XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ramil Usubov Moldovanın daxili işlər nazirini qəbul edib

Ramil Usubov Moldovanın daxili işlər nazirini qəbul edib

Ramil Usubov Moldovanın daxili işlər nazirini qəbul edib
16-11-2017, 13:54

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Moldovanın daxili işlər naziri Aleksandr Jizdan Daxili İşlər Nazirliyində olub
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkənin naziri arasında keçirilən görüşdə R.Usubov xalqlarımızı hər zaman möhkəm dostluq telləri bağladığını, son illər respublikalarımız arasında bütün sahələrdə dialoq və əməkdaşlığın genişlənərək yüksək səviyyəyə çatdığını, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində əlaqələrin daha da dərinləşdiyini xatırladıb.
R. Usubov Moldovalı həmkarına ölkədəki kriminogen durum barədə məlumat verib. Qeyd olunub ki, hüquqazidd əməllərə qarşı operativ tədbirlərin görülməsi, hüquq qaydasına riayət edilməsinə videonəzarətin fasiləsiz həyata keçirilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Nazirlikdə "Təhlükəsiz Şəhər" Xidmətinin, "102-Zəng Mərkəzi”nin yaradılması, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla “sahə rəisi” kimi yeni təsisatın uğurla tətbiqi ilk növbədə vətəndaş məmnunluğunun təmininə, onların müraciətlərinə operativ şəkildə reaksiya verilməsinə, həssaslıqla yanaşılmasına xidmət edir.
Aleksandr Jizdan iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini ifadə edib. Rəhbərlik etdiyi qurumun da bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirən Aleksandr Jizdan son illər Azərbaycan DİN-in Polis Akademiyasını bitirmiş 22 məzunun hazırda Moldova daxili işlər orqanlarının sıralarında uğurla xidmət etdiklərini, yüksək ixtisaslı, ali təhsilli hüquqşünas kadrların hazırlanmasında ölkəmiz tərəfindən göstərilən dəstəyin bundan sonra da davamlı olmasının onlar üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Sonda cənab Aleksandr Jizdan Azərbaycanın daxili işlər nazirini ölkəsinə rəsmi səfərə dəvət edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.