Kürdəmirdə şok: İnsan və heyvan dərmanları eyni aptekdə satılır
- 20-06-2018, 17:05
- 2 511
xalqxeber.az 7news.az-a istinadən xəbər verir ki, dəfələrlə kənd camaatı aptekin qurbanına çevrilməkdən son anda qurtulublar. Belə ki, yalnış və ya vaxtı keçmiş dərmanları aldanaraq alan sadə kəndlilər məsələni sonradan başa düşüblər. Bəzilərinin isə ev heyvanları tələf olub. Onlar dəfələrlə Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat nazirliklərinə şikayət etsələr də məsələni gəlib araşdıran olmayıb. Günahkar öz cəzasını çəkmək əvəzinə, Kürdəmir rayonunun mərkəzində də əlavə olaraq bu cür aptek açıb.
Kənd camaatı alternativ aptekin açılması üçün dəfələrlə müraciət etsə də, müvafiq qurumlar heç bir reaksiya verməmiş, sözügedən aptekin sahibi Sakit Məmmədova yaşıl işıq yandırıblar. Görünür S.Məmmədov onlarla "səmərəli” əməkdaşlıq qura bilib.
S.Məmmədovun üzərinə dərmanlara görə şikayətə gedənlər isə dəfələrlə rayon polisinin təzyiqi ilə susdurulublar.
Sığırlı kəndinin sakinləri bu məsələdə onlara kömək edilməsi üçün redaksiyaya müraciət edərək, şikayətlərinin birinci vitse-prezident Mehriban Əliyevaya, prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevə, kənd təsərrüfatı naziri İnam Kərimova, iqtisadiyyat naziri Şahin Mustafayevə və səhiyyə naziri Oqtay Şirəliyevə çatdırılmasını xahiş edirlər.