SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıdan Rusiya sərhədinə yeni yol çəkilir

Bakıdan Rusiya sərhədinə yeni yol çəkilir

Tarix:

13-04-2018, 10:35

/ 1 465 dəfə oxundu.
Bakıdan Rusiya sərhədinə yeni yol çəkilir

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikinti işlərinə start verib.

Bu haqda Agentlikdən məlumat verilib.

Məlumatda bildirilib ki, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 97 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq layihələndiriləndirilir.

Dörd hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Ümumilikdə layihəboyu tikinti işləri layihələndirmə ilə paralel aparılır.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir.

Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

Yolun keçəcəyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir. Bu ərazidə çoxlu çaylar, meliorasiya qurğuları, su hövzələri ilə, neft çıxarılan ərazilərlə kəsişmələr layihənin ən əhəmiyyətli aspektidir.

Layihə dörd lotdan ibarətdir. 1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-52, 3-cü lot 52-76, 4-cü lot isə 76-98-ci km-lik hissələri əhatə edir. 1-ci lot üzrə artıq layihələndirmə işləri yekunlaşmaq üzrədir, paralel olaraq yolun tikinti işlərinə başlanılıb.

Layihənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik (8 km) hissəsinə düşür. Həmin hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi nəzərdə tutulur.

Yeni tikilən avtomobil yolunun 1-ci lot boyu tikinti-quraşdırma işləri hazırda 3 hissədə aparılır. Aparılan işlər çərçivəsində 8-13.5-ci və 24.5-26-cı km-lik hissələrində bitki qatı sıyırılıb çıxarılıb, yolun 9.8-10.2-ci və 24.6+25-ci km-lik hissələrdə isə dolğu işləri getməkdədir.

Yeni yolun sözügedən hissəsi boyunca 9 ədəd yol keçidi və yol ötürücü körpünün, 1 ədəd kanal körpüsünün, 5 ədəd düzbucaqlı yolaltı avtomobil keçidin, 30 ədəd müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tkintisi, yüksək/aşağı gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub.

Yeni inşa edilən yol 97 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 157 km təşkil edəcək.

Aparılan tikinti işləri birbaşa olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keçirilir. Layihə sənədlərinin hazırlanması, məsləhətçi xidmətlərinin yerinə yetirilməsi, tikinti-quraşdırma işlərinin hansı mərhələdə olması və layihədə qarşıya çıxan problemlərin həlli yollarının axtarılması və aradan qaldırılmasının işçi qaydada həll olunması məqsədi ilə mütəmadi olaraq Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi ilə tikinti meydanındaca yolun tikintisini və layihələndirilməsini həyata keçirən podratçı və layihəçi şirkətlərin nümayəndələrinin iştirak etdiyi iclaslar keçirilir.

S.Məmmədov növbəti görüş zamanı layihənin əhəmiyyətini bir daha diqqətə çatdıraraq tikinti işləri ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır.

Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməl qoyma mərasimi keçirilib.

Şərhlər

XƏBƏR LENTİ