XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Cavid Qurbanov bunları BİLİRMİ? - GİLEY

Cavid Qurbanov bunları BİLİRMİ? - GİLEY

Cavid Qurbanov bunları BİLİRMİ? - GİLEY
14-12-2017, 10:16

Qatar sərnişinlər üçün ən rahat və təhlükəsiz nəqliyyat vasitəsi hesab edilir. Bir zamanlar bədii ədəbiyyatda "qatarla uzun səyahət"in xüsusi romantikası əksini tapardı. "Bu dünyadan qatarlar keçər" adlı hekayəni oxuyar, "Qatarda" tamaşasına baxar, "Bu qatarın dalınca baxma" mahnısı dinləyərdik.
Şairlərin, yazıçıların, rejissorların və digər yaradıcılıqla məşğul olan insanların, bir növ ilham mənbəyi idi qatarlar. Bu mənada, qatarı həm də müsahibim Elçin Əliyevin dili ilə desək, "romantik nəqliyyat növü" də adlandıra bilərik.
Təəssüf ki, Bakı-Balakən qatarı ilə yol gedən sərnişinlər qatarın bütün romantikasından məhrumdurlar.
Sputnik Azərbaycan-ın müsahibi, rejissor Elçin Əliyev deyir ki, həmişə filmlərdə qatar səhnələri görəndə nə vaxtsa qatarda film çəkəcəyini düşünürmüş: "Bir dəfə Bakı-Balakən sərnişin qatarı ilə Qaxa gedəndə bütün xəyallarım alt-üst oldu. Həmin qatarda romantik film yox, tragikomediya çəkmək olardı".
Onun sözlərinə görə, sərnişinlərə göstərilən xidmət səviyyəsi olduqca zəifdir: "Xarici ölkələrdə qatarlar "Wi-Fi"la təmin olunub. Sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılır. Bakı-Balakən sərnişin qatarında isə düşmək üçün dəqiqələri sayırdım".
"Nəzərə alsaq ki, həmin ərazi turistlərin ən çox axın etdiyi bölgədir, o zaman "Azərbaycan Dəmir Yolları" QSC həmin qatarlara diqqət ayırmalıdır. Çünki hər kəsin şəxsi avtomobili yoxdur. Deyilənə görə, kupe və SV plaskarta nisbətən yaxşı vəziyyətdədir. Amma hər kəsin də kupe və ya SV ilə getməyə imkanı çatmır" — deyə E.Əliyev bildirib.
Müsahibimin qeyd etdiyi qatarlar əsl cəhənnəmi xatırladır. Qışda qatarlarda istilik həddindən artıq verilir ki, bu da sərnişinləri ən çox narahat edən problemlərdən biridir.
Balakən sakini Ruhiyyə Süleymanova da şikayət edənlər sırasındadır: "Maddi durumumla bağlı həmişə plaskart tipli qatardan istifadə etmək məcburiyyətində qalıram. Bu qatarlarla yol gedənlər cəhənnəmi bu dünyada görürlər".
"Özüm hicablı qadınam. Hicabımı aça bilmirəm. Hər dəfə o yolu necə gedib-gəldiyimi bir Allah bilir. Yenə kişilər hər stansiyada qatar dayananda çölə çıxıb hava ala bilirlər. Qadınlar, körpələr isə istidən qovrulurlar. İçəridə havasızlıqdan nəfəs almaq mümkün olmur" — qadən danışır.
Ruhiyyə xanım bildirir ki, mövcud problemi dəmiryol əməkdaşlarına bildirsə də, problem aradan qaldırılmayıb: "Yayda da, qışda da eyni problem yaşanır. Yayda kondisionerlər işləmir, istidən, üfunətdən az qalır ürəyimiz dayansın. Qışda isə daş kömür sobasını qalayırlar, bələdçilər gecə durub sobaya daş kömür atmağa tənbəllik etdiklərindən sobanı birdəfəlik kömürlə doldururlar. O da möhkəm qızır və vaqonlardakı havanı qurudur".
"Gözümün qabağında neçə insanın halı pisləşib. Üstəlik bəzi vaqonlarda nəfəsliklər açılmır. Bununla bağlı neçə dəfə bələdçilərə şikayət etsəm də, "bizlik deyil", "icazəmiz yoxdur", "nəfəslik açılmır" deyib ötürlər" — deyə Balakən sakini bildirir.
Şəki rayon sakini Kamran Meydanəliyev isə bələdçilərdən şikayətçidir: "Tələbə olduğuma görə plaskart tipli vaqondan tez-tez istifadə edirəm. Başa düşə bilmirəm ki, həmin qatarlarda çalışan xanımları necə işə götürüblər. Qadınlar sərnişinlərlə çox kobud və qaba davranırlar. Etirazını bildirəndə də "siz bilirsiz, biz buradan neçə manat maaş alırıq?" deyə sərnişinlərə normal xidmət göstərməmələrini maaşlarının azlığı ilə əlaqələndirirlər. Əvvəllər qatarlarda gediş haqqı indikindən az idi. Qiymətlər qalxdı, sərnişinlərə xidmət və vaqonun vəziyyəti isə əvvəlki kimidir".
K.Meydanəliyev Bakı-Balakən qatarındakı problemlə bağlı birbaşa "Azərbaycan Dəmir Yolları" QSC-ə şikayət etdiyini də deyib: "Bir neçə dəfə baş idarəyə şikayət etdim, vəziyyətə etirazımı bildirdim. Hətta bir dəfə mənim şikayət etdiyim bələdçi qadını yox, tamamilə başqasını işdən xaric etdilər. Necə deyərlər, "qurunun oduna yaş yandı". Problemlər isə yerində sayır".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.