SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "BAKU CİTY HOSPİTAL" DƏHŞƏTLİ CİNAYƏT FAKTINI GİZLƏDİB

"BAKU CİTY HOSPİTAL" DƏHŞƏTLİ CİNAYƏT FAKTINI GİZLƏDİB

Tarix:

1-06-2018, 09:41

/ 2 263 dəfə oxundu.
"BAKU CİTY HOSPİTAL" DƏHŞƏTLİ CİNAYƏT FAKTINI GİZLƏDİB

Sabiq prokurorun oğlu tərəfindən ölümcül döyülən Abbas İbrahimov huşsuz olduğundan, hospitala başqa ad altında yerləşdirilib və məlum cinayət faktı ört-basdır edilib

Hüquqları pozulan vətəndaş ölkə prezidentindən və dövlət qurumlarından kömək istəyir

Abbas İbrahimovun sözlərinə görə, bu saxtakarlığın qismən də olsa aradan qaldırılmasına bir neçə gün sonra xəstəxanada ona baş çəkməyə gələn həmyerlisi komək edib. Həmyerlisininin sorğu-sualına doğru-dürüst cavab verə bilməyən xəstəxana personalı özünü itirib. Aydın olub ki, nə polisə, nə də Əmək Müfəttişliyinə baş verən cinayət hadisəsi ilə bağlı heç bir məlumat verilməyib, zərərçəkən xəstəxanaya təcili yardım maşınında gətirilməyib. Vəziyyəti belə görən həmyerlisi “102” xidmətinə zəng vuraraq, baş verənlər haqda məlumat verib.
Bir neçə gün sonra Xətai rayon 37-ci Polis Bölməsinin təhqiqatçısı Əliyev Nahid Ağamalı oğlu zərərçəkənin yanına gəlib, amma vəziyyəti ağır olduğu üçün ondan izahat ala bilməyib. Növbəti dəfə təhqiqatçı artıq hazır şikayət ərizəsi ilə xəstəxanaya qayıdıb, ağır vəziyyətdə olan zərərçəkən isə ərizəni oxumadan imzalayıb.
Bir müddət sonra zərərçəkənə cinayət işi açıldığı haqda məlumat verilib. Deyilib ki, xəstəxanadan alınan epikriz cinayət işinə tikilib. Amma nə imzaladığı şikayət ərizəsi, nə də epikriz zərərçəkənə göstərilməyib.
Zərərçəkən Abbas İbrahimovun şikayəti əsasında 2017-ci ilin 29 dekabrında Xətai rayon polisi tərəfindən ona xəsarət yetirən Kamalov Müşfiq Oqtay oğlunun işi CM-nin 127.2.3-cü və 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması üçün prokurorluğa göndərilsə də, 2018-ci ilin 24 yanvarında haqqında axtarış elan olunub və cinayət işi dayandırılıb.
Maraqlıdır ki, istintaq başladılandan sonra Müşfiq Kamilov müəmmalı şəkildə ölkəni tərk edə bilib. Onun İnterpolun axtarışına verildiyi iddia olunsa da, sərbəst şəkildə Rusiya və Türkiyə sərhədlərini keçməsi ilə bağlı məlumatlar var. Halbuki cinayət hadisəsi haqda hüquq mühafizə orqanlarına vaxtında məlumat verilsəydi, onun ölkədən çıxışının qarşısı asanlıqla alınardı.
Xəstəxanadan çıxandan sonra qeydiyyatda olduğu Xəzər rayonunun poliklinikasına müraciət edən Abbas İbrahimov vəziyyətinin ağır olduğuna görə poliklinikadan stasionar müalicə üçün Sabunçu xəstəxanasına göndərildiyini, amma azyaşlı övladlarını, ailəsini həyəcanlandırmamaq üçün müalicəsini evdə davam etdirmək qərarına gəldiyini söyləyir.
Güclü baş ağrılarından, əsəb pozuntusundan, ögümə və qusmadan əziyyət çəkdiyini bildirən şikayətçi, hələ də tam sağalmadığını, iş qabiliyyətini qismən itirdiyini, dəfələrlə aidiyyatı qurumlara şikayət ərizələri ilə müraciət etsə də, bu günə qədər heç kəsin məsuliyyətə cəlb olunmadığını bildirir.
Abbas İbrahimovun sölərinə görə, hadisə baş verəndən 46 gün sonra, Müşfiq Kamalovun atası Oqtay Kamalov onun evinə gəlib. Və açıq etiraf edib ki, oğlunun cinayətini ört-basdır etmək üçün xəstəxanaya, polisə, prokurorluğa böyük məbləğdə rüşvət verib, bundan sonra da hələ çox xərci çıxacaq. Bu söhbətdə zərərçəkənin həmyerlisi də iştirak edib.
Oğlunun ünvanına söylənən haqlı iradlara cavab olaraq, zərərçəkənə heç bir yardım göstərməyəcəyini bildirən hiddətlənmiş sabiq prokuror onun evini tərk edib.
Abbas İbrahimov iddia edir ki, Müşfiq Kamalov haqda cinayət işi açıldığından xəbər tutan şirkət rəhbərləri ona təzyiq göstərməyə və onu şikayət ərizəsini geri götürməyə təhrik etməyə başlayıblar, əks halda onu işdən qovacaqları ilə hədələyiblər. Onların istəyini yerinə yetirməyəndə isə şirkətin tabe olduğu “Gilan Holding”in kadrlar idarəsinin rəisi ona öz ərizəsi ilə işdən çıxmağı məsləhət görüb.
Abbas İbrahimov isə bununla razılaşmadığını, 2008-ci ildən “Gilan Holding”in işçisi olduğunu, bu illər ərzində işinə məsuliyyətlə yanaşdığını, heç vaxt xəbərdarlıq, töhmət almadığını, buna görə də işdən çıxarılma səbəbini anlamadığını bildirir.
Abbas İbrahimovun sözlərinə görə, işdən çıxarıldığı əsas gətirilərək, iş yerinə buraxılmasa da, Əmək Kitabçası ona verilməyib. May ayının 4-də nəhayət “Gilan Holding”in binasına daxil olan şikayətçi şirkət rəhbərləri Murad Muradov və Ceyhun Cəfərova iradlarını bildirdikdə, onlar tərəfindən nalayiq sözlərlə təhqir olunaraq zorla şirkətdən çıxarılıb. Və elə oradanca Əmək Müfəttişliyinin 142 nömrəli qaynar xəttinə zəng vuraraq, hüquqlarının pozulduğu haqda məlumat verib. Daha sonra müfəttişliyə yazılı ərizə ilə müraciət edən şikatətçiyə bu işin ciddi şəkildə araşdırılacağına dair söz veriblər.
Bir neçə gün sonra, yəni, may ayının 18-də Abbas İbrahimovun qeydiyyatda olduğu Naxçıvan MR Bakək rayonunun Nehrəm kəndinə “Evim Market” şirkətinin rəhbərliyi tərəfindən məktub göndərilib. Məktubda şikayətçinin 2018-ci ilin 3 mayından etibarən heç bir üzürlü səbəb göstərilmədən işə gəlmədiyi, bunun Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbinə əsasən, onun tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərin kobud surətdə pozulması kimi qəbul olunduğu bildirilib və ondan 2 gün ərzində işə gəlməməyi ilə bağlı şirkətə sənəd təqdim etməsi tələb olunub. Əks halda isə əmək müqaviləsinə xitam veriləcəyi haqda xəbərdarlıq edilib.
Maraqlıdır ki, məktub vətəndaşın hazırda yaşadığı ünvana deyil, qeydiyyatda olduğu kəndə göndərilib. Üstəlik, mayın 4-də heç bir səbəb olmadan şirkət rəhbərləri tərəfindən oradan qovulduğu halda, məktubda onun mayın 3-dən heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi bildirilir.

Məktub barədə məlumat alan Abbas İbrahimov mayın 21-də səhər saat 08.45-də işlədiyi şirkətə gedib. Dəfələrlə olduğu kimi, bu dəfə də mühafizə işçiləri onu içəri buraxmaq istəməyiblər, “rəhbərliyin göstərişi belədir, bizdən incimə”,-deyərək üzrxahlıq ediblər. Amma şikayətçi barmaq izinin köməyi ilə binaya daxil olub (bu isə bir daha sübut edir ki, mayın 21-dək Abbas İbrahimov o şirkətin rəsmi işçisi olub) və rəhbərliyi gözləyib. Səhər saat 10-a qədər gözləsə də, nə Murad Muradovla, nə də Ceyhun Cəfərovla görüşə bilməyib.

Bu səbəbdən 102 xidmətinə və Əmək Müfəttişliyinin qaynar xəttinə zəng vuraraq, yaranmış vəziyyətlə bağlı onlara məlumat verib.

Şirkət rəhbərlərindən xəbər çıxmadığını görən şikayətçi holdinqin kadrlar idarəsinin rəisinə zəng vuraraq, vəziyyəti onunla aydınlaşdırmağa çalışıb. Rəis isə ona bildirib ki, günortaya qədər sənin işinə xitam veriləcək. Sonra anbar müdiri ilə görüşüb, ondan rəhbərliklə əlaqə saxlamağı xahiş edib, anbar müdirinin zənginə cavab verən Murad Muradov deyib ki, Abbas İbrahimovu şirkətdən uzaqlaşdırın, onun burada yeri yoxdur, səbəbini isə açıqlamayıb.
Bur neçə gün sonra isə Abbas İbrahimova “Evimiz Market” şirkətindən bildiriş gəlib. Həmin bildirişdə 2018-ci ilin 21 mayından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onunla bağıanan əmək müqaviləsinə xitam verildiyi bildirilir və vətəndaşdan Əmək Kitabçasını təhvil alması xahiş edilir.
Şikayətçi mayın 21-i, səhər saat 9.00-da işdə olduğunu və heç bir izahat verilmədən şirkətdən uzaqlaşdırıldığını əsas gətirərək, bu qərarın qanunsuz olduğunu iddia edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinə xitam verildiyindən, heç bir dövlət qurumunda işləmək hüququ olmayan Abbas İbrahimov, mayın 21-də qanunsuz olaraq şirkətdən qovulduqdan sonra, şirkət rəhbərliyinin təyin etdiyi vaxtda işdə olduğunu təsdiqləyən, öz telefonunun kamerası ilə çəkdiyi video yazını müfəttişliyin əməkdaşına təqdim etdiyini, amma bunun da nəticəsiz qaldığını məyusluqla dilə gətirir. Abbas İbrahimov onu da iddia edir ki, şirkətin hazırkı rəhbərliyi orada işləyən nehrəmlilərə qarşı xüsusi aqressivlik nümayiş etdirir. Bu vaxtadək Babək rayon Nehrəm kəndindən olan bir neçə işçi də işdən uzaqlaşdırilıb, onların əvəzinə başqa bölgədən olan şəxslər işə götürülüb. Növbəti qurban isə o olub. Şikayətçiyə bildirilib ki, “nehrəmlilər çörək qədri bilən deyillər, ona görə də onlara iş verilməyəcək”.
Abbas İbrahimov “Gilan Holding”in rəhbəri Taleh Heydərova böyük hörmət bəslədiyini və onun bu işdən xəbərsiz olduğuna şübhə etmədiyini bildirir. Vətəndaş hüquqlarını pozan, ona fiziki və mənəvi xətər yetirən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini və cəza çəkmələrini istədiyir. O, ölkə prezidentinə, “Gilah Holding”in rəhbərinə, eləcə də bütün aidiyyatı qurumlara müraciət edərək, onlardan kömək istəyir.

Hazırladı: Banu Oğuz

P.S. Ümid edirik ki, “Gilan Holding” rəhbərliyi keçmiş əməkdaşının müraciətinə biganə qalmayacaq, bu məsələ ciddi şəkildə araşdırılacaq.

Eləcə də hüquq mühafizə orqanlarının bu cinayət işini ən tez zamanda sona çatdıracağına, vətəndaşa qəsdən ağır bədən xəsarəti yetirən cinayətkarın ən tez zamanda ölkəyə gətirilərək cinayət məsuliyyətinə cəlb ediləcəyinə, eləcə də bu cinayəti ötr-basdır edən şəxslərin cəzasız qalmayacağına ümid edirik.

P.P.S. Mövzunu davam etdirəcəyik.

hurriyyet.org
"BAKU CİTY HOSPİTAL" DƏHŞƏTLİ CİNAYƏT FAKTINI GİZLƏDİB
"BAKU CİTY HOSPİTAL" DƏHŞƏTLİ CİNAYƏT FAKTINI GİZLƏDİB
"BAKU CİTY HOSPİTAL" DƏHŞƏTLİ CİNAYƏT FAKTINI GİZLƏDİB
"BAKU CİTY HOSPİTAL" DƏHŞƏTLİ CİNAYƏT FAKTINI GİZLƏDİB

Şərhlər

XƏBƏR LENTİ