XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Qala qəsəbəsinin sakinləri yolu bağladılar: “İşığımız yanmır” – FOTOLAR

Qala qəsəbəsinin sakinləri yolu bağladılar: “İşığımız yanmır” – FOTOLAR

Qala qəsəbəsinin sakinləri yolu bağladılar: “İşığımız yanmır” – FOTOLAR
21-12-2017, 18:31

Xəzər rayonu, Qala qəsəbəsi, Xasaxuna bağ massivinin sakinləri küçəyə çıxaraq, avtomobil yolunu bağlayıb, etiraz aksiyası keçiriblər.
50-dən çox sakinin küçəyə çıxaraq yolu bağlamasının səbəbi, günlərdir ki, massivdə yaşanan elektrik problemidir.
Məsələ ilə bağlı saytımıza məlumat verən Xasaxuna bağ massivinin sakinləri, bildiriblər ki, iki həftədən çoxdur ki, ərazidə elektrikin verilməsində problem yaşanır: “Üç həftəyə yaxındır ki, işıqları söndürürdülər. Gündüz cəmi bir neçə saat işıq olurdu. Gecə saatlarında isə ümumiyyətlə, işıq üzü görmürdük. Dekabrın 18-də isə gün yarıma qədər işıq olmadı. Camaat qışın günündə soyuqdan donur. İşıq idarəsindən isə bizə konkret bir söz deyilmir. Ona görə də, küçəyə çıxmağa məcbur qaldıq. 70-ə yaxın sakin küçəyə çıxıb yolu bağladı. Çünki başqa çıxış yolumuz yoxdur. Biz kiməsə, nəyəsə etiraz etmirik. Yəni məsələni siyasi tərəfə yozmasınlar. Biz sadəcə olaraq işığımız yanmadığı, şəraitsiz vəziyyətdə qaldığımız üçün yolu bağladıq ki, bəlkə bir səlahiyyətli şəxs ortaya çıxıb, nə baş verdiyini anladar”.
Sakinlər bildiriblər ki, onlar yolu bağladıqdan sonra “Azərişıq” nümayəndələrindən bir şəxs gələrək, problemi araşdırdıqlarını bildirdi: “Heç bilmədik ki, gələn şəxs kim idi. Camaata bildirdilər ki, problemin nədən qaynaqlandığını araşdırırlar. Yəni konkret olaraq deyilmədi ki, nə üçün elektrik kəsilir. Dekabrın 20-də yenə də gündüz saatlarında elektrikin verilməsində fasilə yaranıb. Yenə də kimsə ortaya çıxıb, məsələyə aydınlıq gətirmir”.
Sakinlər onu da qeyd etdilər ki, təxminən 3 həftə öncə də elektrikin verilməsində uzun fasilələr yaranıb. Həmin zaman da küçələrə çıxaraq, yolu bağlayıblar. Həmin zamandan etibarən isə problem öz həllini tapmayıb. Onlar qeyd ediblər ki, əgər problem həll edilməsə yenə də yolu bağlayaraq, öz etirazlarını bildirəcəklər.
Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, hazırda ərazidə elektrik xətləri yenilənir. Ona görə də elektrikin verilməsində müəyyən fasilə yaşanır.
T.Mustafayev onu da qeyd etdi ki, artıq görülən işlər yekunlaşmaq üzrədir: “Bu gün görülən işlər yekunlaşdırılacaq. Daha sonra isə elektrikin verilməsində hansısa problem olmayacaq”.

Musavat.com
Qala qəsəbəsinin sakinləri yolu bağladılar: “İşığımız yanmır” – FOTOLAR
Qala qəsəbəsinin sakinləri yolu bağladılar: “İşığımız yanmır” – FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.