XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Yaşayış vəziyyətimiz həmişə ağır olub" - ŞİKAYƏT

"Yaşayış vəziyyətimiz həmişə ağır olub" - ŞİKAYƏT

"Yaşayış vəziyyətimiz həmişə ağır olub" - ŞİKAYƏT
17-03-2018, 12:04

Laçın rayon Dambulaq kənd sakini Əsədov Fərəc Qəzənfər oğlu redaksiyamıza gələrək şikayətlənib. Şikayətçi bildirib ki, 1992-ci ildən Ağcabədi rayonunda məskunlaşıb: “Yaşayış vəziyyətimiz həmişə ağır olub. 4 ailə birləşərək 4 hektar torpaq sahəsi almışdıq. Onun bir hektarına bağ salmışdıq, digər 3 hektarında isə təsərrüfat işləri ilə məşğul olurduq. Burada bir çayxana və bir mini market tikmişdik. 4 ailənin dolanışıq yeri bura idi. 2011-ci ildə bizə heç bir xəbərdarlıq etmədən, rəyimizi nəzərə almadan meyvə bağını, çayxana olan ərazini və mini marketi bulduzerlərlə sökdülər. Biz etirazımızı bildirəndə onlar dedilər ki, bu ərazidə məcburi köçkünlər üçün evlər tikiləcək. Hazırda yaşadığınız evlər o binaların tikilmə yerinə düşdüyünə görə evləri də sökəcəyik. Evlər tikilib hazır olanda sizə hər təsərrüfat üzrə ev veriləcək.
Beləliklə, həmin əraziyə bir dəmir vaqon gətirib, 4 ailəni ora yığdılar və evlərimizi sökdülər. Yayı, qışı bir ildən artıq həmin vaqonda keçirtdik. Bir müddət sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Ağcabədi rayonu üzrə nümayəndəsi Hafiz Mehdiyev məni çağırıb bildirdi ki, hər təsərrüfat üzrə 3000 manat gətirim. Həmin zaman bildirdim ki, bu məbləğdə pulum yoxdur. Buna görə də 3 təsərrüfat ailəni qeyri-qanuni birləşdirib bir mənzilə yerləşdirdilər. Pul vermədiyim üçün qeydiyyatda olduğum Xocavənd kənd qeydiyyatımdan da çıxarıldım. Mənimlə bir təsərrüfatda kitaba düşən nənəm Xanım Əsədova da atamın üstünə yazıldı. Yalan olaraq mənim Saray qəsəbəsində qeydiyyatda olduğum bildirilir. Lakin dəfələrlə bildirmişəm ki, mən Saray qəsəbəsində yaşamıram və orada qeydiyyatda deyiləm".
Şikayətçi qeyd edib ki, 2011-ci ildən kirayələrdə yaşayır, borclar və digər maddi problemlər üzündən yenicə qurulmuş ailəsi də dağılıb: “İmkansızlıqdan gecəqondularda qalmaqdan böyrək və prostat xəstəsiyəm. Banklardan və ayrı-ayrı şəxslərdən aldığım borcları ödəyə bilmədiyim üçün icraçılar dəfələrlə mənə xəbərdarlıq edib. Bütün bu problemlər üzündən ailəm dağıldı. Ayda 90 manat alimenti balama ödəyə bilmirəm. Aidiyyəti orqanlardan xahiş edirəm, bu məsələdə mənə köməklik göstərsinlər”.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mövqeyini öyrənmək üçün quruma sorğu göndərilib. Komitədən şikayətlə bağlı “Yeni Müsavat”a bu cür açıqlama verilib:
“Laçın rayonundan məcburi köçkün, əvvəllər Ağcabədi rayonu Xocavənd kəndində müvəqqəti qeydiyyatda olmuş Əsədov Qəzənfər Osman oğlu həmin rayonda məcburi köçkünlər üçün tikintisi nəzərdə tutulan torpaq sahəsinin kənarında vaqon və daş evdən ibarət tikilidə ailə üzvləri ilə birlikdə məskunlaşıblar.
Əsədov Qəzənfər Osman oğlu həmin ərazidə məskunlaşdığı üçün 7 nəfər ailə üzvləri ilə birlikdə 2011-ci ildə Ağcabədi rayonu ərazisində məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli yaşayış kompleksində 5 saylı binada 4 otaqlı mənzillə təmin edilib.
Köçürülmə aparılan müddətdə araşdırma zamanı məlum olub ki, Əsədov Qəzənfər Osman oğlunun oğlu Əsədov Fərəc Qəzənfər oğlu həmin vaxtlarda həyat yoldaşı Niyazova Nigar Ramiz qızından məhkəmə qərarı ilə ayrılaraq kommunal qeydiyyata düşməklə Abşeron rayonu ərazisində yaşayıb. Lakin Əsədov Fərəc Qəzənfər oğlunun həyat yoldaşı Niyazova Nigar Ramiz qızı həmin ərazidə qəsəbə ilə üzbəüz yol kənarındakı tikilidə məskunlaşdıqları üçün övladı Əsədov Fateh Fərəc oğlu və nənəsi Abdinova İlduzə Ağakişi qızı ilə birlikdə 1 saylı binada 2 otaqlı mənzillə təmin edilib.
Həmçinin bildiririk ki, Əsədov Fərəc Qəzənfər oğlu dəfələrlə əsassız, həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli ərizələrlə müxtəlif dövlət orqanlarına, o cümlədən 2017-ci ildə Ağcabədi rayon Prokurorluğuna müraciət edib. Həmin müraciət aidiyyəti qurumlar tərəfindən araşdırılaraq əsassız hesab edilib, bildirdiyi ifadələr öz təsdiqini tapmamışdır".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.