XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Dedi ki, avtoritetəm, istədiyimi versəz onları bir aya köçürərəm” - Video

“Dedi ki, avtoritetəm, istədiyimi versəz onları bir aya köçürərəm” - Video

“Dedi ki, avtoritetəm, istədiyimi versəz onları bir aya köçürərəm” - Video
25-10-2017, 11:47

Bakıda saysız-hesabsız “MTK-sakin” problemlərindən daha biri gündəmə gəlib. Nəsimi rayonu, Səməd Vurğun 69 ünvanında yerləşən binanın bir neçə sakini müraciət edərək şikayətlərini bildiriblər.

Həmin binada yaşayan Bəhri Gündüz, Səməd Mədətov və digərləri bildiriblər ki, şirkət onların binasını söküb yerində hündürmərtəbəli yeni bina tikmək istəyir və onlara da tikiləcək binadan mənzil təklif edir: “Bizə kirayə pulu verilir və buradan köçüb 2-3 il harda istəsək kirayə yaşamağımız təklif edilir, bununla razı deyilik. Tələbimiz budur ki, bina söküldükdə bizə öz adımıza çıxarışı olan mənzil verilsin, tikinti başa çatdıqdan sonra qayıdıb burada yaşayarıq. Söküntünü “Pilot İnşaat A” şirkəti həyata keçirir. Bu şirkətə etibar etmirik. Bizim binada yaşadığımız halda mənzillərini satan şəxslərin evləri sökülür, kommuniksiya xətləri dağıdılır. Biz bunun qarşısını ala bilmirik. Qonşuluğumuzdakı 71-ci binanı ağır texnika ilə zədələsələr, bizim bina da uça bilər. O binanın da içində biz yaşayırıq, həyatımıza təhlükə var. Şirkətlə aramızda imzalanacaq müqavilədə icra hakimiyyəti də tərəf kimi qol çəkməlidir.
Nazirlər Kabinetinə, Nəsimi İcra Hakimiyyətinə də müraciət etmişik. Nazirlər Kabinetində bizi qəbul edən hüquqşünas siyahıya baxdı və dedi ki, sizin binanız dövlət proqramına salınmayıb, pilot layihə deyil. Bizim binamızın sökülməsi haqda dövlətin qərarı yoxdur”.
“Pilot İnşaat A” şirkətinin hüquqşünası Fazil Ləzgiyev açıqlamasında sakinlərin iddialarına cavab verib: “Nazirlər Kabinetinin 2016-ci il 25 fevral tarixli 86 saylı qərarına əsasən Bakının 9 rayonunda, həmçinin Nəsimi rayonunda da pilot layihələr həyata keçirilir. Nəsimi rayon İcra Hakimiyyətinin 3 noyabr 2016-cı il arixli 208 saylı sərəncamına əsasən, Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən məhəllədə mövcud tikililərin sökülərək yerində yeni binaların inşa edilməsi “Pilot İnşaat A” şirkətinə həvalə edilib. Fövəqladə Hallar Nazirliyi tərəfindən də həmin binanın istismar müddətinin bitməsi ilə bağlı rəy verilib. Səməd Vurğun küçəsində yerləşən 30 mənzildən ibarət 71 saylı binanın sakinləri tam köçürülüb, 69-cu binada isə 42 mənzildən 27-i üzrə mənzilin sahibi ilə müqavilə imzalanıb. Həmin binada 8 vətəndaşa məxsus 12 mənzillə bağlı razılıq əldə olunmayıb. Onlardan biri, hüquqşünas Aydın müəllim hər kəsdən əvvəl bizim ofisə gəlib dedi ki, bu binada böyük avtoritetə malikəm, mənim istədiyimi versəniz hamını bir aya köçürərəm. Şərti də bu idi ki, özünü məxsus 58 kvadratmetrlik evinin əvəzinə 183 kvadratlıq mənzil verək. Səməd Mədətov isə dedi 50 faizdən az mənzil versəniz müqavilə imzalamıram. Biz dövlət qarşısında götürdüyümüz öhdəliyə görə sakinlərə indiki evlərindən 15 faiz artıq ölçüdə mənzil verməliyik. Şirkətimiz isə hətta 20 faiz böyük ölçüdə mənzil təklif edir. Sakinlərə verəcəyimiz mənzillər də tam təmirli olacaq. Biz müqavilə imzalayan sakinlərə 350-500 manat aylıq kirayə haqqı veririk, qalanlarına da təklif etmişik. Aydın müəllimlə bu söhbətimiz baş tutmadığı üçün o, həmin adamları toplayıb yığıncaqlar keçirməyə başladı”.
F.Ləzgiyev qeyd edib ki, müqavilələrdə rayon icra hakimiyyəti tərəf kimi çıxış etmir: “Lakin şirkətimiz icra hakimiyyəti ilə müqavilə imzalayıb və öhdəlik götürüb. Bu müqavilənin şərtlərinə görə əgər hər hansı səbəbdən tikinti işləri dayandırılsa, icra hakimiyyəti binanın tikintisini qeyd-şərtsiz olaraq başqa şirkətə həvalə edəcək. Bu barədə də sakinlərə məlumat verilib. Onların indi “kupça”lı ev tələb etməsi məntiqli deyil. Elə bir imkana malik adam tanımıram ki, 50 mənzilli bina tikib satmayıb saxlasın. Sonra da istəyəndə açarı verib desin get, yaşa. Bu, absurd təklifdir. Tikəcəyimiz binadan mənzil istəməyənlərə də evlərini bizə satmalarını təklif etmişik. Qış bulvarı, “Sovetski” kimi yerlərdə təklif olunduğu kimi biz də kvadratmetrinə 1500 manat veririk. Əlavə olaraq yalnız sənəd üzərində göstərilən ölçüyə yox, artırmasına da pul verəcəyimizi bildirmişik”.
Şirkət rəmisi bildirib ki, satılan mənzillərdə söküntünü ev sahibləri özləri edib: “Bizim şirkət o binalarda söküntü ilə məşğul olmur. Biz mənzil sahiblərinə demişik ki, nə istəyirsiz götürün. Onlar da bu işlə məşğul olan maklerlərə evlərini satıblar. Maklerlər evi söküb tullantıları satırlar. “Pilot İnşaat A”nın söküntülərə aidiyyatı yoxdur. Biz bina tam boşaldılandan sonra əraziyə texnika cəlb edəcəyik. Tam boşaldılan 71-ci binanın da ağır texnika ilə sökülməsi mümkündür”.

“Qafqazinfo”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.