmi məktubda qeyd olunur ki, guya mənə olan borc tam ödənilib. 15 fevral 2016-cı il tarixdə Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyev, 14 iyul 2016-cı il tarixdə iş№ 3KA-76-2000 saylı məktubunu Səbail rayon İcra Şöbəsinə göndərsə də, icra şöbəsi bu günə kimi hər hansı addımını atmayıb. Əksinə Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyevə təqdimat yazaraq xahiş edib ki, başlanmış işə xitam versin. Zaur Əliyev isə, onun xahişini rədd edir. Bakı Apelliyasiya Məhkəməsi Zaur Əliyevin çıxarmış olduğu qətnaməni ləğv etməklə, yenidən işin icra olunması üçün toplanmış materialları Səbail rayon İcra Şöbəsinə göndərir. Səbail rayon Məhkəməsinin hakimləri Araz Hüseyinov 14 noyabr 2007-ci ildə və 08 may 2007-ci ildə, İlham Ağayev 28 noyabr 2007–ci ildə, Nurəddin Bağırov 27 aprel 2010-cu ildə, İlham Ağayev 14 avqust 2006-cı ildə, Yusif Kərimov 29 iyun 2007-ci ildə, İlham Ağayev 14 avqust 2006-cı ildə, Rauf Əhmədov 27 dekabr 2010-cu ildə, Nurəddin Bağırov 27 aprel 2010-cu ildə və 26 fevral 2016-cı ildə, Bakı Apelliyasiya Məhkəməsinin hakimləri Ülvi Mayılov 01 sentyabr 2008-ci ildə, Şaqi Məmmədov 24 fevral 2011-ci ildə qərardadlar, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əflatun Qasımov 08 iyun 2010–cu ildə, Həsən Əhmədov 24 iyun 2010-cu ildə, Ali Məhkəmənin hakimi Ələsgər Əliyev isə 30 aprel 2010-cu il tarixdə dövlətin adından qətnamələr çıxartsalar da, hələ də hər hansı addımlar atılmayıb. Hakim Araz Hüseyinov qeyd edir ki, 2006-cı ilin dekabr ayında Kənd Təsərrüfatı Nazirliyinin ödəniş cədvəlinə əsasən, iddiaçı Qasımov Mahmud Əlibəy oğluna 562 AZN məbləğində pul ödənilmişdir. Belə bir addımların atılması da, bu günə kimi mənim hüquqlarımın pozulması, daha dəqiq desəm tapdaqlar altına atılması deməkdir. 27 yanvar 2000-ci il tarixdə Bakı Apelliyasiya Məhkəməsinin qərarı var ki, mənə iki illik əmək haqqı Kənd Təsərrüfatı Nazirliyindən tutulub ödənilsin. Bu gün bəzi məmurların özbaşınalıqları, vəzifə səlahiyyətlərini aşmaları və dövlətin adından çıxarılmış qətnamələrin icrasına səhlənkarlıq nümayiş etdirmələrinin nəticəsidir ki, bu gün də qapılar arxasında qalmışam. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hakimlərə təqdim olunmuş saxta sənədlər əsasında, bu günə kimi lazımi araşdırma aparılmamış və bunun nəticəsi olaraq hakimlər işlərə göz yummuşlar. Yəni, açıq-aydın verilmiş sifarişlər baş tutmuş və haqq-ədalət öz yerini tapmamışdır. Mən bu günə kimi ayrı-ayrı məhkəmə instansiyalarında bu prosesə baxan hakimlər içərisində, yalnız Səbail rayon məhkəməsinin hakimləri Yelmar Rəhimovu və Zaur Əliyevi ədalətli görmüşəm. Mən hansısa hakimdən tələb etmirəm ki, məni müdafiə etsinlər, yalnız istəyim ondan ibarətdir ki, haqqa-ədalətə söykənib ədalətli qətnamə çıxartsınlar. 24 fevral 2017-ci il tarixdə bu prosesə baxmış Səbail rayon Məhkəməsinin hakimi Yelmar Rəhimovdan xahişim ondan ibarətdir ki, prosesin keçirildiyi vaxtlarda bu tələblərimi irəli sürmüşdüm. Bir daha xatırladıram ki, KTN-i və icra məmuru gələcəkdə irad bildirməsinlər ki, bu qərarda yalnız əmək haqqı məsələsi nəzərdə tutulub. Qərarda aşağıdakı bəndlərdə qeyd olunmalıdır.
1) Əmək haqqının düzgün hesablanması.
2) 1997-1998-ci illərdə illik hesabat təqdim etməklə və üç dəfə seminar müşavirədə iştirak etməklə, mən KTN-də ezamiyyətdə olmuşam.
3) İdarənin fəaliyyətinə xitam verildikdə 2-3 aylıq müavinətlərin ödənilməsi, hansı ki, mənimlə işləyən mütəxəssislər həmin məvacibi zamanında alıblar.
4) Azərbaycan Respublikasının müvafiq qərarına əsasən, büdcə təşkilatlarında çalışan mütəxəssislər məzuniyyətə çıxmadıqları illərdə məzuniyyət pullarının ödənilməsi ilə əlaqədar olaraq, mən də sonuncu dəfə 1988-ci ildə məzuniyyətdə olmuşam.
5) Əmək Məcəlləsinin 5-ci bəndinə əsasən idarə, müəssisə və təşkilat rəhbərlərinin səhlənkarlığı, yaxud da qəsdən yubatması səbəbindən ödənişlər vaxtında verilmirsə ümumi əmək haqqının ən azından 1 %-i qədər əlavə ödəniş ödənilməlidir.
Çox təəssüf doğuran səbəblərdən bir də, insan haqlarının müdafiəsi ilə məşğul olanların bu işlərə olduqca biganə yanaşmalarıdır. Bu gün 80 yaş həddindəyəm və ömrümün 18 ilini məhkəmə çəkişmələrində keçirmişəm. Belə bir halın varlığı məhz səhhətimə ciddi təsir edib və ara-sıra müalicə almağa da vadar olmuşam. Bu mənə lazımdırmı? Onu da vurğulayım ki, istər hüquqi, istərsə də fiziki şəxslər qanun qarşısında bərabərdir. Bu belə olduğu halda səbəb nədir ki, icra məmurları dövlət işlərində vəzifə sahibi olanlara məcburi icra tətbiq etmirlər və bu haqda da, Ədliyyə Nazirliyinin istintaq idarəsinə hər hansı məlumatı çatdırmırlar. Mən üz-üzə qaldıqlarımla bağlı ölkə rəhbərimiz cənab İlham Əliyevdən, 18 il ərzində məni qapılar arxasında qoyan, getgələ salan, olmazın iztirablara düçar edən vəzifə sahiblərinə müvafiq tapşırıqlar verməsini də xahiş edirəm. İnanıram ki, həmişə haqqın-ədalətin yanında olan ölkə rəhbərimizin verəcəyi tapşırıq, illər uzunu davam edən süründürməçilik amillərinin varlığına birdəfəlik son da qoyacaq. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik

“Gündəm Xəbər”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.