XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Sovetski” Abid Şərifovdan Abutalıbova keçdi

“Sovetski” Abid Şərifovdan Abutalıbova keçdi

“Sovetski” Abid Şərifovdan Abutalıbova keçdi
25-04-2018, 14:40

Baş nazirin müavini Abid Şərifovun yerinə təyin olunan Bakının keçmiş meri Hacıba Abutalıbov “Sovetski”dəki söküntülərə nəzarət edəcək.

AzEuroNews.com-a verilən məlumata görə, Baş nazirin yeni müavini olan H.Abutalıbova A.Şərifovun işləri həvalə olunub.

Keçmiş BŞİH rəhbəri “Sovetski”dəki söküntü-tikinti işlərinə vaqif edilib. Bundan sonra H.Abutalıbov köhnə məhəllədə gedən işlərə cavabdeh olacaq.
Artıq ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlıdırlar. Gələn ayın əvvəlindən “Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq.
Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. Kompensasiyanın məbləği isə dəyişməyib – kvadratına 1500 manatdan hesablanacaq.
Sakinlərin şikayəti olacaqsa Yasamal rayon İcra Hakimiyyətinə və H.Abutalıbova müraciət etməlidirlər.
Ancaq “Sovetski”də evinin sökülməsini gözləyənlər günlərini sayırlar. Evlər nömrələnib, sənədləşmə prosesi gedib, yerdə qalır söküntü və təzminatı almaq.
Bununla da 15 hektara yaxın ərazidə yaşayış evləri park və yollarla əvəzlənəcək. “Doğrusu, bizə 2015-ci ilin sentyabr ayında deyirdilər ki, qışa kimi bu ərazilər söküləcək. Əvvəl deyirdilər ki, bu əraziləri ərəblər alıblar və hansısa obyektlər tikəcəklər.
Camaat da sevinirdi ki, ərəblər alıbsa, yəqin kompensasiya da yaxşı olacaq. Həmin ərəfələrdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib, mənzilləri ölçdülər. Bildirdilər ki, kvadrata 1500 manat kompensasiya ödəyəcəklər”,-deyə sakinlər bildirirlər.
Onların dediyinə görə, mənzil bazarı da, tikinti materialları da bahalaşıb. Ona görə ən azı kvadratı 2 min manatdan kompensasiyanın verilməsi arzusundadırlar.
REAL TV-yə danışan sakinlərin sözlərinə görə, evlərdən 1130-u Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafazadə küçələri arasında, 880-i isə Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasında yerləşir.
Bu il ərzində ərazidə olan evlərin satın alınması və həmin ərazinin təmizlənməsi işləri həyata keçiriləcək.
Artıq məsələ ilə bağlı qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqəsədilə müvafiq tenderlər də keçirilib.
Köçürülmədən sonra orda yalnız yol, yaşıllıq və parkın salınması planlaşdırılır. “Sovetski”də abadlaşdırmanın birinci mərhələsi 26 hektar sahəni əhatə etmişdi və burada 4300 ev və obyekt sökülmüşdü.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.