SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şamaxı astronomu ilə astroloqlar arasında “ulduz davası”

Şamaxı astronomu ilə astroloqlar arasında “ulduz davası”

Tarix:

24-11-2017, 10:57

/ 1 848 dəfə oxundu.
Şamaxı astronomu ilə astroloqlar arasında “ulduz davası”

Ulduzların düzümünün insanın günündən, taleyindən xəbər verməsi hələ ta qədimlərdən mövcud olub. Hətta bəzi xanların sarayında hökmən bir astroloq olardı. O, ulduzlara baxar və nələr ola biləcəyi barədə xana xəbərlər verərdi. Müasir dövrümüzdə də astrologiya elmi yaşayır və ulduz falı insanların ən çox maraq sahəsinə uyğun olan sahələrdən biridir. Bürclər, onların xüsusiyyətləri, taleləri hər zaman hamının marağında olub.
Hətta gününü məhz bürcünün günlük proqnozuna uyğun təyin edənlər, bürclərinin uyğun gəlmədiyi yazılırsa, ailə qurmaqdan çəkinənlər belə var. Hazırda da bürclərin gündəlik ulduz falı mətbuatda oxunma sayına görə həmişə qabaqda olub. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov modern.az-a açıqlamasında bildirib ki, astroloqların hamısı cəfəngiyyat danışır və astrologiyanın qaynağı təsadüfi deyilmiş fikirlərdir: “Astronomiya elminin nə vəziyyətdə olduğunu sizə gözəl izah edə bilərəm. Amma astrologiya ilə məşğul olmaq üçün bizim nə vaxtımız, nə də həvəsimiz var. Çünki bu, elm sahəsi deyil. Düzdür, astrologiyanın qədim tarixi var. İnsanlarda da həmişə kainata, göylərdə nələrin baş verməsinə maraq olub. Elm ətrafı bir qurum yaranır və onun adları, təbəqələri də çoxdur. Onlardan biri də astrologiyadır. Astrologiya ilə astronomiya tamamilə başqa-başqa şeylərdir. Astronomiya elmi faktlara, sübutlara, eksperimentlərə, müşahidələrə əsaslanır. Astrologiyanın qaynağı isə təsadüfi deyilən fikirlərdir: kim, hansı bürcün altında doğulub və bu, onun taleyinə necə təsir göstərəcək. Çox vaxt proqnozlar yalan çıxanda ona fikir vermirlər. Təsadüfən düz çıxanda isə astroloqlar hay-küy salırlar ki, biz dedik və belə də oldu. Azərbaycanda yəqin ki, astrologiyanın vəziyyəti çox bərbad haldadır. Çünki onlar heç bir elmi fakta söykənmədən deyirlər ki, insan bu bürcün altında doğulubsa, belə olacaq, elə olacaq... Bunun əsası yoxdur axı...”
N.Cəlilov qeyd edib ki, ulduzların insanların taleyinə təsir etməsi fikri tamamilə cəfəngiyyatdır: “Dünən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına Rusiyadan kosmonavt gəlmişdi. Ona sual verdilər ki, biz yerdən baxanda ulduzları, bürcləri görürük, bəs kosmosdan necə görünür? Rusiyalı kosmonavt bildirdi ki, Yerin atmosferindən kənara çıxandan sonra görünən ulduzların sayı çoxalır. Yaxud bizə məlum olan hansısa bürc tamamilə yoxa çıxır. Yəni ulduzlar tamamilə qarışıq vəziyyətdədir. Yerdə isə atmosfer süzgəc rolu oynadığından biz ən parlaq ulduzları görürük. Halbuki bunun arxasında görmədiyimiz milyonlarla ulduzlar var. Atmosferdən yuxarı qalxdıqca bürclər itib-batır. Ona görə də ulduzların insanların taleyinə təsir etməsi tamamilə cəfəngiyyatdır. Astrologiyanın adını qəsdən astronomiya elminin adına uyğun qoyublar ki, insanları bu yolla aldada bilsinlər”.
Astoroloqlar isə N.Cəlilovun fikirlərinini “savadsız və bu sahədən xəbərsiz insanın fikirləri” olduğunu bildiriblər. Astroloq Səbuhi Rəhimli bildirdi ki, astrologiya haqqında bir dənə elmi kitab oxumayan insanın bu barədə danışmağa haqqı ola bilməz: “Deyib ki, astrologiyanın qaynağı təsadüfi fikirlərdir. Axı bu qədər təsadüfi fikir olmaz. Şəxsən mən hər il 25 proqnoz verirəm, onun ən azı 23-ü özünü doğrulur. Bəzən proqnozlarımızı oxuyanlar deyir yox, belə bir şey mümkün deyil. Amma nəticədə görürlər ki, biz deyən oldu. O, astrofizikdir, planetin kütləsini, ölçüsünü, tərkibini öyrənsin. Onların işi odur. Onlar nəyəsə 3-4 gün qalmış hesablayırlar, amma mən gələn il ay, gün tutulması nə vaxt olacaq dəqiqəsinə qədər deyirəm. Bunun nəyi xurafatdır, cəfəngiyyatdır?! Bilmədiyi işləri danışırlar. Gah deyirlər 13-cü bürc var. Əgər Günəş 13-cü bürcdən keçirsə, niyə hesablamalarınızı etmirsiniz? Yazdıqlarımızın bir sətrini belə oxumadan deyirlər gündə bir astroloq çıxır. Artıq 20 ildir ki, mən ”Yeni Müsavat"a bürc proqnozlarını yazıram və bunu ciddi simalar da oxuyur. 38 kitab yazmışam, birini oxumayıblar, danışırlar. Kimsə özünü astroloq sayır, biri fala baxır, biri ekstrasensəm deyib astroloq kimi özünü göstərir. Onun bizə heç bir aidiyyəti yoxdur. Falçılıqla astrologiyanı qarışdırmamaq üçün bir az savadlı olmaq kifayətdir. Dində deyilir ki, insan özünü dərk edə bilməz, astrologiya isə bunun əksini deyir. Qurani-Kərimdə astrologiyanı inkar edən bircə ayə də yoxdur, amma təsdiqləyən ayələr var. “Vaqiə” surəsində deyilir: “And olsun ulduzların bürclərdəki mənzillərinə! Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz”. Materialist dünyagörüşünə malik alimlər, hətta bəzi din adamları isə guya bürclərin, sadəcə, göy üzünü bəzəməsi üçün yaradıldığını söyləyirlər. Buyurub “bürclərdəki mənzil” ifadəsini açsınlar. “Nur” və “Qəmər” surələrində də astrologiyanı dəstəkləyən ayələr var. Bu gün Azərbaycanda 2 astroloq var - mən və Firudin Qurbansoy. Mən şəxsən öz dediklərimə cavabdehəm".
Digər astroloq Firudin Qurbansoy bu cür danışanların savadlarının olmadığını dedi: “Əvvəlcə gedib öz ixtisaslarını öyrənsinlər, sonra danışsınlar. Axı durub ağzına gələni danışmağın yeri yoxdur. Sadəcə olaraq, bu cür danışmaq savadsızlıqdır”.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ