XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Rabitə sektorunda ixtisar dalğası - GƏLİŞMƏ

Rabitə sektorunda ixtisar dalğası - GƏLİŞMƏ

Rabitə sektorunda ixtisar dalğası - GƏLİŞMƏ
30-01-2018, 09:49

Rabitə sektorunda çoxlu sayda insanın işdən çıxarılması barədə məlumat vermişdik. Xatırladaq ki, bu barədə redaksiyamıza məlumat verən mənbə rabitə sektorunda yalnız mühəndis heyəti, vəzifəli şəxslər deyil, texniki işçilər və sıravi fəhlələrin də müxtəlif adlar altında işdən çıxarılmasına başlandığını qeyd etmişdi.

Bu günlərdə aldığımız məlumatda isə “Aztelekom”dan sonra Bakı Telefon Rabitəsi İstehsalat Birliyində də ixtisarlar başlandığı qeyd olunur. Mənbəmizin dediyinə görə, əslində işdən çıxarılanların hamısı illərini rabitəyə verənlərdir: “Hər rayonda onlarla adam işdən çıxarırlar. Onların yerinə 50 nəfər işçi götürülür. Hamısı da kimlərinsə tanışı və qeyri-ixtisas sahibləridir. Bu baxımdan, ölkədə rabitə sahəsi çökməyə doğru gedir. Ona görə də internet zəifdir və son illər inkişaf yoxdur, qiymətlər isə artırılıb”.

Rabitə sektoruna yaxından bələd olan mənbəmiz onu da qeyd etdi ki, BTRİB-in əvvəlki rəhbəri Beytulla Hüseynov korrupsioner olsa da, işi yaxşı bilirdi: “Rabitəçilərə də dəyər verir, onları işdən çıxarmırdı ki, iş axsamasın. Ancaq indiki rəhbər elə deyil. İxtisarlar çox absurd formada aparılır. Məsələn, ”Aztelekom"da gecə növbədə olan işçiləri işdən çıxarıblar. Halbuki bu adamlar gecə ATS-də oturub, cihazlarda temperatur rejiminə nəzarət edirlər. Temperatur təyin olunandan yuxarı olarsa yanğın baş verə bilər. Eləcə də bu işçilər abonentlərin şikayətlərinə də cavab verirdilər. İndi həmin işçilərin işdən çıxarılması nəticəsində bütün bu işlər havada qalıb. “Aztelekom”da işdən çıxarılanlar arasında sistemə çox yaxşı bələd olan, bacarıqlı mütəxəssis, texniki direktor Zahir Vəliyev də var. BTRİB-də isə güclü mütəxəssislər olan Rəsul Qurbanovu, Məzahir Vəliyevi səbəbsiz yerə işdən çıxarıb, yerinə rabitədən anlayışı olmayan şəxsləri götürüblər".

“Report”un yazdığına görə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Bakı Telefon Rabitəsi MMC-nin tabeliyindəki telefon qovşaqlarının ləğv olunması ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında (ATS) ixtisarlar həyata keçirilir. İşçilərin təxminən yarısı aylıq əmək haqqının 2 misli qədər təzminat ödəmək şərti ilə vəzifəsindən kənarlaşdırılır. Onlara hər telefon qovşağında 100 nəfərin işdə saxlanılacağı bildirilir.

NRYTN hələ ki fakta münasibət bildirməyib.

Onu da qeyd edək ki, son aylarda yerli telefon stansiyalarında qəza və nasazlıqlarla bağlı müraciətlərə baxılması işində ciddi ləngimələr yaranıb. Bir telefon xəttindəki nasazlığı 3-4 günə aradan qaldırmaq mümkün olmur. ATS-lərə bununla bağlı fikir bildirdikdə isə müraciətlərin çox, işçilərin az olduğu iddia edilir. Bu vəziyyətdə olan işçilərin də ixtisar edilməsi problemi daha da dərinləşdirəcək.

“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.