XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Valideynlər 168 saylı uşaq bağçadan şikayətçidir

Valideynlər 168 saylı uşaq bağçadan şikayətçidir

Valideynlər 168 saylı uşaq bağçadan şikayətçidir
6-06-2018, 10:21

Bakı şəhər Nərimanov rayonunda fəaliyyət göstərən 168 saylı uşaq bağçası-körpələr evində qida rasionunun təmin edilməməsindən narahat olan valideynlər “Qafqazinfo”ya müraciət edib.

Şikayətçilər bildirib ki, onlar dünən nahar vaxtı bağçada olub və verilən yeməklərlə maraqlanıb. Məlum olub ki, dövlət tərəfindən bağçada uşaqlara verilməsi nəzərdə tutulan qidaların heç biri körpələrə verilmir: “Bağçada hər uşağa görə aylıq 50 manat pul yığılır. Üstəlik hər ay bəzi gündəlik vəsaitlər: sabun, salfetka və sair almağımız tələb olunur. Qarşılığında isə uşaqlar axşamlar evə ac gəlir. Hər səhər uşaqlara şor-çörək və çay, günorta sup və ya dovğa, axşam isə mannı sıyığı verilir. Əksər uşaqlar da bunu yemir. Uşaqlara meyvə, yumurta, süd kimi vitaminli heç nə verilmir. Biz bir neçə valideynlə dünən növbəti dəfə bağçada uşaqların qidalanması ilə maraqlandıq. Məlum oldu ki, uşaqlara dovğa veriblər və heç biri yeməyib”.

Valideynlər onu da bildiriblər ki, dəfələrlə məktəbin müdirəsi Qətibə Dəmirovaya və tərbiyəçilərə müraciət edilsə də, uşaqlara təyin edilən qidaların verilməsi həyata keçirilmir. Bundan başqa, şikayətçilər bağçadakı təmizlikdən də narazıdırlar. Onların sözlərinə görə, otaqlar səhər uşaqlar bağçaya gələndən sonra təmizlənməyə başlanılır və içəri toz olur.

“Qafqazinfo” məsələylə bağlı 168 saylı uşaq bağçası-körpələr evi ilə əlaqə saxlayıb. Adını çəkmək istəməyən bağçanın təsərrüfat müdiri bildirib ki, yuxarıda qeyd olunan nüanslar doğru deyil və uşaqların qidalanması tam şəkildə təmin olunur:

“Bütün bağçalarda menyu necədirsə, bizdə də elədir. İcra Hakimiyyətindən razılıq alıb, gəlin baxın. Telefonda başqa bir söz deyə bilmərəm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.