XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » DYP-nin Nəvai postunda qulağı əvvəl kəsib sonra soyurlar-FOTOLAR

DYP-nin Nəvai postunda qulağı əvvəl kəsib sonra soyurlar-FOTOLAR

DYP-nin Nəvai postunda qulağı əvvəl kəsib sonra soyurlar-FOTOLAR
28-11-2017, 16:20

Tərəqqipərvər KİV olan”RealMedia.az” yol polisinin fəaliyyətində təqdirəlayiq cəhətləri həmişə görüb alqışlamış və oxucularına da göstərmişdir. Əminliklə qeyd edə bilərik ki, Daxili İşlər Nazirliyinin (DİN) bütün strukturları ilə, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsi ilə etibarlı tərəf müqabili olmağa çalışmışıq və münasibətlərimiz faydalı əməkdaşlıq əsasında qurulub. Lakin bu, elə başa düşülməməlidir ki, DYP əməkdaşlarının işində rast gəldiyimiz neqativ hallara göz yummalıyıq. ƏIləlxüsus da özümüzün işimizi axsadan hallara.
Söhbətə kiçik bir pritça ilə başlamaq istəyirəm: Meşədə dovşan qaçır və qaça-qaça qışqırır ki, ey meşə sakinləri, qaçın canınızı qurtarın, bəs qulaqkəsənlər gəlir. Təhlükənin nə dərəcədə real olduğunu öyrənməyə çalışan digər heyvanlar onu saxlayıb sorğu-suala tuturlar: “Qaçma dayan, a dovşan. Başa sal görək kim kəsir, niyə kəsir”. Dovşan cavab verir ki, bəs üç qulaqlı heyvanların bir qulağını kəsirlər. Soruşurlar ki, axı sənin qulaqların ikidir, nədən qorxursan. Deyir: “Niyə qorxmayım? Məsələ bundadı ki, əvvəl qulağı kəsirlər, sonra sayırlar”. Paytaxtdan rayona gedəndə bu sətirlərin müəllifi şahidi olmuşdur ki, DYP-nin Nəvai stasionar postunda xidmət edən kapitan rütbəli polis zabit də “qulaqkəsmə” əməliyyatı ilə məşğuldur. Qanun – qaydanı, hüquqlarımı bilməyim səbəbindən “qulağımı” onun “qayçısından” qoruya bildim. Avtomobilimi saxlatdırıb sənədlərimi istədi.
Sənədləri təqdim edib nəyə görə saxlatdırdığını soruşdum. Sənədi əlinə alan kimi maşından aralanıb posta doğru irəliləməyə başladı. Bəlli taktikadır – bilir ki, sürücü sənədsiz gedə bilməz, necə deyərlər, “quzu balası kimi” arxasınca düşüb “dil-ağız” eləməlidir. Mənsə ona yol hərəkəti qaydasını pozmadığımı, maşının üzərində həbs və ya borc olmadığını bildirdim, soruşdum ki, bəlkə reyd keçirilir, o çərçivədə avtomobilləri saxlatdırır.

Aramızda belə bir dialoq oldu:

– Ardımca gəl posta, kompüterə baxaq görək “radarın” var, ya yox”

– Azı “radarım” olsaydı, MMX protokolu ünvanıma gələrdi

– Bəlkə ünvanını dəyişmisən, ona görə çatdırılmayıb.

– Ünvan dəyişməmişəm. Hətta elə olsa belə, o hal üçün də yol polisinin görməli olduğu tədbirlər var. Məni ünvanımda tapmaq cəhdləri uğursuz alınandan sonra məhkəməyə verilməliyəm, barəmdə qərar çıxarılmalıdır. Elə bir qərar var əlinizdə? Bu sualım cavabsız qaldı. İlk əvvəl düşündüm ki, bəlkə bu sıradışı yoxlama mənim peşə fəaliyyətimlə bağlıdır, birdən tənqid etdiyim məmurlar mənə təzyiq göstərmək üçün yol polisindən istifadə edərlər. Elə oradaca mobil telefonla BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran müəllimə zəng vurub kapitanın da eşidə biləcəyi səslə hadisəni nəql elədim. Bildirdim ki, heç bir qayda pozuntusuna yol verməmişəm, amma məni əvvəlcə saxlayıb sonra səbəb axtarırlar. Biz jurnalistlərin özümüzə “bir köynək yaxın” bildiyimiz Kamran müəllimə həmçinin xatırlatma verdim ki, DYP-nin sözçüsü olaraq vaxtaşırı efirə çıxıb yol polisinin, hərəkət iştirakçılarının hüquq və vəzifələrini ictimaiyyətə çatdırırsınız; amma rastlaşdığım polis kapitanı kimi DYP əməkdaşları sizin təbliğ etdiklərinizi heçə endirir. Kamran müəllim məni dinlədi, məsələni araşdıracağını vəd etdi. Kənardan baş verənləri müşahidə edən kapitan yəqin ki məni “demaqoq adama oxşatdığından”, yaxınlaşıb sənədlərimi özümə qaytardı: “Gedə bilərsiz müəllim, hər şey qaydasındadır”.

Maraqlıdır, Nəvai postunda heç iri tonnajlı yük maşınları belə sərt münasibət görmürlər. Deməli, yüngül minik avtomobillərini də saxlatdırıb sürücünün vaxtını alırlar, o da əgər harasa tələsirsə, postda itirdiyi vaxtı kompensasiya eləmək üçün sürəti artırmağa məcbur olur və sonrakı radarlara “ilişir”.
Bildiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən sizin qayda pozmağınız xüsusi texnik vasitəsilə müəyyən edilibsə və o, 1 ay ərzində elektron kabinetdə yerləşdirilməyibsə, sizi inzibati məsuliyyətə cəlb edə bilməzlər. Əgər sürücü elektron kabinet yaratmayıbsa, başqa bütün mümkün üsullarla xəbərdar edilməlidir. İXM-nin 125-ci maddəsində deyilir: “İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Deməli, sizin ünvanınıza məktub gəlməsi mütləqdir. Məktub göndərilmədən cərimənin sistemə vurulması mümkünsüzdür. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair Təlimat”da göstərilib ki, sənəd ünvana göndəriləndə onun haqqında mütləq qeydiyyat aparılmalıdır – sənəd hara gedib, kim qəbul edib və s. Əgər təlimatda göstərildiyi kimi sənəd göndərilməyibsə və cəriməni sənəd göndərilmədən sistemə vurublarsa, o protokolu ləğv etdirə və ödəməyə bilərsiniz. Əlbəttə, bütün bu qeyd olunanları haqqında söz açdığım polis kapitanı bilir, amma bununla belə görünür, onunçün “qulaq saymaq” deyil, “qulaq kəsmək” daha maraqlı olduğundan, özünü bilməməzliyə vurur və ümid edir ki, sürücü də öz hüquqlarını bilməyəcək, məcbur olub onun “qılıncının altından keçəcək”.
İnanmaq istəyirik ki, BDYPİ-nin rəisi çox hörmətli generalımız Ramiz Zeynalov yol polisinin sıralarının “qulaqkəsənlərdən” təmizlənməsi üçün həyata keçirilən tədbirlərin təsirinin artırılaraq sürətləndirilməsi barədə bütün tabeli struktur vahidlərinə göstəriş verəcəkdir.

Ramin Məhəmmədoğlu
DYP-nin Nəvai postunda qulağı əvvəl kəsib sonra soyurlar-FOTOLAR
DYP-nin Nəvai postunda qulağı əvvəl kəsib sonra soyurlar-FOTOLAR
DYP-nin Nəvai postunda qulağı əvvəl kəsib sonra soyurlar-FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.