SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt şəhər 11 №li tam orta məktəbin müəllimi Təhsil Nazirliyini ittiham etdi

Sumqayıt şəhər 11 №li tam orta məktəbin müəllimi Təhsil Nazirliyini ittiham etdi

Tarix:

22-11-2017, 11:27

/ 4 266 dəfə oxundu.
Sumqayıt şəhər 11 №li tam orta məktəbin müəllimi Təhsil Nazirliyini ittiham etdi

Azərbaycan Respublikasının Prezidenti
Hörmətli İlham Əliyev Cənablarına
Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Hesablama Palatasının sədri cənab V. Gülməmmədova
Surəti: Təhsil Naziri M.Cabbarova

Şikayətim, Təhsil Nazirliyində korrupsiyaya qurşanan, dövlət büdcəsindən talamalara yol verən bəzi məmurların Azərbaycan Respublikasının Qanunlarına məhəl qoymayan, Prezidentin Sərəncamlarına qarşı çıxan nazirliyin bəzi yüksək vəzifəli əməkdaşlarındandır.
Mən 2010-cu ildən Sumqayıt şəhər 11 №li tam orta məktəbin inklüziv təhsil üzrə tərbiyəçi müəllim köməkçisi vəzifəsində işləyirəm.
İnklüziv təhsilin mahiyyəti sağlamlıq imkanları məhdud şəxslərin sağlam uşaqlarla birgə təhsil almasıdır.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında” Qanun Azərbaycan Respublikasını Prezidenti, Ulu Öndərimiz Heydər Əliyevin 19.07.2001-ci il 540 №li Fərmanı əsasında qəbul edilib.
Heydər Əliyev siyasətini uğurla davam etdirən Möhtərəm İlham Əliyev Cənabları inklüziv təhsilin daha da inkişaf etdirilməsi üçün müxtəlif Sərəncamlar, Fərmanlar imzalamışdır.
Prezidentin 19.01.2015-ci il tarixli 995-№li Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planının” nın 1.4 bəndinə əsasən Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyinə 2015-2023-cü illərdə sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması tapşırılmışdır.
Lakin Təhsil Nazirliyinin bəzi özbaşına məmurları Prezidentin bu Sərəncamını görməzdən gələrək inklüziv layihənin 2005-cu ildən bitməsi barədə savadsız, gülünc iddialara başladılar. Bəzi savadsızlara izah edə bilmirəm ki, Layihə necə 2009-cu ildə bitib ki, mən 2010-cu ildə bu layihəyə işə qəbul edilmişəm. 2017-ci ilin 25 avqust ayına kimi mənə əmək haqqı ödənilib. Layihənin 2009-cu ildə bitməsini yatıb-yatıb 7 ildən sonra “aşkar” edənlərin Cənab Prezidentin Sərəncamlarından, Fərmanlarından xəbəri yoxdur ?
Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsi illərdir hara baxıb?
30.09.2017-ci il tarixində Təhsil Naziri Mikayıl Cabbarov Sumqayıt şəhərində çoxsaylı vətəndaşları o cümlədən məni də qəbul etdi. Sumqayıt şəhər 11 №li məktəbdə sağlamlıq imkanları məhdud 70 nəfərə yaxın şagirdin təhsil aldığını, yaranan problemlə bağlı onların nəzarətsiz qalmaları barədə məlumat verib, problemin həllini şəxsən Cənab Nazirdən xahiş etdim.
Məndən savayı, məktəbin çoxsaylı valideynləri adından xüsusi qayğıya ehtiyacı olan şagirdimizi valideyni ilə birgə qəbul etdi. Nazirin köməkçisi həmin şagirdlə xatirə fotosu da çəkdirdi. (əlavə edilir)
Cənab nazir bu problemin yaxın zamanda həll ediləcəyini bəyan etdi.
Lakin bir neçə gün bundan əvvəl mənə bildirdilər ki, “Təhsil Nazirliyinin tələbi ilə başqa işə keçmək üçün ərizə yazmasan, sənin işdənçıxma əmrin veriləcək”
Təhsil Naziri mənə və çoxsaylı valideynlər adından bir valideynə bu problem həll ediləcəyi barədə söz verib gedəndən sonra, nazirliyin tabeliyində olan hansısa özbaşna məmur kimdir və hansı cürətlə Nazirin sözündən sonra öz qanunsuzluğunu yeritmək istəyir? Üstəlik mənə təztyiq göstərib işdən çıxarmaqla hədələməyi özünə “şərəf” bilən o “şəxs” kimdir ?!
İlham Əliyev Cənabları çıxışlarında dəfələrlə dövlətimizin maliyyə probleminin olmamasını bəyan edir. Lakin təhsil nazirliyi 25.08.2017-ci il tarixindən mənim əmək haqqımı ödəmir.
Hesab edirəm ki, inklüziv layihə üçün büdcədən ayrılan vəsait vaxtından əvvəl talan edildiyi üçün bəzi qüvvələr “çıxış yolu” kimi inklüziv layihəni ləğv etməkdə tapıblar. Hansı ki, 4 №li məktəbdə bu “üsulu” tətbiq etdilər.
Övladımı tənha böyüdən ananı işdən çıxarmağı qarşısına hədəf qoyan və bunu özünə “şərəf” sayan həmin məmura bildirirəm ki, o bu qanunsuz hərəkətilə məktəbdə inklüziv təhsil alan dövlət qayğısı ilə əhatə olunan 70 nəfər şagirdi dövlət qayğısından məhrum etməklə cəmiyyətdə kütləvi narazılıqlar yaratmağa xidmət edən ünsürlərdir.
İlham Əliyev Cənablarının Sumqayıt şəhərinə xüsusi önəm verməsinin, diqqət-qayğısı sayəsində şəhərimizi sürətlə inkişaf etməkdədir.
Lakin Təhsil Nazirliyi Ölkənin bütün regionlarından fərqli olaraq, təkcə Sumqayıt şəhərində inklüziv layihəni dayandırmaqla xüsusi qayğıya ehtiyacı olan onlarla şagirdi Dövlət qayğısından məhrum etməsinə nə ad vermək olar ?!
Məni işsiz qoymaqla hədələyən ünsürlər məğlub olduqlarını həzm edə bilmirlər. Onlardan fərqli olaraq, mən Dövlət Başçımıza, onun ədalətinə güvənirəm.
Hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının imzaladığı Fərmanlara, Sərəncamlarına həmçinin Dövlət siyasətimizə qarşı çıxan Təhsil Nazirliyinin özbaşına ünsürləri barəsində tədbir görülməsini, Hesablama Palatası tərfəindən bu layihəyə ayrılan vəsaitlərin xərclənməsi yoxlanılmaqla, mənə qarşı edilən təzyiqlərə son qoyulmasını və gecikdirilmiş əmək haqlarımın ödənilməsini üçün aidiyyatı üzrə göstəriş verməyinizi Sizlərdən xahiş edirəm.
Öncədən Sizə minnətdarlığımı bildirirəm.


Hörmətlə,
Sumqayıt şəhər 11 saylı tam
orta məktəbin inklüziv təhsil üzrə
tərbiyəçi-müəllim köməkçisi: Mirzəyeva Aybəniz Qurban
21 noyabr 2017-ci il
Ünvan : Sumqayıt ş., Kotec q., 24-cü məh., ev-38A/14
Əlaqə tel.: 077 433-24-17

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ