SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıdakı bu restoranlarda tütün qadağasına məhəl qoyulmur - fotofakt

Bakıdakı bu restoranlarda tütün qadağasına məhəl qoyulmur - fotofakt

Tarix:

7-01-2018, 13:28

/ 1 716 dəfə oxundu.
Bakıdakı bu restoranlarda tütün qadağasına məhəl qoyulmur - fotofakt

Bir çoxları yeni qanunun tələblərinə əməl etmir
Ötən ilin dekabr ayının 29-da Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. İmzalanan qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Ölkə ərazisində tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə qapalı məkanlarda, bir sıra ictimai yerlərdə tütündən istifadə edilməsi qadağan olunub.
Tütün məmulatlarının istifadəsinə qoyulan qadağalardan sonra paytaxt Bakıda vəziyyət necədir? Restoran və kafe sahibləri bu qanundan sonra bir nəticə çıxarıbmı?
“Yeni Müsavat” qəzetinin müxbiri Bakıdakı restoran və kafelərdə olub, oradakı vəziyyətlə maraqlanıb. Yolumuzu paytaxt sakinlərinin ən çox toplaşdığı, istirahət üçün üz tutduğu “İçərişəhər”dən saldıq.
Öncə Qız Qalası ətrafında yerləşən, restoran xidməti göstərən məkanlara baş çəkdik. Ərazidə olduğumuz zaman öyrəndik ki, həmin ətrafda insanların ən çox axın etdiyi “Çay bağı-145" adlanan restorandır. Xaricdən baxdıqda müştəriyə xoş görünsə də, əslində mənzərə bir başqadır. Restoranın qapısını açıb içəriyə daxil olan zaman ”tüstülü mənzərə"nin şahidi olduq. Tütün qoxusu restoranın girişindəcə hiss olunur. Pilləkənlə yuxarı qalxdıqca siqaret və qəlyan iyindən adamın başı dumanlanır. 4 mərtəbədən ibarət olan restoranın əvvəlcə ikinci mərtəbəsindəki vəziyyəti müşahidə etdik.
Təqribən 60 kvadratmetrlik yerdə 30-a yaxın müştəri var idi. Onların arasında ailələr də gözə dəyirdi. Bir masa ətrafında əyləşən 10-a yaxın gəncin çəkdiyi qəlyanın tüstüsü hər tərəfi bürümüşdü.
Restoranda olduğumuz zaman bir məqamın da şahidi olduq. Müştərilərin sifariş verdiyi qəlyanlar restoranın birinci mərtəbəsində hazırlanır. Ofisiantlar qəlyanları aşağı mərtəbədə alışdıraraq, tüstülədə-tüstülədə 4-cü mərtəbəyə qaldırırlar. Dəhlizləri bürüyən tütün qoxusundan nəfəs kəsilir.
Müştəri qismində restoranın inzibatçısına yaxınlaşıb, siqaret və qəlyan çəkilməyən bir yerdə əyləşmək istədiyimizi bildirdik. Lakin inzibatçı hazırda belə bir otağın olmadığını bildirdi. Yalnız günorta saatlarında mümkün olduğunu dedi: “Bu saatlarda müştərilər çox olur. Ümumiyyətlə buraya gələnlər ya qəlyan, ya da siqaret çəkir. Biz onlara bunu qadağan edə bilmərik. Günorta saatlarında bir qədər sakitçilik olur. Yalnız saat 18:00-a qədər mümkün ola bilər. Həmin saatlarda gəlsəniz bəlkə yer taparıq”.
Tütün məmulatlarının qapalı məkanlarda istifadə qadağasını onların nəzərinə çatdırsaq da, “bura Azərbaycandır” deyib, bizi yol saldılar.
Növbəti baş çəkdiyimiz məkan “Art Garden” restoranı oldu. Burada fərqli vəziyyətin şahidi olduq. Bu məkan bir böyük zaldan və bir neçə kiçik otaqdan ibarətdir. Ərazidə olduğumuz zaman restoranda əyləşən müştərilərin siqaret və yaxud qəlyan çəkdiyini müşahidə etmədik. Restorana məsul şəxs tütün məmulatlarının qadağasından sonra xüsusi yerlər ayrıldığını bildirdi: “Bizim restoran ailəvidir. Böyük zalda ümumiyyətlə siqaret və yaxud qəlyan çəkilmir. Lakin bunun üçün xüsusi otaqlarımız mövcuddur ki, orada qəlyan və siqaret çəkməyə icazə var”.
“İçərişəhər”də bir neçə kafelərə də baş çəkdik. “Təndir” adlanan kafenin işçiləri də yeni qadağalardan xəbərdar olduqlarını bildirdilər: “Əvvəllər kafedə tütündən istifadə edilib. Lakin yeni qadağalardan sonra müştərinin siqaret çəkməsinə icazə vermirik. Çünki bilirik ki, bunun üçün cərimələnə bilərik. Səhv etmirəmsə, qanunda 400 manat nəzərdə tutulub”.
Kiçik araşdırmamızdan sonra belə qənaətə gəldik ki, bəzi restoran sahibləri qadağalara məhəl qoymayaraq insanları qapalı məkanlarda tütün tüstüsündə boğurlar...
Deputat Zahid Oruc tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına belə münasibət bildirdi: “Bu tələblərə əməl etmək insanların öz sağlamlığına, qanunlara, ictimai mədəniyyətə olan münasibəti kimi başa düşülür. Ancaq burada dərhal günahlandırma tərəfində deyiləm. Çünki bu praktika bizdə yeni formalaşmağa başlayıb. Qanunvericilik aktında həmin məsələlər müzakirə olunanda parlamentdə belə ehtimallar çox irəli sürülüb”.
Z.Oruc qadağalara riayət edilməsi üçün müəyyən zamana ehtiyac olduğunu və bunu bir mədəniyyət hadisəsi kimi formalaşdırmağın vacibliyini vurğuladı:

“Nə üçün azərbaycanlılar misal üçün Almaniyada, Belçikada qeyd etdiyiniz məkanlarda siqareti çəkməyə cəhd göstərmirlər?

Təkcə ona görə yox ki, cərimələr həddindən artıq bahadır. Düşünürəm ki, hər kəs həmin yerin ictimai qaydasına uyğun hərəkət edir. Qanunlar çox pozulduğu halda adamlar hesab edir ki, onu gözləmədən də keçmək olar. Belə bir şəraitdə biz siqaretin coğrafi meydanının daraldılması uğrunda mübarizəyə başlamışıq. Bunu bir milli məsələyə çevirmək çox çətin olacaq. Siqaret onlara kömək edir, hansısa dərdlərini unutdurur, məişət, sosial-ictimai qayğılarının keçməyinə kömək edir və sairə. Yəni onlarda belə bir anlayış var. Ona görə də təbliğati işlərimizi bu yöndə güclü şəkildə aparmalıyıq. Bu məsələdə medianın rolu da xüsusi vacibdir. Mən özüm də bu cür məkanlarda olan zaman siqaret çəkən şəxsə öz iradımı insani dillə çatdırmağa çalışıram. Reaksiyalar isə müxtəlif olur. Həmin şəxs özünü könüllü göstərsə də, guya bunu qəbul elədi, amma mahiyyətdə müqavimət güclüdür. Sanki onlar siqareti özlərinin oksigen balonuna çeviriblər və həyatlarının ayrılmaz bir hissəsidir".
Bakıdakı bu restoranlarda tütün qadağasına məhəl qoyulmur - fotofakt
Bakıdakı bu restoranlarda tütün qadağasına məhəl qoyulmur - fotofakt
Bakıdakı bu restoranlarda tütün qadağasına məhəl qoyulmur - fotofakt
Bakıdakı bu restoranlarda tütün qadağasına məhəl qoyulmur - fotofakt
Bakıdakı bu restoranlarda tütün qadağasına məhəl qoyulmur - fotofakt
Bakıdakı bu restoranlarda tütün qadağasına məhəl qoyulmur - fotofakt

Şərhlər

XƏBƏR LENTİ