SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Patent Komitəsi prezidentin yaratdığı agentliyə verilir

Patent Komitəsi prezidentin yaratdığı agentliyə verilir

Tarix:

18-02-2017, 00:12

/ 1 820 dəfə oxundu.
Patent Komitəsi prezidentin yaratdığı agentliyə verilir

Azərbaycan prezidenti İlham Əliyev qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.

Verilən məlumata görə, agentlik 2018-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq.

Mətbuatda gedən yazılarda deyilir ki, hökumətin bu təşəbbüsünün görünməyən tərəflərinə gəlincə hesab olunur ki, bu 2017-ci il üçün nəzərdə tutulmuş “Yol xəritəsi”nin - ciddi struktur islahatlarının tərkib hissəsi olacaq.

Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi bu addımlardan biri idi.

Qida Təhlükəsizliyi Agentliyinə alternativ sayılan qurumların ləğv edilərək, bu struktura birləşdiriləcəyi də gələn məlumatlar arasındadır.

“Yol xəritəsi” əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi QTA-ya veriləcək. Bu qurumun yanında fəaliyyət göstərən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu fəaliyyət göstərəcək.

Ölkədə struktur islahatlarının sürətləndirilməsinə lüzum yaranıb. Manatın tam devalvasiyası və postneft dövrünün başlanması bir-birini təkrarlayan yaxud da israfçılıq yaradan qurumların ləğvini gündəmə gətirib.

Bir neçə dəfə bu mövzuya toxunaraq xəbər vermişdik ki, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olunacaq. Bu qərar sahibkarları da sevindirib. Bir il ömrü qalan komitənin 2018-ci ilin fevralında QTA-nın nəzdindəki instituta veriləcəyi realdır.

Verilən məlumata görə, komitənin fəaliyyəti haqda iş adamları prezidentə şikayətlər ünvanlayır. Hətta qurumun əməkdaşlarının özlərini Çovdarov kimi apardığı ittihamları yer alır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evi və restoranlarda çatışmazlıqlar “aşkarlayır” və hər obyektə dövriyyəsinə görə “haqq” qoyulur. Fantastik standartlar istənilən vaxt şadlıq evlərinə müdaxilə üçün “hüquqi əsas” verir.

Məlum olduğu kimi, şadlıq evləri çox gəlirli müəssisələr sayılır. Xüsusilə də Bakı şəhərində 1000-dən yuxarı şadlıq evi fəaliyyət göstərir.

Media üzərindən yayılan məlumatlardan çıxan qənaət budur ki, R.Həsənov korrupsiyanı standartlaşdırıb, patentləşdirib və metereologiyaya çevirib.

Adi fakt: ötən ilin fevralında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılan yoxlamalar zamanı 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb. Bunu Azərbaycan Hesablama Palatasının auditoru deyib.

Məsələn, meyvə-tərəvəz emal edən kiçik sexlərdən standartlaşdırma, metrologiya və patent üzrə ayrı-ayrılıqda lisenziya almaq tələb edilir. Hər lisenziyanın da qiyməti 1500 manatdır. Halbuki hər bir lisenziya üzrə dövlət rüsumu 120 manatdan çox deyil.

Mətbuat yazıb ki, cəmi 3 ay - meyvə-tərəvəz mövsümündə intensiv işləyən müəssisələr üçün bu çox böyük məbləğdir və əksər müəssisə sahibləri bu yükün altına girmək istəmir. Ramiz Həsənov bu vəzifəyə təyin olunduqdan sonra, yəni 2005-ci ildən başlayaraq qurumun ciddi təzyiqi ilə üzləşiblər.

Şərhlər

XƏBƏR LENTİ